17 sentyabr 2026 19:10
157

Şamaxı Azərbaycanın cəlbedici turizm məkanlarından biridir - TƏHLİL

Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şamaxı rayonuna səfərləri çərçivəsində açılışında iştirak etdikləri, görülən işlərlə tanış olduqları sosial obyeklər də bunun təsdiqidir

Regionların sosial-iqtisadi inkişafı ölkənin strateji kursunun əsas prioritetlərindən biridir. İqtisadiyyatın şaxələndirilməsi və regionların potensialından səmərəli istifadə edilməsi diqqət mərkəzindədir. Cənab İlham Əliyev 2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyaraq bu istiqamətdə davamlı addımlar atır. Bölgələrin malik olduğu potensial imkanlardan səmərəli istifadə etmək məqsədilə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının təsdiqlənməsi və uğurlu sonluqla başa çatması növbəti sənədin qəbulunu şərtləndirdi. Məqsəd qeyri-neft sektorunun sürətli inkişafına nail olmaq, iqtisadiyyatın səmərəliliyini, rəqabət qabiliyyətini artırmaq və innovasiya əsaslı irəliləyişini təmin etməkdir. Aparılan iqtisadi islahatlar nəticəsində son illərdə bu sahənin inkişafı təmin edilməklə, onun ümumi daxili məhsulda xüsusi çəkisi əhəmiyyətli dərəcədə artıb. Bu gün böyük əminliklə qeyd edirik ki, Azərbaycanın neft sektoru ilə yanaşı, qeyri-neft sektoru da dünyanın diqqətindədir. Bu sahəyə investisiyaların artırılması üçün geniş imkanlar mövcuddur. Təkcə bu rəqəmi qeyd etmək kifayətdir ki, ölkə iqtisadiyyatına bu illər ərzində 350 milyard dollara yaxın investisiya yatırılıb ki, bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Regionların inkişafı yeni iş yerlərinin yaradılması kimi qəbul edilir. Dövlət proqramlarının icrası nəticəsində regionlarda yeni istehsal müəssisələrinin yaradılması, sosial layihələrin uğurlu icrası yeni iş yerlərinin yaradılmasına, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönələn işsizlik və yoxsulluq probleminin həllinə xidmət edir. Bu gün yoxsulluq Azərbaycanda 5 faiz səviyyəsindədir. 2003-cü ildə təxminən 50 faiz idi. Yeni iş yerlərinin yaradılması qarşıya prioritet məsələ kimi qoyulub. Dövlətimizin başçısı İlham Əliyev hər zaman çıxışlarında bildirir ki, yeni iş yerlərinin yaradılması daimi prosesdir.

Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən «Neft kapitalını insan kapitalına çevirək!» tezisini irəli sürdü. Ölkəmizdə enerji sektorundan asılılığın minimuma endirilməsi istiqamətində atılan addımlar, iqtisadiyyatın şaxələndirilməsi siyasəti beynəlxalq aləmdə də təqdir olunur, qeyri-neft sektoruna investisiya axını sürətlənir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrasının nəticəsi olaraq dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da sosialyönümlü layihələrin icrasını sürətləndirir. Prezident İlham Əliyevin bölgələrə davamlı səfərləri Dövlət Proqramından irəli gələn vəzifələrin icrasında əhəmiyyətli rol oynadı. Dövlətimizin başçısı görülən işlərlə yaxından tanış olmaq məqsədilə mütəmadi olaraq regionlara səfər edir, ictimaiyyət nümayəndələri ilə görüşür, onları narahat edən məsələləri özlərinin dilindən eşidir. Regionlarda yaradılan şərait bazar iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafına geniş təkan verir. Məhz bu baxımdan ölkə Prezidenti İlham Əliyev bildirir ki, sahibkarlığın inkişafı haqqında danışarkən mütləq Regional İnkişaf proqramlarını qeyd etməliyik. Birinci proqram 2004-cü ilin əvvəlində - fevral ayında qəbul edilmişdir. Bu proqramın qəbul edilməsi dövlət başçısının 2003-cü ildə seçkiqabağı platformasının bir hissəsi idi. Cənab İlham Əliyev həmin vaxt bəyan etmişdi ki, əgər xalq etimad göstərərsə, regionların inkişafı əsas vəzifələrdən biri olacaq və belə də oldu. 2004-cü ildə birinci, 2009-cu ildə ikinci, 2014-cü ildə üçüncü, 2019-cu ildə dördüncü Regional inkişaf proqramları qəbul olundu və uğurla icra edildi.

