26 avqust 2026 14:03
109

Qurban Qurbanov: Həddindən artıq diqqətli olmalıyıq

"Qarabağ" "Tvente" ilə oyunda azarkeşləri sevindirməyə çalışacaq.

“İki sahil” xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" (Niderland) ilə Bakıda keçiriləcək cavab matçından öncə mətbuat konfransında deyib.

Mütəxəssis UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan "Sabah"ı da təbrik edib: "Sabah"ı təbrik edirəm, uğurlar arzulayıram. "Tvente" ilə oyun bizim üçün vacibdir. Maraqlı oyun olacaq. Azarkeşləri sevindirməyə çalışacağıq".

O, maksimum diqqətli olmağın vacibliyini vurğulayıb: "Belə oyunlarda rəqibdən daha çox özümüzü dəyərləndirmişəm. Hazırlıq səviyyəmizlə bağlı düşünmüşəm. Həddindən artıq diqqətli olmalıyıq. Rəqib potensiallı futbolçulara malikdir. Hesabda öndə olmağımız əlavə üstünlükdür, həm də təhlükədir".

Q.Qurbanov "Tvente"nin sabahkı oyunda heyətdə ciddi dəyişikliklər edəcəyinə inanmır: "Bəlli heyətləri var. Biz isə səhvlərimizi düzəltməliyik. Heyətdə zədə səbəbindən sıxıntılarımız olduğu üçün daha diqqətli davranmalıyıq. Əlbəttə, komandaya xüsusi tapşırıqlar da olacaq".

Xatırladaq ki, "Qarabağ" - "Tvente" görüşü avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Komandalar arasında Niderlandda baş tutan oyunda Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb.