Şimali Koreya şənbə günü Yapon dənizi istiqamətində bir neçə qısa mənzilli ballistik raket buraxıb.
“İki sahil” xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinə istinadən "Yonhap" agentliyi məlumat yayıb. Məlumata görə, raketlər Vonsan ərazisindən saat 05:20 (Bakı vaxtı ilə 00:20) radələrində buraxılıb və təxminən 250 kilometr uçduqdan sonra dənizə düşüb. Cənubi Koreya hərbçiləri amerikalı həmkarları ilə birlikdə buraxılan raketlərin dəqiq xüsusiyyətlərini təhlil edirlər.
Buraxılışlar Cənubi Koreya, ABŞ və Yaponiyanın birgə hərbi təlimlərinin başa çatmasından bir gün sonra baş verib. Mənbələrin məlumatına görə, Koreya Xalq Demokratik Respublikası (KXDR), ehtimal ki, "Hvason-11" seriyalı ballistik raketlərin və 600 mm kalibrli yaylım atəşli reaktiv sistem mərmilərinin bir neçə ardıcıl buraxılışını həyata keçirib.