Ölkənin davamlı inkişafında iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyev qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün infrastrukturun yenilənməsini, beynəlxalq standartlara uyğunlaşdırılmasını vacib amil kimi diqqətə çatdırır. Atılan addımlarda əsas məqsəd bölgələrin inkişafına nail olmaqla yanaşı, sahibkarlara dəstək göstərməkdir. İnfrastrukturun yenilənməsi öz növbəsində iş adamlarının fəaliyyətlərini daha yüksək səviyyədə qurmalarını şərtləndirir. Bu gün asan dəstək funksiyasını yerinə yetirən ABAD mərkəzlərinin normal fəaliyyətində bu amillərin rolu böyükdür. Həmçinin son illərdə dövlət başçısı İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını qarşıya prioritet məsələ kimi qoyub. Bütün bu hədəflər özlüyündə kompleks tədbirlərin həyata keçirilməsini bir zərurət kimi şərtləndirir.

Azərbaycanın uğurlu inkişafı beynəlxalq maliyyə qurumlarının hesabatlarında da yüksək dəyərləndirilir. Azərbaycan mövqeyini uğurlu islahatları ilə möhkəmləndirir, hər bir hesabat əvvəlki ilin hesabatından yeniliyi ilə seçilir. “Biz, əlbəttə ki, öz işimizi reytinq almaq üçün qurmuruq” söyləyən Prezident İlham Əliyev, eyni zamanda, bildirir ki, əlbəttə, belə fikirlər ortaya qoyulanda həm bizi daha da sevindirir, həm də dünyanın bütün maliyyə qurumlarına bir siqnaldır. Ölkə Prezidenti bu uğurlarımızda bir məqamı xüsusi qeyd edir ki, 1990-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində bəzi təhlilçilər deyirdilər ki, neft Azərbaycana xoşbəxtlik gətirməyəcək, problem gətirəcək. Ancaq biz bu təbii sərvətimizdən maksimum dərəcədə səmərəli istifadə edə bilmişik, ölkəmizi möhkəmləndirmişik, möhkəm dövlət qurmuşuq və müstəqil ölkə kimi yaşayırıq.

Hazırda qeyri-neft sektorunun inkişafı əsas prioritetlər sırasındadır. Özünüməşğulluq proqramının icrası, əhalinin sosial müdafiəsinin gücləndirilməsi əsas məsələ kimi öndədir. Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyinin olmadığını qeyd edən cənab İlham Əliyev bildirir ki, güclü iqtisadiyyat yaradaraq, sosial məsələlərin həlli istiqamətində addımlar atırıq. Bütün bu addımlar isə insan amilinə verilən dəyərdən, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayanmasından irəli gəlir.

