18 avqust 2026 17:07
83

“XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsinə start verilib - FOTO

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin təşkilatçılığı ilə “XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsinin icrasına başlanılıb.

“İki sahil” xəbər verir ki, layihə çərçivəsində ilk tədbirlər avqustun 17-də Lənkəran şəhərində keçirilib. Düşərgə iştirakçısı olan uşaqların Lənkəranda yerləşdirilməsindən sonra onlar üçün Heydər Əliyev Mərkəzində müxtəlif proqramlar təşkil olunub.

Həmçinin, peşəkar uşaq psixoloqu Leyla xanım tərəfindən uşaqlar üçün maraqlı və interaktiv təlimlər keçirilib, qrup işləri təşkil olunub. Təlimlər zamanı uşaqların ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, özünüifadə və komanda ruhunun gücləndirilməsinə xüsusi diqqət yetirilib.

Düşərgə iştirakçıları, habelə Lənkəranda yerləşən çay plantasiyasına ekskursiya ediblər. Uşaqlar burada çayçılıqla əlaqədar məlumat əldə edib, təbiətlə yaxından tanış olmaq imkanı qazanıblar.

Günün sonunda onlar üçün maraqlı mədəni gecə təşkil edilib. Tədbirdə iştirakçılar müxtəlif istedadlarını nümayiş etdirib, öz bacarıqları ilə gecəyə xüsusi rəng qatıblar.

“XTQ Qəhrəmanlarının İrsi” layihəsi çərçivəsində uşaqların asudə vaxtının səmərəli təşkili, onların psixoloji və sosial inkişafına dəstək göstərilməsi, milli-mənəvi dəyərlərin aşılanması və şəhid ailələri, qazilər və veteranların irsinin gələcək nəsillərə çatdırılması istiqamətində müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur.