12 sentyabr 2026 18:02
84

Ankarada Əhməd bəy Ağaoğlunun barelyefinin açılışı olacaq

Sentyabrın 18-də Türkiyənin paytaxtı Ankarada görkəmli ictimai-siyasi xadim, publisist, yazıçı, hüquqşünas, şərqşünas-islamşünas Əhməd bəy Ağaoğlunun barelyefinin açılışı olacaq.

“İki sahil” xəbər verir ki, layihə ölkəmizin Ankaradakı səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə həyata keçirilir. Şuşa şəhərinin görkəmli yetirməsinin barelyefi ilə yanaşı, ilk müəllimlərindən birinin Əhməd bəy Ağaoğlunun olduğu Ankara Universitetinin Hüquq fakültəsində onun adını daşıyan mühazirə zalının da açılışı təşkil ediləcək.

Əhməd Mirzə Həsən oğlu Ağayev 1869-cu ilin dekabrında Şuşa şəhərində anadan olub. Şuşada, daha sonra isə Tbilisidə liseyi bitirən Əhməd bəy Ağaoğlu təhsilini Parisdə davam etdirib. 1897-ci ildə tanınmış neft maqnatı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə Əhməd bəy Bakıya köçüb. Burada məktəbdə fransız dilindən dərs deyib, “Kaspi” qəzeti ilə əməkdaşlıq edib. 1907-ci ildə rus dilində “Proqress” qəzetini nəşr edib. 1908-ci ilin iyunundan “Tərəqqi” qəzetini nəşr etməyə başlayıb və 1909-cu ildə Türkiyəyə gedənədək onun naşiri olub.

Əhməd bəy Ağaoğlu 1918-ci ildə Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın siyasi müşaviri kimi Azərbaycana gəlib. 1919-cu ildə Paris Sülh Konfransına yollanan nümayəndə heyətinin tərkibinə daxil olub, lakin daşnakların müraciəti əsasında Böyük Britaniyanın hakimiyyət orqanları tərəfindən həbs edilib. O, İstanbul həbsxanasında qısa müddət saxlanıldıqdan sonra Maltaya sürgün olunub. Osmanlı imperiyasının süqutundan sonra yaranmış Türkiyə Respublikası Maltadakı vətəndaşlarını britaniyalı hərbi əsirlərlə dəyişdirmək barədə razılığa gəlib. Azad edilərək geri qayıdanlar arasında Əhməd bəy Ağaoğlu da olub. Əhməd bəy Ağaoğlu Türkiyədə formalaşmış hökumətin və şəxsən Mustafa Kamal Atatürkün böyük etimadını qazanıb. İlk görüş zamanı soydaşımız haqqında Atatürkdə müsbət fikir formalaşıb. 1921-ci ildə Əhməd bəy Ağaoğlu mətbuat direktoru təyin olunub və Türkiyə xalqının istiqlal müharibəsinin təbliğatçılarından birinə çevrilib. O, “Anadolu” agentliyinin ilk İdarə Heyətinin sədri olub, Ankara Universitetində dərs deyib. Türk dünyasının tanınmış oğlu Əhməd bəy Ağaoğlu 1939-cu il mayın 19-da doğma Şuşadan uzaqda, İstanbulda vəfat edib.

Əhməd bəy Ağaoğlunun həm Azərbaycanda, həm də Türkiyədə çoxşaxəli fəaliyyəti belə görkəmli şəxsiyyət yetişdirmiş Azərbaycan xalqının potensialını nümayiş etdirir.