02 sentyabr 2026 19:50
149

Uşağı birinci sinfə necə hazırlamalı?

Psixoloq: Valideynin ötürdüyü həyəcan uşağın məktəbə münasibətinə təsir göstərir

Yeni dərs ilinin başlamasına sayılı günlər qalıb. Minlərlə uşaq üçün sentyabr yalnız tətilin başa çatması deyil, həm də həyatlarında tamamilə yeni mərhələnin başlanğıcıdır. İlk dəfə məktəbə gedəcək uşaqları yeni sinif, müəllim, tanımadığı insanlar və fərqli qaydalar gözləyir. Lakin birinci sinfə hazırlıq prosesi yalnız uşaqlar üçün həyəcanlı deyil. Bəzən bu dəyişiklik qarşısında ən az uşaqlar qədər, hətta onlardan daha çox narahat olan tərəf valideynlər olur.

"Görəsən müəllimi necə olacaq?", "Digər uşaqlarla dil tapa biləcəkmi?", "Məndən ayrı qalanda ağlayacaqmı?", "Dərsləri başa düşə biləcəkmi?" kimi suallar məktəbə hazırlıq dövründə valideynlərin gündəlik narahatlığına çevrilir. Mütəxəssislər isə hesab edirlər ki, valideynin hiss etdiyi həyəcan və narahatlıq istər-istəməz uşağa da ötürülə bilər.

Əslində, birinci sinfə başlamaq uşağın həyatında ilk ciddi sosial dəyişikliklərdən biridir. İndiyədək əsasən ailə üzvləri və yaxın əhatəsi ilə ünsiyyətdə olan uşaq birdən-birə yeni kollektivə daxil olur. Artıq onun gündəlik həyatı müəyyən qaydalar, dərs saatları, tapşırıqlar və sosial münasibətlər üzərində qurulmağa başlayır. Bu keçid dövründə uşağın məktəbə münasibətinin formalaşmasında ailənin rolu xüsusilə böyükdür. Valideynin məktəb haqqında danışıq tərzi, müəllimə münasibəti və öz narahatlığını necə ifadə etməsi uşağın yeni mühitlə bağlı ilkin təsəvvürünə təsir göstərə bilər. Bəzən valideynlər fərqinə varmadan məktəbi uşağın gözündə qorxulu bir məkana çevirirlər. "Məktəbdə artıq oyun olmayacaq", "Müəllimə səni danlayar", "Dərsini oxumasan, səni cəzalandıracam" kimi ifadələr uşağı intizama çağırmaq məqsədi daşısa da, məktəb haqqında mənfi gözləntilərin yaranmasına səbəb ola bilər. Digər tərəfdən, uşağın hər addımına həddindən artıq nəzarət etmək də adaptasiya prosesini çətinləşdirə bilər. Məktəbə başlayan kimi uşağın bütün tapşırıqlarını valideynin yerinə yetirməsi, hər səhvinə müdaxilə etməsi və davamlı şəkildə yaxşı nəticə gözləməsi uşağın müstəqillik qazanmasına mane ola bilər.

Birinci sinfə başlayan uşaqların qarşılaşdığı əsas çətinliklərdən biri də valideynlərindən ayrılmaqdır. Xüsusilə vaxtlarının böyük hissəsini ailəsi ilə keçirən uşaqlar üçün ilk günlər emosional baxımdan çətin keçə bilər. Belə vəziyyətlərdə valideynin uşağın narahatlığı qarşısında özünü itirməsi və ya onunla birlikdə panikaya düşməsi vəziyyəti daha da mürəkkəbləşdirə bilər.

Məsələnin digər tərəfi isə valideynlərin gözləntiləridir. Bəzi ailələr məktəb həyatının ilk günlərindən uşağın yüksək nəticələr göstərməsini gözləyir. Uşağın digər sinif yoldaşları ilə müqayisə edilməsi, "Filankəs artıq oxuya bilir", "Başqa uşaqlar daha tez öyrənir" kimi ifadələr isə məktəbə yeni başlayan uşağın özünəinamına təsir edə bilər. Halbuki hər uşağın yeni mühitə uyğunlaşma tempi fərqlidir. Bəziləri ilk gündən məktəb həyatına asanlıqla adaptasiya olduqları halda, digərlərinin müəllimə, sinif yoldaşlarına və gündəlik rejimə alışması daha uzun zaman ala bilər.

Uşağın məktəbə psixoloji hazırlığı da vacibdir

Yeni dərs ilinin başlanması ilə valideynlərin üzərinə düşən əsas vəzifələrdən biri uşağı yalnız məktəb ləvazimatları ilə deyil, psixoloji baxımdan da yeni mərhələyə hazırlamaqdır. Məktəbli çantası, forma və dəftərlər məktəb hazırlığının görünən tərəfidir. Əsl hazırlıq isə uşağın özünü təhlükəsiz hiss etməsi, yeni mühitə qarşı maraq duyması və onu gözləyən dəyişikliklərdən qorxmaması ilə başlayır. Bu baxımdan, birinci sinfə gedən uşağın ilk məktəb təcrübəsinin necə keçəcəyi təkcə müəllimdən və ya məktəbdən asılı deyil. Valideynin öz həyəcanını idarə etməsi, uşağına güvənməsi və ona uyğunlaşmaq üçün vaxt verməsi də bu prosesin vacib hissəsidir. Qeyd edək ki, məktəbə ilk addımı atan yalnız uşaq deyil. Əslində, valideynlər də övladları ilə birlikdə yeni bir mərhələyə qədəm qoyurlar. Bu mərhələdə əsas məsələ isə uşağın nə qədər tez oxumağı və yazmağı öyrənməsi deyil, onun məktəbi qorxu və məcburiyyət hissi ilə getdiyi yer deyil, öyrənə və inkişaf edə biləcəyi yeni bir mühit kimi qəbul etməsidir.

