Almaniya kansleri Fridrix Merts Leipsiq hava limanında pilotsuz uçuş aparatları (PUA) ilə hücum cəhdinə görə məsuliyyəti Rusiyanın üzərinə qoymaq və Moskvaya qarşı genişmiqyaslı sanksiyalar elan etmək niyyətindədir.
“İki sahil” xəbər verir ki, bu barədə "Politico" və "Welt am Sonntag" mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Almaniya hökumətinin planı Rusiya təşkilatlarına qarşı birbaşa sanksiyaların tətbiqini nəzərdə tutur. Paralel olaraq, Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlər paketi hazırlayır.
Mənbələrdən biri qeyd edib ki, Leipsiqdəki insidentdən sonra Berlin ayrı-ayrı Rusiya diplomatlarının ölkədən çıxarılmasını və ya Berlindəki Rusiya evinin bağlanmasını artıq kifayət hesab etmir. Onun sözlərinə görə, sanksiyaların gücləndirilməsi və hətta Ukraynaya silah tədarükünün daha da artırılması da daxil olmaqla, daha sərt tədbirlərə ehtiyac var.
Mənbələr Mertsin məhz hansı tədbirləri elan etmək niyyətində olduğunu açıqlamayıblar. Kanslerin bəyanatının gələn həftənin əvvəlində, Aİ ölkələrinin xarici işlər nazirlərinin sentyabrın 1-nə İrlandiyada planlaşdırılan görüşü ilə eyni vaxtda səslənəcəyi gözlənilir.
Xatırladaq ki, Leipsiq hava limanında PUA məqsədyönlü şəkildə Ukrayna yük təyyarəsinə çırpılıb, lakin partlamayıb.