Hazırkı dövrün əsas çağırışı işğaldan azad edilmiş ərazilərimizin bərpası, Böyük Qayıdış Proqramının uğurlu icrasıdır. Şanlı Qələbəmizin reallıqaları əsasında təsdiqlənən “Azərbaycan 2030: social-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də əsas hədəflərdən biri Böyük Qayıdış Proqramının icrasıdır. Bu sənəd, həmçinin qeyri-neft sektorunun inkişaf etdirilməsini dövrün əsas çağırışlarından biri kimi diqqətdə saxlayır. Hər bir bölgənin şzünəməxsus imkanlara malik olması ölkəmizin dayanıqlı inkişafında əhəmiyətli rol oynayır. Cənab İlham Əliyevin azad Qarabağ və azad Şərqi Zəngəzur ilə yanaşı, digər bölgələrimizə də davamlı səfərləri bir daha təsdiqləyir ki, bütün regionların davamlı, müasir tələblərə uyğun inkişafı dövlətin iqtisadi siyasətinin əsasında dayanır, ən əsası dövlətimizin başçısının diqqətindədir.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın sentyabrın 17-də Şamaxı rayonuna səfərləri də bunun bariz nümunəsidir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Nəsimi Bağları” kompleksi, Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış oldular, “Pirqulu Park” hotelinin, “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında etdilər. Qeyd edək ki, qədim tarixi, zəngin mədəni irsi, gözəl təbiəti və özünəməxsus mülayim iqlimi ilə seçilən Şamaxı Azərbaycanın cəlbedici turizm məkanlarından biridir. Dağ mənzərələri, üzüm bağları, qədim abidələri və qonaqpərvərlik ənənələri bu bölgəni istirahət və səyahət üçün həm yay, həm də qış fəslində əlverişli edir. Şamaxıda yeni hotelin açılması isə turizm infrastrukturunun inkişafına töhfə olaraq yerli və xarici qonaqların rahat istirahəti, rayonun turizm potensialından daha səmərəli istifadəsi və yerli iqtisadiyyatın inkişafı üçün əlavə imkanlar yaradacaq. Pirqulu qəsəbəsində inşa edilən hotel Şamaxı Astrofizika Rəsədxanasının yaxınlığında yerləşir. Ərazisi 16 hektar olan kompleksə 2 hotel binası daxildir. Binalardan biri 188, digəri isə 172 yerlikdir. Burada müxtəlif kateqoriyadan 175 nömrə və 2 kottec var. Bu isə eyni vaxtda hoteldə 366 qonağın qalmasına imkan verir. Kompleksdə restoranlar, kafelər, görüş və təlimlər üçün 160 yerlik zal mövcuddur. Ərazidə 600 nəfərlik konqres binası, uşaq əyləncə mərkəzi, amfiteatr yaradılıb. Bu reallığı xüsusi qeyd etməliyik ki, Azərbaycanda turizm sektorunun davamlı və hərtərəfli inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Vətənimizin zəngin təbii resursları, qədim tarixi-mədəni irsi və nadir iqlim müxtəlifliyi ilə yanaşı, turizm sənayesinin inkişafı ilə bağlı dövlət səviyyəsində görülən işlər Azərbaycanı dünyanın hər yerindən olan turistlər üçün cəlbedici ölkəyə çevirib. “Nəsimi Bağları” kompleksi Şamaxı rayonunda yeni istifadəyə verilən, sakinlərin və qonaqların asudə vaxtlarını səmərəli keçirilmələri üçün yaradılmış növbəti bir məkandır. Kompleks Şamaxı rayonunda turizmin inkişafına töhfə vermək, bölgənin turizm potensialını artırmaq, ərazinin təbii xüsusiyyətlərini qorumaq, həmçinin ailəvi istirahətin və asudə vaxtın səmərəli təşkili üçün rahat mühit yaratmaq prinsipləri əsasında qurulub. Tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir. Burada aparılan ilkin arxeoloji tədqiqatlar nəticəsində XIV əsrin ortalarına aid türbə qalıqları və onun məhz xəlvətilik təliminin banisi Pir Ömər Avaxılıya aid olduğunu təsdiqləyən artefaktlar tapılıb. Bu ziyarətgahın bərpası dini-tarixi abidələrin qorunub saxlanılması istiqamətində dövlət tərəfindən həyata keçirilən kompleks tədbirlərin tərkib hissəsidir. Pir Ömər Sultan ziyarətgahının konservasiyasının Heydər Əliyev Fondunun dəstəyi ilə aparılması isə Fondun ölkəmizdə dövlət səviyyəsində icra edilən bu işlərə verdiyi böyük dəstəkdir.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Regional inkişaf proqramları, Milli Prioritetlər. onların əsasında müəyyənləşdirilən hədəflər Azərbaycanın güclü iqtisadi gələcəyinin təminatıdır. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar islahatlar, dövrün çağırışlarını özündə ehtiva edən tədbirlər təsdiqləyir ki, ölkəmizin dayanıqlı inkişafı üçün bütün imkanlar mövcuddur. Reallıq budur ki, yalnız paytaxt Bakı deyil, bütün bölgələrimiz malik olduqları resurslarla diqqətdədirlər.

Yeganə Əliyeva, “İki sahil”