31 avqust 2026 20:27
93

Pakistanlı ekspert: Azərbaycan ŞƏT-in genişlənməsi üçün strateji əhəmiyyətə malikdir

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) daxilində bütün üzv ölkələrlə diplomatik və iqtisadi əlaqələrini genişləndirmək üçün səylə çalışan fəal dialoq tərəfdaşı kimi çıxış edir.

“İki sahil” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Pakistanın Bilik və İctimai Siyasət Mərkəzinin president, ekspert Mehmud Ul Hasan Xan deyib.

O, Prezident İlham Əliyevin mütəmadi olaraq ŞƏT-in illik Zirvə görüşlərində fəal iştirakının və bu platforma çərçivəsində Çinlə strateji tərəfdaşlıq bəyanatının imzalanmasının əhəmiyyətini vurğulayıb: “Pekində imzalanan hərtərəfli strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat Azərbaycan-Çin münasibətlərində yeni mərhələni açmaqla yanaşı, ŞƏT ilə əməkdaşlığı da gücləndirir. Beləliklə, Bakı ŞƏT-ə üzv ölkələrlə daha da inteqrasiya və əməkdaşlığın səmərəliliyinin artırılması üçün düzgün istiqamətdə irəliləyir”.

Azərbaycanın özünəməxsus coğrafi mövqeyindən istifadə edərək, Çin və Avropa arasında ticarət əlaqələrini birləşdirən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizini təşviq etdiyini, bunun da gələcəkdə ŞƏT üçün də faydalı olacağını bildirən Mehmud Ul Hasan Xan deyib: “Müqayisəli tədqiqatlar təsdiqləyir ki, Azərbaycan ŞƏT ölkələri ilə davamlı enerji təhlükəsizliyi, yaşıl texnologiya və ənənəvi qazıntı yanacaq təchizatı və bazarları üzrə əməkdaşlıq edir. Açığı, təşkilat ölkələrə qazıntı yanacaq ehtiyatları, bərpaolunan enerji potensialı, infrastruktur və texnoloji imkanlar kimi müxtəlif güclü tərəflərindən istifadə etməyə imkan verir və bu da çoxtərəfli enerji əməkdaşlığı və ədalətli enerji keçidi üçün əlverişli mühit yaradır. Bu keçid Azərbaycanın ŞƏT-ə daxil olmasından sonra daha da şaxələndiriləcək, yetkinləşəcək, inkişaf etdiriləcək və genişləndiriləcək. Şübhəsiz ki, Azərbaycanın ŞƏT-ə üzv dövlətlər ilə yaşıl enerji layihələri, o cümlədən Çin, Qazaxıstan və Özbəkistanla birgə təşəbbüslər üzv ölkələr, regional ölkələr və digər ölkələr üçün əlavə dəyər yaradacaq”.

Azərbaycanın nəqliyyat-logistika potensialının ŞƏT üçün faydalarına toxunan pakistanlı ekspert bildirib ki, Bakı Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri kimi layihələrin ŞƏT çərçivəsində əməkdaşlıq səylərinə inteqrasiyasında maraqlıdır. “Təhlillər göstərir ki, Azərbaycanın ŞƏT üzvləri ilə əməkdaşlığı onun təşkilatda fəal iştirakını, eləcə də qarşılıqlı dialoq aparmasını daha da artıracaq. Azərbaycan hökuməti təhlükəsizlik məsələləri və Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi mühüm infrastruktur layihələri üzrə ŞƏT ilə işləməyə sadiqliyini göstərib. Nəhayət, Azərbaycanın ŞƏT-ə potensial üzvlüyü regional təhlükəsizlik və sabitliyin gücləndirilməsi, ticarət və investisiya, enerji, telekommunikasiya və kənd təsərrüfatı sahələrində əməkdaşlıq, eləcə də kiçik və orta sahibkarlıq subyektləri arasında birbaşa əlaqələrin təşviqi, hüquqi və gömrük məsələləri üzrə qarşılıqlı fəaliyyət və s. kimi sahələrdə əməkdaşlıq üçün yeni imkanlar açacaq", - deyə Mehmud Ul Hasan Xan vurğulayıb.

Ekspert diqqətə çatdırıb ki, Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycanın investisiyaları hesabına inşa edilib və ŞƏT-in regional bağlantılarının daha da inkişafı üçün böyük rol oynayır. Bundan əlavə, Azərbaycan Çinin “Kəmər və Yol” təşəbbüsü, eləcə də Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və ya Orta Dəhliz çərçivəsində artan ticarət və tranzit yükdaşımalarında unikal rola malikdir və onun ŞƏT-ə daxil olması bütün ölkələr üçün nəhəng bir addım olardı. Azərbaycan əsas tranzit mərkəzidir və ŞƏT-ə üzv dövlətlər üçün Azərbaycanla əməkdaşlığı genişləndirmək vacibdir. Ölkə müasir avtomobil yolları, liman infrastrukturunun genişləndirilməsi və dəmir yolu xətlərinin, o cümlədən Bakı-Tbilisi-Qars marşrutunun modernləşdirilməsi daxil olmaqla keyfiyyətli infrastruktur inkişafı layihələrinə milyardlarla dollar sərmayə qoyur. Azərbaycan, həmçinin müstəqil şəkildə Orta Dəhlizə yeni dəyər qatan perspektivli Zəngəzur dəhlizini yaradır. Azərbaycan ŞƏT-ə daxil olandan sonra qurum sözügedən dəhlizin tikintisinə dəstək ola bilər. Nəticə etibarilə, Azərbaycanın ŞƏT-in iqtisadiyyatındakı, nəqliyyat-logistika bağlantısındakı və fəaliyyətinin genişləndirilməsindəki rolu əhəmiyyətli olacaq, konteyner blok qatarlarının tranzitində vaxtı xeyli azaldacaq.

Mehmud Ul Hasan Xan Azərbaycanın ŞƏT-in genişlənməsi üçün strateji əhəmiyyətə malik olduğunu vurğulayıb, qlobal daşımalarda maneələrin də Azərbaycanın ŞƏT-ə daxil edilməsindən sonra azalacağını deyib: “Nəhayət, Azərbaycan terrorizm, separatizm və ekstremizmlə mübarizə aparmaq üçün ŞƏT çərçivəsində birgə regional səyləri dəstəkləyir”.