17 sentyabr 2026 15:43
99

Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib

Fermer və mütəxəssislərin müasir texnologiyalar üzrə bilik və bacarıqlarının artırılması və innovativ yanaşmaların təşviqi məqsədilə Quba rayonunda Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin təşkilatçılığı, “Prior Leasing” şirkətinin dəstəyi ilə “Kənd təsərrüfatında müasir texnologiyalar və onların tətbiqi” mövzusunda maarifləndirici təlim və sahə görüşü keçirilib.

“İki sahil” xəbər verir ki, Aqrar Təlim Mərkəzinin direktoru Rəşad Mehdizadə kənd təsərrüfatında müasir texnologiyaların və innovativ yanaşmaların əhəmiyyətindən danışıb, onların məhsuldarlığın artırılması, xərclərin optimallaşdırılması və resurslardan səmərəli istifadəyə imkan verdiyini bildirib. O qeyd edib ki, bu istiqamətlər “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın prioritetləri ilə uzlaşır. Dövlət Proqramında rəqəmsal və data əsaslı idarəetmənin gücləndirilməsi, texniki imkanların və informasiya-məsləhət xidmətlərinin inkişafı, innovasiyaların təşviqi əsas istiqamətlər kimi müəyyənləşdirilib. Rəşad Mehdizadə vurğulayıb ki, bu məqsədlərə nail olunmasında fermerlərin və aqrar mütəxəssislərin müasir texnologiyalar üzrə bilik və bacarıqlarının artırılması, eləcə də dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi mühüm rol oynayır. Aqrar Təlim Mərkəzinin regionlarda keçirdiyi tədbirlər isə yeni texnologiyaların və texnikaların tətbiq imkanlarının nümayişi və onların səmərəli istifadəsi üzrə praktiki biliklərin formalaşdırılmasına xidmət edir.

Daha sonra “Prior Leasing” şirkətinə məxsus müasir kənd təsərrüfatı texnikaları nümayiş olunub. Nümayiş zamanı iştirakçılara texnikaların əsas texniki göstəriciləri, iş prinsipi, funksional imkanları və müxtəlif aqrar istehsal sahələrində tətbiq xüsusiyyətləri barədə ətraflı məlumat verilib. Mütəxəssislər tərəfindən texnikaların əkin, torpağın hazırlanması, səpin, becərmə və digər kənd təsərrüfatı işlərində istifadəsi imkanları izah olunub, onların istehsal proseslərinin optimallaşdırılması və işlərin daha səmərəli təşkilinə verdiyi töhfələr diqqətə çatdırılıb.

İştirakçılara texnikaların idarə olunması və düzgün istismarı qaydaları əyani şəkildə göstərilib. Bununla yanaşı, texnikalardan istifadə zamanı əməyin mühafizəsi və təhlükəsizlik tələblərinə riayət olunması, avadanlıqların texniki baxışının vaxtında həyata keçirilməsi, istismar qaydalarına düzgün əməl edilməsi və mümkün risklərin qarşısının alınması ilə bağlı tövsiyələr verilib.