18 avqust 2026 13:22
115

Atam - mənim üçün həyat məktəbidir

Aslan Aslanovun 75 illik yubileyinə ithaf olunur

Bəzi insanlar haqqında yazmaq çətindir, çünki onların həyatını sözlərə sığışdırmaq olmur. Aslan Aslanov haqqında yazanda ilk öncə peşəkar jurnalisti, görkəmli ziyalını, tanınmış ictimai xadimi düşünürsən, mən isə bütün bunlardan əvvəl atamı düşünürəm. Onun haqqında çox şey yazıla bilər - jurnalistikadakı fəaliyyətindən, peşəkarlığından, dövlətçilik ənənələrinə sədaqətindən, Azərbaycan mediasının inkişafında gördüyü işlərdən və keçdiyi məsuliyyətli yoldan. Mən isə bu yazıda bir qədər başqa Aslan Aslanovdan danışmaq istəyirəm, mənim atamdan…

Bəzən insanın həyatında elə bir şəxsiyyət olur ki, onu yalnız gördükləri, yazdıqları, qazandıqları ilə deyil, həm də ailəsinə, övladlarına, dostlarına, həmkarlarına və ətrafındakı insanlara bəxş etdiyi mənəvi dəyərlərlə tanımaq mümkündür.

Bu gün tanınmış jurnalist və ziyalı Aslan Aslanovun 75 yaşı tamam olur. 75 il - təqvimdə sadəcə bir rəqəm deyil, bir ömür yolunun, zəhmətin, axtarışların, məsuliyyətin, sevinclərin, çətinliklərin, qələbələrin və insanlara xidmətlə keçən illərin ifadəsidir. Atamın həyatına kənardan baxanda bir qələm sahibinin, intelektual söz adamının keçdiyi uzun və zəngin yolu görmək mümkündür.

Mənim uşaqlıq yaddaşımda atamın xüsusi bir obrazı var - həmişə tələsən, daim nəyinsə ardınca gedən, telefon zənglərinə cavab verən, yazılar oxuyan, sənədlərə baxan, insanlarla görüşən, gec saatlarda belə iş haqqında düşünən bir insan... Amma bütün bu məsuliyyətli işlərin arasında evə daxil olduğu an onun üçün dünyanın ən vacib məsələsi çox sadə bir şey olurdu - övladının gündəlik qayğıları və dərsləri ilə maraqlanmaq. İllər keçdikcə başa düşdüm ki, ata olmaq yalnız övladını qorumaq deyil, həm də ona həyatın mənasını öz davranışı və düzgün həyat tərzi ilə öyrətməkdir - insanlara hörmət etməyi, sözünün arxasında durmağı, əməyi qiymətləndirməyi, çətinliklər qarşısında geri çəkilməməyi və ən əsası, hər zaman insan olaraq qalmağı.

Bu gün atam haqqında çox şey yaza bilərəm - peşə fəaliyyətindən, jurnalistikadakı xidmətlərindən, rəhbərlik etdiyi kollektivdən, yazdığı yazılardan, ictimai fəaliyyətindən. Mənim üçün Aslan Aslanovun ən böyük uğuru hansı vəzifədə çalışması, hansı titullara layiq görülməsi və hansı kürsülərdə oturması deyil, onun ən böyük uğuru mənim üçün necə ata olmasıdır, çünki insanın həqiqi böyüklüyü bəzən iş yerində deyil, evində görünür. Kənarda hamı səni işinlə və uğurlarınla tanıya bilər, amma evdə övladların səni necə xatırlayırsa, əslində insanın ən böyük portreti də elə odur. İllər keçdikcə insan atasının bəzi sözlərinin mənasını daha yaxşı anlayır, uşaqlıqda adi görünən bir cümlə sonra həyat dərsinə çevrilir. Uşaq vaxtı bəlkə də əhəmiyyət vermədiyin bir davranış sonradan sənin üçün prinsip olur, atamın mənə verdiyi ən böyük miras da elə budur - dəyərlər, insana verilən tərbiyə, öyrədilən dürüstlük, zəhmətə münasibət, insanlara hörmət və Vətənə bağlılıq.

