03 sentyabr 2026 20:10
62

Auditorlar Palatasının jurnalistlər arasında keçirdiyi fərdi yazı müsabiqəsinin qalibləri açıqlandı - FOTO

Müsabiqənin qalibləri arasında “İki sahil”in əməkdaşı da yer alıb

2026-cı ildə Azərbaycan Auditorlar Palatasının yaradılmasının 30 ili tamam olur. Bu münasibətlə Palata tərəfindən yubiley ili çərçivəsində silsilə tədbirlərin keçirilməsinə başlanılıb.

Auditorlar Palatasının sədr müavini Fəxrəddin İsmayılov ötən 30 il ərzində Auditorlar Palatasının ölkədə audit institutunun formalaşdırılması və inkişafı istiqamətində gördüyü mühüm işlərdən söz açıb və qeyd edib ki, audit fəaliyyətinin qanunvericilik və beynəlxalq standartlar əsasında təkmilləşdirilməsi, auditor xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və peşəkar auditor kadrlarının hazırlanması istiqamətində mühüm addımlar atılıb. Eyni zamanda, audit sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübənin ölkədə tətbiqi və auditor peşəsinin nüfuzunun artırılması istiqamətində davamlı tədbirlər həyata keçirilib. Palatanın fəaliyyətində elmi-metodik bazanın gücləndirilməsi, auditorların davamlı peşəkar inkişafının təmin olunması və müasir çağırışlara uyğun yeni yanaşmaların tətbiqi də diqqət mərkəzində saxlanılıb.

Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov ötən hesabat dövründə Palata tərəfindən audit xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, auditorların peşəkarlığının artırılması və bu sahədə müasir yanaşmaların tətbiqi istiqamətində ardıcıl tədbirlər həyata keçirildiyini deyib. Qeyd edib ki, bu müddətdə audit fəaliyyətinin tənzimlənməsi və təkmilləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, eləcə də audit sahəsində şəffaflığın və etimadın gücləndirilməsi əsas prioritetlərdən olub. Palatanın fəaliyyəti nəticəsində Azərbaycanda müstəqil auditin institusional əsasları daha da möhkəmləndirilib və audit xidmətlərinin iqtisadi münasibətlər sistemində rolu genişlənib. Müasir dövrdə audit qarşısında yeni çağırışlar yaranır və bu çağırışlara uyğunlaşmaq üçün auditorların bilik və bacarıqlarının davamlı şəkildə təkmilləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, rəqəmsal texnologiyaların inkişafı audit proseslərinin də müasir tələblər əsasında yenilənməsini zəruri edir. Bu baxımdan audit fəaliyyətində yeni texnologiyaların tətbiqi, məlumatların təhlili imkanlarının genişləndirilməsi və keyfiyyətə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi qarşıdakı dövrün əsas istiqamətlərindəndir. S.Gülməmmədov vurğulayıb ki, Palata audit sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, qabaqcıl təcrübənin öyrənilməsinə və ölkədə tətbiqinə xüsusi diqqət yetirir. Eyni zamanda, auditor peşəsinin nüfuzunun artırılması və ictimaiyyətin audit institutuna etimadının daha da gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Qəşəm Bayramov bildirib ki, Auditorlar Palatasının ölkədə audit sahəsinin inkişafına verdiyi töhfələr sırasında mətbuatla əməkdaşlıq və ictimai maarifləndirmə istiqamətində həyata keçirilən tədbirlər də xüsusi yer tutur. Qurum tərəfindən audit sahəsinin cəmiyyətdə tanıdılması və bu istiqamətdə maarifləndirici materialların hazırlanmasının təşviqi məqsədilə müxtəlif müsabiqələr təşkil olunur. Bu baxımdan Palatanın fəaliyyətə başlamasının 30 illik yubileyi münasibətilə jurnalistlər arasında “Auditin inkişaf mərhələləri; uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol” mövzusunda fərdi yazı müsabiqəsinin keçirilməsi də mühüm təşəbbüslərdən biridir. Müsabiqə ölkədə auditin inkişafına verilən töhfələrin mediada işıqlandırılmasına, jurnalistlərin bu sahəyə marağının artırılmasına və peşəkar yazıların təşviqinə xidmət edir.

Müsabiqənin məqsədi Prezident İlham Əliyevin Azərbaycan auditi qarşısında proqram xarakterli göstərişlərini rəhbər tutaraq, ölkəmizdə auditor xidməti bazarında şəffaflığın artırılması, kölgə iqtisadiyyatının azaldılması, hesabatlılığın təkmilləşdirilməsi, haqsız rəqabətin və dempinq hallarının aradan qaldırılması, ictimai etimadın gücləndirilməsi və auditdə rəqəmsallaşma və süni intellektin tətbiqi istiqamətində yeni dövrün çağırışlarına uyğun innovativ yeniliklərin tətbiqi ilə audit xidmətlərinin keyfiyyətinin yüksəldilməsində, bu xidmətlərin sahibkarlara beynəlxalq standartlar əsasında tam şəffaf və operativ, vətəndaş rahatlığı və məmnunluğu prinsipi ilə təşkilində mühüm üstünlükləri barədə geniş ictimai məlumatlandırmada peşəkar jurnalist əməyinin stimullaşdırılmasıdır.

Ümumilikdə, Auditorlar Palatası kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq edir, audit sahəsində baş verən yeniliklərin və həyata keçirilən tədbirlərin ictimaiyyətə çatdırılmasına xüsusi diqqət yetirir. Müxtəlif seminar, konfrans və digər tədbirlərə media nümayəndələrinin cəlb olunması da bu əməkdaşlığın əsas istiqamətlərindəndir. Palatanın keçirdiyi jurnalist müsabiqələri isə audit mövzusunun mediada daha geniş və peşəkar şəkildə təqdim olunmasına imkan yaradır. Bu cür təşəbbüslər həm jurnalistlərin audit sahəsində biliklərinin artırılmasına, həm də cəmiyyətin audit institutunun əhəmiyyəti barədə məlumatlandırılmasına mühüm töhfə verir.

Daha sonra Auditorlar Palatasının İctimaiyyətlə əlaqə və informasiya şöbəsinin müdiri Məhluqə Hüseynova müsabiqənin qaliblərini təqdim edib. Müsabiqənin qalibləri arasında “İki sahil”in əməkdaşı da yer alıb və o, müsabiqədə III yerə layiq görülüb.

Qaliblər Auditorlar Palatasının xüsusi diplomu və pul mükafatları ilə təltif olunublar.

Yaqut Ağaşahqızı, “İki sahil”