Rusiyanın “Qazprom” şirkəti bu ilin ilk günündə “Şimal axını” qaz boru xətti üzrə təbii qaz ixracını 160,75 milyon kubmetrə çatdırmaqla yeni rekorda imza atıb.
Rusiya mətbuatının yaydığı məlumata görə, təbii qaz ixracının rekord həddə çatmasının Avropa bazarında tələbatın artmasını sübut etdiyini bildirən şirkətin İdarə Heyətinin sədri Aleksey Miller bunun “Şimal axını 2” layihəsinin inşasının əhəmiyyətini və vacibliyini artırdığını bəyan edib.
Rusiyanın Avropaya qaz nəqlini şaxələndirmək məqsədi daşıyan “Şimal axını 2” layihəsinin reallaşdırılmasına Polşa tərəfindən maneəçilik törədildiyi bildirilir. Lakin rəsmi Moskvanın sözügedən qaz xəttinin tikintisi istiqamətində səyləri davam edir.
Qeyd edək ki, “Qazprom” şirkətinin yaydığı məlumata görə, 2016-cı ildə Avropanın təbii qaza olan tələbatının 1/3-i Rusiya qazının hesabına ödənilib. 2015- ci ildə isə bu rəqəm 31 faiz olmuşdu və bunun rekord olduğu vurğulanmışdı. Ötən ildə bu rekord bir daha yenilənib. Bu isə Avropanın Rusiya qazından asılılığının artmasına işarə edir və “qoca qitə”nin hələ bir müddət rus qazının əsas müştərisi olacağını deməyə əsas verir. Baxmayaraq ki, Avropa Komissiyası bütün vasitələrlə Rusiya qazından asılılığı minimuma endirməyə çalışır. Buraya bərpa olunan enerjinin ümumi istehlakdakı payının artırılması ilə yanaşı, enerji mənbələrinin diversifikasiya planlarını göstərmək olar. Lakin görünən odur ki, vəziyyət heç də Avropanın görmək istədiyi kimi deyil.
Hazırda Avropa Birliyinin ABŞ və Kanada ilə birgə iqtisadi sanksiyaları ilə üz-üzə olan Rusiyadan, həmçinin ucuz neftin yaratdığı çətinliklərlə də mübarizə aparmaqdadır. Bununla belə, Krımın ilhaqından sonra tətbiqinə başlanılan sanksiyalar getdikcə təsirini itirməkdədir. Bunu bu ölkənin iqtisadi göstəricilərinə nəzər saldıqda da görmək olur. Belə ki, sanksiyaların başladığı 2014-cü ildə Rusiyadan çıxan investisiyanın həcmi 150 milyard ABŞ dolları olmuşdusa, 2015-ci ildə bu rəqəm 57 milyard, 2016-cı ildə isə 20 milyard dollar səviyyəsinə enib. Rublun məzənnəsi isə 2 dəfə aşağı ensə də son bir neçə ayda kəskin bahalaşma ilə müşayiət olunur. Ölkədə inflyasiyanın səviyyəsi ən pik dövrdə 12,9 faizə çatsa belə, hazırda bu rəqəm 2 dəfədən çox azalıb. Təsadüfi deyil ki, İngiltərənin “The Banker” jurnalı Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullinanı Avropa üzrə ən yaxşı bank rəhbəri seçib. Jurnal E. Nabiullinanın nailiyyətləri sırasında ölkədə ən aşağı inflyasiya səviyyəsini qeyd edib. Belə ki, Rusiyada bugünə qədər inflyasiya səviyyəsi heç vaxt 6,1 faiz səviyyəsinədək enməyib. Mərkəzi Bank rəhbərinin səyləri nəticəsində isə 2016-cı ilin sonunda bu rəqəm hətta rekord səviyyəyədək - 6 faizədək azalıb.
Ceyhun Piriyev, “İki sahil”
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub