09 sentyabr 2026 15:38
88

BSU 5 ölkədən 17 tələbəni bir araya gətirib - FOTO

Bakı Slavyan Universitetinin (BSU) təşkilatçılığı ilə 7–13 sentyabr tarixlərində Azərbaycanşünaslıq üzrə Beynəlxalq Yay Məktəbi keçirilir. Yay məktəbində İtaliya, Polşa, Bolqarıstan, Qazaxıstan və Özbəkistanı təmsil edən ümumilikdə 17 nəfər - müəllim, tələbə və şagird iştirak edir.

“İki sahil” xəbər verir ki, beynəlxalq proqram çərçivəsində iştirakçılar Azərbaycanın dili, tarixi, ədəbiyyatı, mədəniyyəti, geosiyasi mövqeyi və müasir inkişaf perspektivləri ilə yaxından tanış olurlar.

Proqramın ilk günlərində xarici tələbələrə BSU-nun fəaliyyəti, təhsil imkanları və beynəlxalq əməkdaşlıq istiqamətləri barədə təqdimat keçirilib. Daha sonra iştirakçılar praktiki Azərbaycan dili dərslərində iştirak ediblər.

Yay məktəbinin ən maraqlı məqamlarından biri BSU-nun LingAI Lab dil laboratoriyasında təşkil olunan interaktiv dərslər olub. Tələbələr laboratoriyanın imkanları ilə tanış olub, müasir texnologiyaların dil öyrənmə prosesində tətbiqini əyani şəkildə müşahidə ediblər. Virtual reallıq eynəklərindən istifadə etməklə Azərbaycan dili üzrə interaktiv dərs keçirilib.

Proqram çərçivəsində tələbələr Azərbaycan tarixi və mədəniyyəti, İpək Yolu, Azərbaycanın geosiyasi mövqeyi, beynəlxalq münasibətlərdə rolu, Qarabağ Zəfəri və sülh prosesi, Zəngəzur dəhlizinin əhəmiyyəti, eləcə də Azərbaycan ədəbiyyatı və mədəniyyəti haqqında mühazirələr dinləyiblər.

 Yay məktəbinin mədəni proqramı çərçivəsində iştirakçılar Şəhidlər xiyabanını, Azərbaycan Tarix Muzeyini və  Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyatı muzeyini ziyarət ediblər. Bu səfərlər tələbələrə Azərbaycanın tarixi və milli-mədəni irsi ilə daha yaxından tanış olmaq imkanı yaradıb.

Beynəlxalq Yay Məktəbi tələbələr üçün yalnız akademik deyil, həm də mədəniyyətlərarası ünsiyyət, yeni dostluqlar və Azərbaycan haqqında canlı təəssüratlar qazandıran zəngin bir təcrübədir.