18 avqust 2026 12:14
81

İsrail ordusu 1982-ci ildə Livanda həlak olmuş hərbçinin nəşini tapıb

İsrail hərbçiləri 1982-ci ildə Livandakı Sultan-Yaqub qəsəbəsi yaxınlığında Suriya ordusu ilə döyüşdə həlak olan və onilliklər ərzində itkin düşmüş hesab edilən üç hərbi qulluqçudan sonuncusunun da nəşini tapıblar.

“İki sahil” xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb.

Məlumata görə, Yehuda Katsın nəşi avqustun 18-nə keçən gecə İsrail Müdafiə Qüvvələrinin (ÇAXAL) "Mossad" kəşfiyyat xidməti ilə birgə keçirdiyi xüsusi əməliyyat nəticəsində tapılıb. Məlumatın dərc olunmasına qoyulan qadağa hərbçilər bu barədə onun yaxınlarına xəbər verdikdən sonra götürülüb.

"Ynet" qeyd edir ki, Kats Sultan-Yaqub döyüşündən sonra taleyi naməlum qalan sonuncu İsrail əsgəri idi.

Sultan-Yaqub döyüşü 44 il əvvəl, İsrailin "Qalileyaya sülh" əməliyyatı adlandırdığı Birinci Livan müharibəsinin altıncı günündə baş verib. Ərazidə İsrail və Suriya qoşunları arasında təxminən səkkiz saat davam edən döyüş nəticəsində 20 İsrail əsgəri həlak olub, onlarca insan yaralanıb, altı nəfər isə itkin düşüb.

2019-cu ildə Rusiya Sultan-Yaqub yaxınlığında itkin düşmüş İsrail tankçısı Zaxariya Baumelin nəşinin qaytarılmasına köməklik göstərmişdi. 2025-ci ildə isə İsrail hərbçiləri həmin döyüşdə həlak olmuş daha bir tankçının — Tsvi Feldmanının nəşini vətənə qaytarmağa müvəffəq olmuşdular. Netanyahunun dəftərxanası həmin ilin may ayında onun cəsədinin "Mossad" və ÇAXAL-ın birgə əməliyyatı ilə İsrail ərazisinə gətirildiyini bəyan etmişdi.