16 sentyabr 2026 18:10
440

Sevda Məmmədzadənin qızından həkimlərə təşəkkür: Anam hələ yaşayır, mən ümidimi itirməyəcəyəm

 

Əməkdar artist, uzun illər Azərbaycan Radiosunda diktor kimi fəaliyyət göstərmiş Sevda Saleh qızı Məmmədzadənin qızı anasının müalicəsini davam etdirən həkimlərə təşəkkür edib.

Əməkdar artist Sevda Məmmədzadə sentyabrın 2-də ağır vəziyyətdə Nizami Tibb Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib.

“İki sahil” xəbər verir ki,  buna səbəb onun işemik insult keçirməsi olub. TƏBİB-dən verilən məlumata görə, 1931-ci il təvəllüdlü pasiyent ağır vəziyyətdə hospitalizasiya olunub. Ona baş-beyin qan dövranının hər iki beyin yarımkürəsində kəskin işemik tipli pozulması, ürəyin işemik xəstəliyi və səyirici aritmiya diaqnozları təyin edilib. Hazırda müalicəsi davam etdirilir və vəziyyəti ağır stabil qiymətləndirilir.

Sevda Məmmədzadənin qızı sosial şəbəkədə paylaşım edərək anasının  günlərdir həyatla ölüm arasında mübarizə apardığını bildirib və xüsusilə Nizami Tibb Mərkəzinin Reanimasiya şöbəsinin müdiri, anestezioloq-reanimatoloq Emin Şirinova təşəkkürünü ifadə edib.

O qeyd edib ki, bu müddət ərzində Emin Şirinov anasının yaşına baxmayaraq müalicədən geri çəkilməyib, əlindən gələn hər şeyi edib:

“Bəzən insanın minnətdarlığını sözlə ifadə etmək mümkün olmur. Nə qədər ‘sağ olun’ desən də, yetmir...

Emin doktor, sizə təşəkkür edirəm. Anam üçün etdiyiniz hər şey üçün, bu ağır günlərdə yanımızda olduğunuz üçün, bir ana həyatını sadəcə yaşına görə yarımçıq görmədiyiniz üçün...”

Sevda Məmmədzadənin qızı Reanimasiya şöbəsinin bütün həkimlərinə, tibb bacılarına və kollektivinə də minnətdarlığını bildirib:

“Başda Emin doktor olmaqla, Reanimasiya şöbəsinin bütün həkimlərinə, tibb bacılarına və bütün kollektivə ürəyimin ən dərin yerindən təşəkkür edirəm. Sizin əməyinizi, gecə-gündüz çəkdiyiniz zəhməti və göstərdiyiniz insanlığı heç vaxt unutmayacağam”.

O, paylaşımında anasını gözləməyə davam etdiyini və ümidini itirmədiyini də vurğulayıb:

“Mən isə hələ də o qapının qarşısında dayanmışam... Hər gün eyni qapıya baxıram. Hər gün eyni ümidlə gözləyirəm. Bəzən gözlərim dolur, səsim tutulur, amma içimdə bir cümlə yenə də susmur: ‘Anam hələ yaşayır...’

Və mən ümidimi itirməyəcəyəm. Çünki ana övladı üçün neçə yaşında olursa-olsun, yenə də ANAdır. Ananın əlləri qırışa bilər, saçları ağara bilər, illər onun üzündə iz buraxa bilər... Amma övladının gözündə o heç vaxt qocalmır. Çünki həqiqətən də anaların yaşı olmur...

Mən anamı gözləyirəm. Son ana qədər. Son ümidə qədər. Bəlkə də bir möcüzəyə qədər... Çünki ana varsa, ümid də var”.

Qeyd edək ki, Sevda Saleh qızı Məmmədzadə uzun illər Azərbaycan Radiosunda diktor kimi çalışıb.

Allah şəfa versin!