Mənzil-qərargahı Polşada yerləşən “Nexta” kanalı tərəfindən 2026-cı il sentyabrın 2-də Azərbaycanın Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş vermiş yanğın hadisəsi ilə bağlı subyektiv mülahizələrə əsaslanan, məsələni dövlətlərarası siyasi münasibətlər fonunda təqdim etməyə çalışan və ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayılıb. Təhlillər göstərir ki, baş verənlər vahid mərkəzdən idarə olunan hibrid informasiya kampaniyasının tərkib hissəsidir. Özünün informasiya mühitindən kənar qüvvələri daim hibrid müharibədə ittiham edən Qərb mediasının özü Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin bəyanatında bildirilir.
Bəyanatda deyilir: “Bu fakt bir daha göstərir ki, regionda qonşu dövlətlər arasında münasibətlərin normallaşması, sabitliyin və firavanlığın möhkəmlənməsi müəyyən dairələrin maraqlarına cavab vermədiyindən, ölkəmizin informasiya məkanını çirkləndirmək və cəmiyyətdə süni təşviş yaratmaq məqsədi daşıyan klassik dezinformasiya halları intensivləşib.
Ümumi informasiya mühitinin monitorinqi və təhlili göstərir ki, son dövrlər bir sıra Qərb media resurslarında Azərbaycana qarşı həqiqətə uyğun olmayan məlumatların yayılması kampaniyası müşahidə olunur. Xüsusilə, Böyük Britaniyanın “The Independent”, “The Guardian” qəzetlərində və BBC teleradio və yayım şirkətində, ABŞ-nin CNN telekanalında, Fransanın “Le Monde” qəzetində, Polşanın TVP telekanalı və digər resurslarda yayılan materiallardakı aşkar birtərəfli yanaşma və əsassız mülahizələr Azərbaycanın beynəlxalq imicini hədəf alan informasiya hücumunun tərkib hissəsidir.
Bu qəbildən olan fərziyyə və iddiaların yayılması informasiya manipulyasiyasının açıq təzahürü kimi qiymətləndirilməlidir.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ölkəmizin suverenliyinə, daxili və xarici siyasətinə, eləcə də beynəlxalq nüfuzuna kölgə salmaq məqsədi daşıyan bu kimi halların araşdırılması və dezinformasiya cəhdlərinin qarşısının alınması istiqamətində lazımi tədbirlər görməkdə davam edəcək”.
Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir
Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib
Sahibə Qafarova: Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır
Vüqar Rəhimzadə: Tibb işçilərinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib