18 avqust 2026 02:06
96

Premyer Liqada hakimlərlə futbolçuların danışıqları yayımlanacaq

İngiltərə Premyer Liqasında hakimlərlə futbolçular arasında baş verən danışıqların audioyazıları ilk dəfə matç yayımlarında təqdim olunacaq.

“İki sahil” xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Yenilik ötən mövsüm 6 həftə sınaqdan keçirilən RefCam sisteminin daimi tətbiqi ilə bağlıdır. Hakimlərin üzərində yerləşdirilən kamera mübahisəli epizodları fərqli rakursdan göstərməyə imkan verir.

Yeni qaydaya əsasən, hər turda 1-2 epizodun görüntüsü hakimlə futbolçular arasındakı danışıqların səsi ilə birlikdə yayımlanacaq. Audioyazı epizod başa çatdıqdan sonra həmin anın təkrarına əlavə ediləcək.

Lakin bu danışıqlar canlı yayımlanmayacaq. Həmçinin VAR-ın araşdırdığı epizodlarda hakimlərin danışıqları efirə verilməyəcək. Buna səbəb IFAB qaydalarının VAR müzakirələrinin canlı yayımlanmasına icazə verməməsidir.

Premyer Liqa isə gələcəkdə bu danışıqların canlı yayımlanmasına icazə verilməsi üçün qaydaların dəyişdirilməsinə çalışır.