Mövzu ilə bağlı "İki sahil"ə danışan psixoloq Aytən Ələkbərova bildirdi ki, valideynlər bəzən bu narahatlığı o qədər gücləndirirlər ki, əvvəlcədən öz düşüncələrində müxtəlif ssenarilər qurmağa başlayırlar: "Görəsən, bacaracaqmı?", "Öhdəsindən gələ biləcəkmi?", "Səhərlər onu necə oyadacağam?" Xüsusilə uzunmüddətli yay tətilindən sonra yeni rejimə uyğunlaşma həm uşaqlar, həm də valideynlər üçün müəyyən adaptasiya dövrü yaradır: "Burada əsas məqamlardan biri valideynin öz həyəcanını idarə edə bilməsidir. Müəyyən qədər həyəcan məsuliyyət hissini artıraraq prosesin düzgün idarə olunmasına kömək edə bilər. Lakin həddindən artıq narahatlıq əksinə, uşağa da ötürülür. Bəzən valideyn öz uşaqlıq təcrübəsində yaşadığı qorxuları və narahatlıqları övladının da yaşayacağını düşünür. Bu isə uşağın məktəbə münasibətinə birbaşa təsir göstərir.

Valideynin davamlı olaraq "Narahat olma", "Həyəcanlanma" kimi ifadələr işlətməsi də gözlənilən nəticənin əksinə səbəb ola bilər. Uşaq həmin sözlərdən məktəbə getməyin narahatlıq doğuran bir proses olduğunu düşünə bilər. Valideynin ötürdüyü həyəcan nəticəsində məktəbin ilk günlərində uşaqlarda ayrılıq qorxusu da yarana bilər. Uşaq "Valideynim məni burada qoyub gedəcək, geri qayıtmayacaq" kimi düşüncələrə qapılaraq ağlamağa və məktəbə getməkdən imtina etməyə başlaya bilər.   Bu baxımdan valideyn məktəbə başlama prosesini mümkün qədər təbii şəkildə təqdim etməlidir. Uşağa izah olunmalıdır ki, məktəb də gündəlik həyatın bir hissəsidir, valideyn öz işi ilə məşğul olur, uşaq məktəbə gedir və günün sonunda hər kəs yenidən evə qayıdır. Digər vacib məqamlardan biri isə uşaqların bir-biri ilə müqayisə edilməməsidir. Uşağı sinif yoldaşları, qardaş-bacısı və ya digər qohumların övladları ilə müqayisə etmək düzgün yanaşma deyil. Bu cür müqayisələr xüsusilə ibtidai sinfə yeni başlayan uşaqlarda gərginlik, həyəcan və təşviş yarada bilər. Çünki hər bir uşağın fərdi psixi xüsusiyyətləri və qavrama qabiliyyəti var. Onların öyrənmə tempi və yeni mühitə uyğunlaşması da fərqlidir. Buna görə də valideyn uşağın inkişafını başqalarının nəticələri ilə deyil, onun əvvəlki nailiyyətləri ilə müqayisə etməlidir."

Psixoloqun sözlərinə görə, valideynin hər gün uşağın öyrəndiyi kiçik yenilikləri belə qiymətləndirməsi onun özünəinamının formalaşmasında mühüm rol oynayır. Uşağın öyrəndiyi hər bir hərf, söz və ya yeni bacarıq diqqətdən kənarda qalmamalıdır. "Sən bu gün bir yox, iki yeni söz öyrəndin", "Afərin, bu gün daha yaxşı bacardın" kimi ifadələr uşağın özünə inamını və öyrənməyə marağını artırır: "Təbii ki, müxtəlif səbəblərdən, o cümlədən anadangəlmə nevroloji xüsusiyyətlər və ya keçirilmiş travmalar nəticəsində bəzi uşaqlarda qavrama və mənimsəmə prosesində ləngimələr müşahidə oluna bilər. Lakin bu halda da uşağı digər uşaqlarla müqayisə etmək çıxış yolu deyil. Əsas məsələ hər bir uşağın fərdi xüsusiyyətlərini nəzərə almaq və onun əldə etdiyi nəticələri düzgün qiymətləndirməkdir. Valideyn övladını başqaları ilə müqayisə etmədən, onun kiçik nailiyyətlərini belə dəyərləndirdiyi zaman uşaqda özünəinam formalaşır. Düzgün dəstək və sağlam yanaşma isə gələcəkdə daha özgüvənli və uğurlu şəxsiyyətin yetişməsinə zəmin yaradır."

Şahnigar Əhmədova, "İki sahil"