Böyük Britaniyanın Baş naziri Endi Börnhem bu vəzifədə Ukraynaya ilk rəsmi səfəri zamanı Moskvaya təzyiqin davam etdiriləcəyini bildirib.
“İki sahil” BBC-yə istinadla xəbər verir ki, səfər çərçivəsində Endi Börnhem Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb, həmçinin sələfi Kir Starmerin dövründə Böyük Britaniya və Fransanın təşəbbüsü ilə yaradılmış “İstəklilər koalisiyası”nın iclasına ilk dəfə sədrlik edib. Baş nazir koalisiyanın Ukraynaya dəstək üçün əlindən gələni etdiyini deyib və Amerika Birləşmiş Ştatları Konqresini Rusiyaya iqtisadi təzyiqi daha da artırmağa çağırıb.
Böyük Britaniya hökuməti, həmçinin Fransanın “Scalp” raketlərində istifadə olunan Britaniya istehsalı komponentlərin texniki çertyojlarını Ukraynaya verməyə razılıq verib. Bu addım Ukraynaya uzaqmənzilli silahları ölkə daxilində istehsal etməyə imkan verəcək. Fransa və Ukrayna nümayəndələrinin də iştirak etdiyi görüşdə Endi Börnhem müttəfiqlərin Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün öz ehtiyatlarından mümkün qədər çox istifadə etməyə çalışdıqlarını deyib.
“İndi Rusiyaya təzyiqi davam etdirməyin, onun bu qanunsuz müharibəni maliyyələşdirmək imkanlarını məhdudlaşdırmağın vaxtıdır”, - deyə Baş nazir diqqətə çatdırıb. O, Ukrayna xalqının dözümlülüyünü yüksək qiymətləndirərək, bu ölkənin Avropanın təhlükəsizliyinin ön xəttində olduğunu vurğulayıb.
Kremlin sözçüsü Dmitri Peskov isə Böyük Britaniyanın raketlərin texniki çertyojlarını Ukrayna ilə bölüşmək qərarını tənqid edib. Onun sözlərinə görə, bu addım sülh istiqamətində ən kiçik irəliləyişin belə, qarşısını alır. D.Peskov bildirib ki, Rusiya hərbçiləri Ukraynada raketlərin istehsal ediləcəyi obyektlərin yerini müəyyənləşdirmək və onları məhv etmək üçün artıq məlumat toplayırlar. O, Böyük Britaniyanı müharibədə Kiyevin tərəfində iştirak etməkdə və mütəmadi olaraq alova yanacaq tökməkdə ittiham edib.
Almaniyanın və Norveçin şirkətləri arasında qaz tədarükünə dair müqavilə imzalanıb