02 sentyabr 2026 20:19
96

Sumqayıtda qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlarla görüş keçirilib

Sumqayıt şəhərində 2025–2026-cı tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlarla görüş keçirilib.

“İki sahil” xəbər verir ki, Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, Sumqayıt Dövlət Dram Teatrında təşkil olunan görüşdə İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və ali məktəblərə yüksək balla qəbul olunmuş məzunlar iştirak ediblər.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva çıxış edərək Sumqayıt şəhərinin ötən tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul nəticələrindən danışıb. Bildirib ki, 2025–2026-cı tədris ili Sumqayıt təhsilinin uğurlu nəticələri ilə yadda qalıb. Sumqayıt məktəblərinin 237 məzunu 600-dən yuxarı, onlardan 91-i isə 650 və daha yüksək bal toplayıb. Bu göstəricilər şəhər üzrə təhsil sahəsində həyata keçirilən məqsədyönlü işlərin, müəllim və şagird əməyinin, eləcə də valideynlərin göstərdiyi diqqət və qayğının nəticəsidir.

Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov yüksək nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olunan gəncləri, onların valideynlərini və müəllimlərini səmimi qəlbdən təbrik edib, məzunlara gələcək həyatlarında və təhsillərində uğurlar arzulayıb. İcra başçısı qeyd edib ki, təhsil hər bir dövlətin və cəmiyyətin gələcəyini müəyyənləşdirən ən mühüm sahələrdən biridir. Azərbaycanda təhsilin inkişafına göstərilən dövlət qayğısı, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir təhsil infrastrukturunun yaradılması gənclərin bilikli, savadlı və vətənpərvər vətəndaş kimi formalaşmasına geniş imkanlar açır. Zakir Fərəcov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsilin inkişafı daim prioritet istiqamətlərdən biri kimi diqqət mərkəzində saxlanılır. Dövlət başçısının təhsilə, müəllim əməyinə və gənclərin hərtərəfli inkişafına göstərdiyi yüksək diqqət bu sahədə mühüm nailiyyətlərin əldə olunmasına əlverişli şərait yaradıb. Sumqayıtda da son illər təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü bildirən şəhər rəhbəri qeyd edib ki, yeni məktəb binaları inşa olunub, mövcud təhsil müəssisələri əsaslı təmir və yenidənqurma işləri nəticəsində müasir görkəm alıb, məktəblərin maddi-texniki bazası möhkəmləndirilib, tədrisin keyfiyyətinin yüksəldilməsi üçün zəruri şərait yaradılıb. Zakir Fərəcov əldə olunan yüksək nəticələrin Sumqayıtın təhsil ənənələrinin və şəhərin intellektual potensialının növbəti göstəricisi olduğunu bildirib. Şəhər rəhbəri gənclərə müraciət edərək onların gələcək təhsil illərində də yüksək nəticələr əldə etmələrini, seçdikləri ixtisaslara dərindən yiyələnərək Azərbaycanın inkişafına töhfə verən savadlı və peşəkar mütəxəssislər kimi yetişmələrini arzulayıb.

II, III və IV ixtisas qrupları üzrə ölkə səviyyəsində ən yüksək nəticələr sırasında Sumqayıt məktəblərinin məzunlarının yer alması şəhərin təhsil sahəsində qazandığı mühüm nailiyyətlərdən biri kimi qeyd olunub.

Tədbirdə həmçinin Təbiət Elmləri Təmayüllü Gimnaziyanın, 12 nömrəli və 35 nömrəli tam orta məktəblərin yüksək nəticələri ilə xüsusi fərqləndiyi bildirilib.

Tədbirin sonunda ali təhsil müəssisələrinə yüksək balla qəbul olunan məzunlara qiymətli hədiyyələr, təhsil sahəsində səmərəli pedaqoji fəaliyyət göstərən bir qrup təhsil işçisinə isə fəxri fərmanlar təqdim olunub.