Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatının X konfransı keçirilib.
“İki sahil” xəbər verir ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, rayon təşkilatı hesabat dövründə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində məqsədyönlü fəaliyyət göstərib. Partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması, ideoloji işin gücləndirilməsi diqqət mərkəzində saxlanılan əsas məsələlərdən olub.
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev bildirib ki, ölkəmizin bütün bölgələrində olduğu kimi, Kəlbəcər rayonunda da genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Azərbaycanın qazandığı tarixi qələbələr nəticəsində uzun illər yurd həsrəti ilə yaşayan kəlbəcərlilər də doğma torpaqlarına qayıdırlar.
Milli Məclisin deputatı Kamran Bayramov partiyanın ölkənin ictimai-siyasi həyatında aparıcı rolundan danışıb. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycana möhtəşəm nailiyyətlər qazandırır.
YAP İdarə Heyətinin üzvü Bayram Aslanov Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsindən və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi nailiyyətlərdən danışıb. Onun sözlərinə görə, ölkəmizin ərazi bütövlüyünü və suverenliyinin bərpası dövlətçilik tariximizin ən möhtəşəm uğurlarındandır.
Partiya veteranı Əli Bağırov və partiya fəalı Rəşanə Mamedova hesabat məruzəsi ilə bağlı fikirlərini bildiriblər.
YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Rəşad Abbaszadə rayon təşkilatınıın müasir çağırışlara uyğun olaraq fəaliyyət göstərdiyini deyib, qarşıda duran vəzifələrdən bəhs edib.
Konfransda YAP Kəlbəcər rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
AAYDA əməkdaşların institusional inkişaf proqramı çərçivəsində növbəti təlim keçirib
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Şərurda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
Bakıda “Tarixi-dini abidələrin qorunması: Çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib