“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas prioritet istiqamətləri üzrə nəzərdə tutulan tədbirlərin, eləcə də Dövlət Proqramının təşviqi istiqamətində maarifləndirici işlərin silsilə şəkildə həyata keçirilməsi davam etdirilir. Bu çərçivədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin AXA) Aqrar Təlim Mərkəzi tərəfindən Dövlət Proqramında müəyyənləşdirilmiş prioritetlərə uyğun olaraq baytarlıq və fitosanitar xidmətlər sisteminin gücləndirilməsi, informasiya-məsləhət xidmətlərinin və innovasiyaların yayımı sisteminin inkişaf etdirilməsi istiqamətində maarifləndirici təlim proqramına start verilib.
“İki sahil” xəbər verir ki, “Erkən diaqnostika və mübarizə yolları” mövzusuna həsr olunan tədbirin əsas məqsədi heyvan sağlamlığının qorunması, təhlükəli xəstəliklərin erkən aşkarlanması və yayılmasının qarşısının alınması istiqamətində fermerlərin maarifləndirilməsi, müasir baytarlıq xidmətləri, profilaktik tədbirlər və xəstəliklərə qarşı mübarizə üsulları barədə məlumatların daha geniş auditoriyaya çatdırılmasıdır.
Tədbirdə AXA-nın sədr müavini Elməddin Namazov heyvan sağlamlığının kənd təsərrüfatının dayanıqlı inkişafı, ərzaq təhlükəsizliyi və təsərrüfatların iqtisadi dayanıqlığı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, xəstəliklərlə mübarizədə erkən diaqnostika, peyvəndləmə, mütəmadi monitorinq, biotəhlükəsizlik və digər profilaktik tədbirlərin vacibliyini qeyd edib. Həmçinin müasir baytarlıq xidmətlərinin fermerlər üçün əlçatanlığının artırılması, informasiya-məsləhət xidmətlərinin genişləndirilməsi, Coğrafi İnformasiya Sistemlərindən istifadə və qabaqcıl beynəlxalq təcrübənin yerli təsərrüfatlarda tətbiqinin əhəmiyyətini qeyd edib.
Təlimdə Türkiyədən dəvət olunmuş beynəlxalq ekspert, professor Mustafa Hasöksüz və Vüsal Abbasov tərəfindən müasir baytarlıqda aktual olan mövzular, o cümlədən südlük inəklərdə mastit və digər yelin xəstəlikləri, virus mənşəli infeksiyalar, dabaq xəstəliyi, yeni doğulmuş buzovlarda ishal, reproduktiv problemlər və qısırlıq barədə məlumat verilib. Xəstəliklərin erkən aşkarlanması, düzgün müalicəsi, profilaktikası və təsərrüfatlara vurduğu iqtisadi zərərin azaldılması yolları izah olunub.
Bununla yanaşı, peyvəndləmənin xəstəliklərin qarşısının alınmasında və müalicə xərclərinin azaldılmasında rolu, təsərrüfatlarda biotəhlükəsizlik, gigiyena, düzgün yemləmə və saxlanma şəraitinin əhəmiyyəti vurğulanıb. Fermerlərə gündəlik müşahidələrin aparılması, xəstəlik əlamətlərinin vaxtında müəyyən edilməsi və baytarlıq xidmətinə vaxtında müraciət etməklə bağlı praktiki tövsiyələr verilib. Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb və komanda oyunu keçirilib.
Qeyd edək ki, üç gün davam edəcək proqram çərçivəsində Təlimçilər üçün Təlim (Training of Trainers – ToT) proqramı da təşkil olunacaq. Proqram zamanı iştirakçılara müasir baytarlıq yanaşmaları ilə yanaşı, əldə etdikləri biliklərin digər fermer və mütəxəssislərə daha effektiv şəkildə çatdırılması, təlimlərin düzgün təşkili və praktiki biliklərin paylaşılması ilə bağlı tövsiyələr veriləcək. Təlimin sonunda iştirakçılar Astara rayonunda yerləşən nümunəvi heyvandarlıq təsərrüfatında praktiki məşğələlərə cəlb ediləcək, beynəlxalq təcrübəyə əsaslanan qabaqcıl yanaşmaların təsərrüfat şəraitində tətbiqi ilə tanış olacaqlar.
Son bir ayda Dövlət Məşğulluq Agentliyi 1700-dək şəxsi peşə kurslarına cəlb edib
Sumqayıtda qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlarla görüş keçirilib