06 yanvar 2017 22:22
361

OPEC-in hasilatı azaltma qərarının icrasına başlanılıb

OPEC (Neft İxrac Edən Ölkələr Birliyi) və Azərbaycanın da aralarında yer aldığı OPEC-ə üzv olmayan 11 neft istehsalçısı olan ölkənin Vyana sammitində əldə olunan gündəlik hasilatı azaltma qərarının icrasına başlanılıb.

Bu barədə ilk məlumat OPEC üzvü olan İraqın Neft Nazirliyindən gəlib. Belə ki, nazirlikdən OPEC-in noyabr və dekabr aylarında əldə etdiyi gündəlik hasilatı azaltma anlaşmasının Yeni ilin gəlişi ilə tətbiqinə başlanıldığı bildirilib.

İraqın neft naziri Cabbar əl-Laibi nazirliyin rəsmi internet səhifəsi vasitəsi ilə verdiyi açıqlamada ölkəsinin OPEC-in Vyanadakı son sammitdə gündəlik hasilatın azaldılması istiqamətində verdiyi qərara bağlı olduğunu vurğulayaraq, “Yeni ilin gəlişi ilə ölkədəki xam neft hasilatının azaldılmasına başlanılıb” ifadəsini işlədib. Ölkəsinin neft hasilatının azaldılmasının planlı şəkildə gerçəkləşdirildiyini qeyd edən əl-Laibi neft sektorundan gələn gəlirlərdə ehtiyatlı davranacaqlarını dilə gətirib.

İraq İŞİD və digər terror təşkilatları ilə mübarizədə zərər görmüş infrastrukturunu və böhranla üz-üzə qalan  ölkə iqtisadiyyatını normal vəziyyətə gətirmək üçün OPEC-dən qurumun gündəlik hasilat payının azaldılması razılaşmasından kənarda tutulması tələbini irəli sürmüşdü. O zaman İraq hökuməti bu tələbi terrrorla mübarizə aparmaları və iqtisadiyyatlarının böyük ölçüdə neft sektorundan gələn gəlirlərdən asılı olması ilə əlaqələndirmişdi. Həm Vyana sammitindən öncə, həm də sonra İraqın əldə olunan razılığa əməl edib-etməyəcəyi şübhə altında idi. Məsələnin maraqlı tərəfi budur ki, OPEC-in gündəlik hasilatı azaltma qərarının tətbiqinə ilk müsbət reaksiya da elə həmin qərara qarşı çıxmış İraqdan gəlib.

Xatırladaq ki, OPEC və Azərbaycanın da aralarında yer aldığı 11 müstəqil neft istehsalçısı arasında dünya fond birjalarında davamlı stabillik yaratmaq məqsədi ilə ötən ilin son ayında gündəlik neft hasilatının təxminən 1,2 milyon barel azaldılması istiqamətində razılıq əldə olunmuşdu və bu anlaşmanın 2017-ci ilin birinci yarısında tətbiq olunacağı bildirilmişdi.

Həmidağa Məcidov, “İki sahil”