13 sentyabr 2026 21:16
101

Tisa çayında Buz dövrünə aid mağara ayısının qalıqları aşkarlanıb

Macarıstanın Tisa çayında Buz dövrünə aid mağara ayısının qalıqları aşkarlanıb.

“İki sahil” xəbər verir ki, tapıntı çayda suyun səviyyəsinin aşağı düşməsi nəticəsində üzə çıxıb. Szolnok və Kişkörö arasında kayakla hərəkət edən Orta Tisa Rayon Su İdarəsinin əməkdaşları çayın dibindən çıxan böyük əşyanı əvvəlcə köhnə lövbər hesab ediblər. Lakin əraziyə daha yaxından baxış zamanı bunun iri heyvana məxsus sümük qalıqları olduğu müəyyənləşib. Tapıntının təxminən dörddə üç hissəsi çınqıllı çay yatağında basdırılmış vəziyyətdə olub və aşağı su səviyyəsi onun çıxarılmasına imkan verib.

Qalıqlar Szolnokdakı Damjaniç Yanoş Muzeyinə aparılıb. Mütəxəssislərin ilkin qiymətləndirməsinə görə, tapıntı Pleistosen dövründə Avropanın geniş ərazilərində yaşamış mağara ayısının kəlləsidir. Min illər əvvəl nəsli kəsilən bu heyvanlar, adətən, sığınmaq, həmçinin qışlamaq üçün mağaralardan istifadə ediblər. Kəllənin dəqiq yaşı hələ müəyyən edilməyib. Muzeyin mütəxəssisləri əlavə araşdırmalar apararaq, heyvanın nə vaxt yaşadığını müəyyənləşdirəcəklər.