Jurnalist üçün söz məsuliyyətdir, söz etimaddır, söz bəzən bir insanın taleyinə, cəmiyyətin düşüncəsinə, hətta bir dövrün yaddaşına təsir edə bilər. Atamın uzun illər ərzində jurnalistikaya münasibətində bunu həmişə hiss etmişəm. O, jurnalistikanı yalnız peşə kimi deyil, cəmiyyət qarşısında məsuliyyət kimi qəbul edib. Onun üçün yazmaq sadəcə məlumat çatdırmaq olmayıb, hər yazının arxasında həmişə bir mövqe, bir məsuliyyət, bir məqsəd dayanıb. Bəlkə də buna görədir ki, onun həyat yoluna nəzər salarkən mən yalnız bir jurnalistin deyil, sözə və peşəsinə sədaqətli bir insanın ömrünü görürəm.

Mənim üçün Aslan Aslanov adı yalnız tanınmış jurnalistin adı deyil, bu ad uşaqlığımın bir hissəsidir, evimdə eşidilən telefon zəngləridir, atamın gecə saatlarında belə iş başında olmasıdır, Ulu Öndər Heydər Əliyevin evimizə etdiyi zənglərin yaddaşıdır, möhtərəm Prezident İlham Əliyevin atamın əməyinə verdiyi yüksək qiymətin qürurudur. Uşaqlıq illərimdən evimizdə telefon zənglərinin xüsusi bir yeri olub, amma bəzi zənglər var idi ki, onların səsində belə bir ağırlıq hiss olunurdu. Bu gün geriyə baxanda həmin zənglərin bir qismini çox yaxşı xatırlayıram. Dahi şəxsiyyət Heydər Əliyevin atamla danışmaq üçün evimizə etdiyi telefon zəngləri. Bəzən telefon zəng çalırdı, atam dəstəyi götürürdü, danışığın məzmununu biz tam bilmirdik, çünki bu atamın peşə və dövlət işi ilə bağlı söhbətləri idi. Amma hiss edirdik ki, qarşı tərəfdə Azərbaycan dövlətinin taleyinə böyük məsuliyyətlə yanaşan şəxs Ulu Öndər Heydər Əliyev atama müəyyən tapşırıqlar verir, hansısa məsələ ilə maraqlanır, müəyyən işlərin icrası ilə bağlı məlumat alırdı. O vaxt bunların mənası mənim üçün indiki qədər aydın deyildi, illər keçdikcə, insan tarixi daha yaxşı dərk etdikcə, uşaqlıqda adi görünən bəzi səhnələrin əslində nə qədər böyük tarixi yaddaş daşıdığını anlayır. Düşünürəm ki, bizim evə gələn həmin telefon zəngləri əslində bir dövrün tarixindən gələn səslər idi, həmin zənglərdə yalnız bir jurnalistə verilən tapşırıqlar yox, dövlətçiliyimizin ən mühüm mərhələlərindən birinin nəfəsi vardı. Atamın Ümummilli Liderə münasibəti həmişə mənim üçün xüsusi olub, bu münasibətdə təkcə peşəkar ehtiram yox, dərin dövlətçilik düşüncəsi və böyük minnətdarlıq hissi vardı. Heydər Əliyev Azərbaycan tarixinin ən böyük şəxsiyyətlərindən biri olmaqla yanaşı, atamın peşə fəaliyyətində də xüsusi iz buraxmış insanlardan biridir. Mən bunu atamın söhbətlərindən, xatirələrindən, Ulu Öndərin adı çəkiləndə səsində yaranan xüsusi tonundan hiss etmişəm.

Bir övlad üçün atasının böyük şəxsiyyətlərlə münasibətlərinin şahidi olması özü böyük məktəbdir, mənim üçün isə bu, həm də məsuliyyət hissidir, çünki atamın həyatında çox mühüm şəxsiyyətlərlə bağlı xatirələr var və illər keçdikcə başa düşürəm ki, bizim ailənin yaddaşının bir hissəsinə çevrilən bu əziz xatirələr qiymətli sərvətdir.

Bu gün atamın müxtəlif illərdə yüksək dövlət ordenləri ilə təltif olunmasına baxanda məndə xüsusi bir qürur hissi yaranır, çünki bu təltiflər bir ömrə verilən qiymətin rəmzidir, bir insanın illərlə gördüyü işə, dövlətə və cəmiyyətə xidmətinə verilən yüksək dəyərin ifadəsidir. Ulu Öndər Heydər Əliyevin və möhtərəm Prezident İlham Əliyevin atamın əməyini yüksək dövlət təltifləri ilə qiymətləndirməsi bizim ailə üçün böyük fəxarət mənbəyidir. Mən bu təltiflərə yalnız oğul gözü ilə baxmıram, onların arxasında atamın keçdiyi məsuliyyətli ömür yolunu, səhərdən gecəyə qədər davam edən işləri, bəzən ailəsindən uzaq qalan günləri, oxuduğu saysız-hesabsız yazıları, hazırladığı materialları və bütün bunların arxasında dayanan vəzifə borcunu görürəm.

