Sentyabrın 17-də Milli Məclisin Səhiyyə komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib.
“İki sahil” xəbər verir ki, iclasda çıxış edən komitə üzvü, Milli Məclisin deputatı Müşfiq Məmmədli Azərbaycanda süni intellekt və rəqəmsal texnologiyaların səhiyyə sahəsində tətbiqinin genişləndirilməsinin vacibliyini vurğulayıb. O, yeni istifadəyə verilmiş SABAH.city innovasiya şəhərciyinin bazasında “Səhiyyə və Süni İntellekt Mərkəzi”nin yaradılmasını təklif edib.
Deputatın sözlərinə görə, SABAH.city-də universitetlərin, elmi-tədqiqat laboratoriyalarının, texnologiya şirkətlərinin və startapların vahid ekosistemdə birləşdirilməsi elmin iqtisadiyyata və real xidmətlərə inteqrasiyası üçün yeni imkanlar yaradır. Bu imkanlardan səhiyyə sistemində də məqsədyönlü şəkildə istifadə etmək mümkündür.
M.Məmmədli bildirib ki, yaradılması təklif olunan mərkəzin əsas məqsədi süni intellekt və rəqəmsal texnologiyaların səhiyyədə praktiki tətbiqini sürətləndirmək, yerli tibbi texnologiyaların hazırlanmasını təşviq etmək, eləcə də universitetlər, xəstəxanalar və texnologiya şirkətləri arasında əməkdaşlığı institusional səviyyəyə yüksəltməkdən ibarət ola bilər.
Deputat mərkəzin fəaliyyətində bir sıra prioritet istiqamətlərin nəzərə alınmasını təklif edib. Onun sözlərinə görə, radiologiya, onkologiya, kardiologiya, oftalmologiya və patologiya sahələrində süni intellekt əsaslı erkən diaqnostika sistemlərinin hazırlanması həkimlərin klinik qərarverməsini dəstəkləyə bilər.
M.Məmmədli Azərbaycan səhiyyəsində formalaşan böyük həcmli tibbi məlumatların analitik imkanlarından istifadəni də vacib hesab edib. O qeyd edib ki, şəxsi məlumatların qorunması və tibbi sirr tələblərinə riayət olunmaqla anonimləşdirilmiş məlumatlardan xəstəliklərin yayılmasının, tibbi xidmətlərə tələbatın və səhiyyə xərclərinin proqnozlaşdırılmasında istifadə etmək mümkündür.
Çıxışında Azərbaycan dilində tibbi süni intellekt həllərinin hazırlanmasının strateji əhəmiyyətinə toxunan deputat yerli dil modellərinin tibbi sənədlərin hazırlanması, elektron tibbi qeydlərin təhlili, həkimlərin klinik qərarverməsinə dəstək və pasiyentlərin maarifləndirilməsi məqsədilə tətbiqini təklif edib.
O, yerli HealthTech startaplarının dəstəklənməsini də prioritet istiqamətlərdən biri kimi qeyd edib. Deputatın fikrincə, mühəndislər, proqramçılar və həkimlərin birgə fəaliyyəti nəticəsində tibbi cihazlar, telemedisin sistemləri, mobil səhiyyə tətbiqləri və süni intellekt məhsulları hazırlana bilər.
M.Məmmədli perspektivli layihələrin pilot qaydada TƏBİB-in və ayrı-ayrı tibb müəssisələrinin iştirakı ilə sınaqdan keçirilməsini, effektivliyi təsdiqlənən həllərin isə daha geniş tətbiq olunmasını mümkün hesab edib.
Deputat bildirib ki, təklif olunan mərkəz tibb və texnologiya təhsilinin inteqrasiyasına da xidmət etməlidir. Onun sözlərinə görə, gələcəyin həkimləri klinik biliklərlə yanaşı, rəqəmsal səhiyyə, tibbi məlumatların təhlili və süni intellekt sahəsində baza biliklərinə də yiyələnməlidirlər.
Çıxış zamanı Azərbaycan Tibb Universiteti, digər ali təhsil müəssisələri, TƏBİB, Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi, SABAH.city, texnologiya şirkətləri və özəl tibb sektoru arasında əməkdaşlıq üçün vahid platformanın yaradılması təklif olunub.
M.Məmmədli süni intellektin səhiyyədə tətbiqinin yalnız texnoloji məsələ olmadığını vurğulayıb. O, pasiyent məlumatlarının məxfiliyi, alqoritmlərin təhlükəsizliyi, klinik məsuliyyət, etik prinsiplər və insan nəzarəti ilə bağlı məsələlərin hüquqi və institusional çərçivədə tənzimlənməsinin vacibliyini diqqətə çatdırıb.
“Süni intellekt həkimi əvəz edən deyil, onun imkanlarını genişləndirən və qərarverməsini dəstəkləyən vasitə olmalıdır”, – deyə deputat qeyd edib.
O bildirib ki, Azərbaycan yalnız xaricdə hazırlanmış tibbi texnologiyaları idxal edən ölkə olmaqla kifayətlənməməli, öz tibbi süni intellekt məhsullarını hazırlayan və gələcəkdə onları region ölkələrinə ixrac edə bilən ekosistem qurmağa çalışmalıdır.
Deputat SABAH.city-də “Səhiyyə və Süni İntellekt Mərkəzi”nin yaradılması təşəbbüsünün aidiyyəti dövlət qurumları və ali təhsil müəssisələrinin iştirakı ilə müzakirə olunmasını, eləcə də bu istiqamətdə konsepsiyanın hazırlanmasını təklif edib.
AAYDA əməkdaşların institusional inkişaf proqramı çərçivəsində növbəti təlim keçirib
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Şərurda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
Bakıda “Tarixi-dini abidələrin qorunması: Çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib