11 sentyabr 2026 20:30
90

Naxçıvan komandası Türkiyədə keçirilən beynəlxalq turnirin qalibi olub

Türkiyənin Artvin şəhərində “Mehmet Sosanoğlu Sərbəst Güləş Festivalı” adlı beynəlxalq idman tədbiri keçirilib.

“İki sahil” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, 14-15 yaş qrupunu əhatə edən turnirdə 20 ölkədən 140 idmançı iştirak edib. Yarışda Azərbaycanı təmsil edən Naxçıvan komandası yüksək nəticə göstərərək komanda hesabında birinci yerə layiq görülüb. Türkiyə Güləş Federasiyasının prezidenti Taha Akgül komandamıza kubok təqdim edib. Gürcüstan ikinci, Türkiyə və İran isə üçüncü yerə sahib çıxıblar. Naxçıvan komandası yarışda baş məşqçi – Əməkdar məşqçi Faiq İsgəndərov, məşqçilər Orxan Əsgərov, Barı Əliyev, Nihad Muradov və 11 idmançı ilə təmsil olunub. Komandamız 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.

Təmsilçilərimizdən Cahangir Əhmədov (44 kq), Alcəfər Musayev (48 kq) və Şamxal Əlizadə (57 kq) birinci yerin sahibi kimi qızıl medal əldə ediblər. Ramazan Məmmədli (30 kq) gümüş, Adəm Babayev isə (100 kq) bürünc medalçı olub.