06 yanvar 2017 16:04
141

ABŞ-ın həftəlik xam neft ehtiyatları azalıb

ABŞ-da həftəlik xam neft ehtiyatları 7,1 milyon barrel azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb.

Ölkədə xam neft ehtiyatları ötən hesabat həftəsində əvvəlki həftəyə görə 7,1 milyon barrel (1,5 faiz) azalaraq 479 milyon barrelə geriləyib. Bazar proqnozları isə ehtiyatların 2,1 milyon barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə ABŞ-da xam neft ehtiyatları 0,6 milyon barrel artmışdı.

ABŞ-ın strateji neft ehtiyatları isə dəyişməyərək sözügedən həftədə də 695,1 milyon barrel olub. Hesabat dövründə ölkənin xam neft hasilatı əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 4 min barrel artımla 8,77 milyon barrelə çatıb. ABŞ-ın xam neft idxalı sözügedən həftədə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 984 min barrel azalaraq 7,18 milyon barrel olub.

Ölkənin həftəlik benzin ehtiyatları ötən hesabat həftəsində 8,3 milyon barrel (3,7 faiz) artaraq 235,5 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 1,7 milyon barrel artacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə isə 1,6 milyon barrel azalmışdı.