Uşaqlıqda mən atamın niyə bu qədər çalışdığını anlamırdım, bəzi insanlar gördükləri işi öz həyatlarının bir hissəsinə çevirirlər, atam üçün də jurnalistika belə idi, o, sözə məsuliyyətlə yanaşırdı, bilirdi ki, jurnalistin yazdığı bir cümlə minlərlə insana çatır. O, dövlətə münasibətdə sədaqətli və məsuliyyətli olmağın vacibliyini və söz adamının cəmiyyət qarşısında böyük məsuliyyətini dərk edirdi.

 Atam mənim həyat yolumun ən böyük müəllimidir. Həyat müəlliminin dərs otağı olmur, onun əlinə təbaşir dəymir, lövhənin qarşısında dayanmır, onun həyatını izləmək kifayətdir ki, çox şey öyrənəsən. Mən atamdan insan olmağın vacibliyini öyrənmişəm, çünki insanı böyüdən onun xarakteridir. Mənim üçün atamın zəhmətinin ən böyük mükafatı onun haqqında insanların xoş söz deməsi və hörmətlə xatırlanmasıdır.

75 yaş insan ömrünün müdriklik çağıdır, bu yaşda insan geriyə baxanda keçdiyi yolları deyil, arxada qoyduğu izləri də görür.  Hörmətlə xatırlanan uzun ömür yolunun hər səhifəsində zəhmət, əmək, dövlətinə və peşəsinə sədaqət var, insanlara qarşı xoş münasibət və ən əsası ailəsinə bağlılıq var. Mən onun övladı kimi bu şərəfli yolun hər uğuru ilə qürur duyuram, amma daha böyük qürurum başqadır - mən Aslan Aslanovun oğlu olduğum üçün yox, ondan öyrəndiyim dəyərləri yaşatmağa çalışdığım üçün fəxr edirəm.

Ata haqqında yazmaq qəribə hissdir, bu sözün içində nə qədər böyük bir dünya var, ata uşaqlıqda arxasında gizləndiyin, gənclikdə məsləhət aldığın, böyüdükcə fikrinə ehtiyac duyduğun və zaman keçdikcə onun həyatını öz həyatın üçün bir ölçü kimi qəbul etdiyin insandır.

Bu gün 75 illik yubileyi münasibətilə onu təbrik edərkən ürəyimdən keçən ən böyük arzu çox sadədir - Allah sənə uzun, sağlam və mənalı ömür versin! Sənin keçdiyin yol ailəmiz üçün fəxrdir, sənin yazdığın hər söz, gördüyün hər iş, bizim üçün etdiyin hər fədakarlıq yaddaşımızın bir parçasıdır. Sən mənə təkcə bir soyad verməmisən, sən mənə bir adın məsuliyyətini öyrətmisən. Bu gün sənə baxarkən bir daha anlayıram - insanın ən böyük əsəri bəzən yazdığı kitab, yaratdığı iş, qazandığı uğur deyil, insanın ən böyük əsəri yetişdirdiyi övladdır. Həmişə ailəmizin yanında ol, çünki biz səni yalnız tanınmış jurnalist Aslan Aslanov kimi deyil, böyüyümüz və ağsaqqalımız kimi sevirik və mənim üçün dünyanın ən böyük adı, ən böyük titulu, ən böyük fəxri budur - Aslan Aslanovun oğlu olmaq.

Arzulayıram ki, hələ çox illər birlikdə çay süfrəsində oturaq, uzun-uzadı söhbətlər edək. Mən səndən çox şey soruşum, öyrənim, sən də mənə düzgün məsləhətlər ver, uşaqlıqda və gəcliyimdə olduğu kimi, səni diqqətlə dinləyim. Çünki insan neçə yaşında olursa-olsun, atasının yanında yenə bir az uşaq qalır və mən bunu dünyanın ən gözəl hisslərindən biri hesab edirəm.

Əziz atam, 
75 yaşın mübarək!
Oğlun Tural.