Qazaxıstan və Sinqapur əsas diqqəti Orta Dəhlizin inkişafına yönəltməklə multimodal daşımalar, ticarət və rəqəmsallaşdırma sahələrində əməkdaşlığı genişləndirəcək.
“İki sahil” xəbər verir ki, müvafiq memorandum Qazaxıstanın Baş naziri Oljas Bektenovla Sinqapurun Baş naziri Li Syan Lun arasında keçirilən görüşün yekunları üzrə iki ölkənin şirkətləri – "Middle Corridor Multimodal Ltd" və "Singapore Cooperation Enterprise" arasında imzalanıb.
Sənəd nəqliyyat və ticarət ekosistemlərinin inkişafına müasir yanaşmaların tətbiqini, logistika proseslərinin rəqəmsallaşdırılmasını və multimodal daşımaların səmərəliliyinin artırılmasını nəzərdə tutur. Çin və Mərkəzi Asiya ölkələrini Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Türkiyə vasitəsilə Avropa bazarları ilə birləşdirən Orta Dəhlizin potensialının açılmasına xüsusi diqqət yetiriləcək.
Görüş zamanı tərəflər həmçinin ticarət-iqtisadi və investisiya əməkdaşlığının gələcəkdə genişləndirilməsi perspektivlərini müzakirə ediblər. 2026-cı ilin ilk altı ayında Qazaxıstan və Sinqapur arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə artaraq 777 milyon dollara çatıb. 2025-ci ilin yekunlarına görə, Sinqapurdan Qazaxıstana birbaşa xarici investisiyaların ümumi axını təxminən 1,5 milyard dollar təşkil edib.
İkitərəfli əməkdaşlığın perspektivli istiqamətləri sırasında rəqəmsallaşdırma, süni intellekt, aqrosənaye kompleksi və nəqliyyat-logistika sahəsinin də adı çəkilib.
Bundan əlavə, Qazaxıstan və Sinqapur şəhər su ehtiyatları və tullantıların dayanıqlı idarə olunması sahəsində təcrübə mübadiləsini və qazaxıstanlı mütəxəssislərin ixtisasartırmasını nəzərdə tutan əməkdaşlıq sazişi imzalayıblar.
Fidan YPG-nin ləğvinin Suriyada kürd-ərəb qardaşlığını gücləndirəcəyini bildirib