09 yanvar 2017 14:04
225

Türkmənistan İrana təbii qaz nəqlini dayandırıb

Buna səbəb 1,8 milyard dollar borcun ödənilməməsidir

Türkmənistanın  İrana təbii qaz ixracını dayandırması ilə bu ölkədə xeyli vaxtdan bəri davam edən “qaz böhranı” daha da dərinləşib. İndiyədək Türkiyəyə qaz nəqlində yaranmış ardıcıl kəsintilər İranda qıtlığın olduğunu büruzə vermişdi. Lakin Türkmənistan tərəfinin 1,8 milyard ABŞ dolları borcun müqabilində İrana nəql edilən təbii qazı kəsməsi ölkə iqtisadiyyatını axsatmaqla yanaşı, ixrac öhdəliklərinə də təsirsiz ötüşməyə bilər. Məsələ burasındadır ki,  ildə Türkiyəyə 8 milyard kubmetr  təbii qaz ixrac edən İran bundan daha artığını Türkmənistandan idxal edir. Türkmənistan qazı əsasən İranın şimal bölgəsinin,  o cümlədən sənaye müəssisələrinin tələbatının ödənilməsinə yönəldilir. Bu bölgəyə  həmçinin “Cənub Pars” yatağından hasil edilən təbii qaz nəql edilsə də, qış aylarında İranın mərkəzində tələbatın artması yerli təbii qazı yetərli etmir. 

Ekspertlər bildirirlər ki, dünyanın ikinci ən böyük təbii qaz ehtiyatına malik olan İranın bu sahədən səmərəsiz və investisiya qoymadan istifadə etməsi  yaranmış problemin əsas səbəblərindəndir. Bu isə hasilatı artırmaq imkanlarını məhdudlaşdırır. 

Qeyd edək ki, ötən il İran tərəfinin  imzaladığı yeni razılaşmaya görə, yaxın 2 il ərzində xarici neft şirkətlərinin bu ölkəyə qoyacaqları sərmayələrin həcminin 25 milyard dollara çatacağı gözlənilir. Bununla da İranın beynəlxalq sərmayəçiləri  cəlb etməklə ölkə iqtisadiyyatında əhəmiyyətli yer tutan neft-qaz sənayesini yenidən inşa edəcəyi planlaşdırılır. Çin, Hindistan və Avropanın iri iqtisadiyyata malik dövlətlərinin İrana böyük həcmli  investisiyaları bu ölkəyə qarşı tətbiq olunan sanksiyaların tam aradan qaldırılmasına kömək ola bilər. 

Ceyhun Piriyev, “İki sahil”