11 yanvar 2017 14:28
266

ABŞ-da gizli neft satışı qalmaqalı

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yeni yaradılacaq administrasiyasında dövlət katibi postuna ən real namizəd hesab olunan Rex Tillerson haqqında bir sıra gizli məqamlar ortalığa çıxıb. Belə ki, ölkənin enerji nəhənglərindən sayılan “Exxon Mobil” neft şirkətinin prezidenti olan Tillersonun adı ABŞ-ın “qara siyahıya” saldığı İran, Suriya, Sudan kimi ölkələrə gizli yollarla neft satmaq qalmaqalında hallanır.

“USA Today” qəzeti ABŞ Birjalar və Qiymətli Kağızlar Fondunun sənədlərinə istinadən bildirir ki, “Exxon Mobil” şirkəti Donald Trampın ABŞ dövlət katibi postuna göstərdiyi Rex Tillerson şirkətə rəhbərlik etdiyi dönəmdə ABŞ-ın “Terroru Dəstəkləyən Dövlətlər Siyahısı”nda yer alan 3 ölkəyə - İran, Suriya və Sudana gizli yollarla neft satıb.

Həmçinin  qəzetdəki materialda qeyd olunub ki, iqtisadi sanksiyaların əksinə olaraq reallaşdırılan satışlar “Exxon Mobil” şirkətinin səhmlərinin 50%-nə sahib olan “İnfineum” enerji şirkəti tərəfindən 2003-2005-ci illər aralığında həyata keçirilib.

Şirkətin 2006-cı ildə ABŞ Birjalar və Qiymətli Kağızlar Fonduna təqdim etdiyi sənədlərdə “İnfineum” şirkətinin sözügedən dönəmdə İrana 53,3 milyon, Suriyaya 1,1 milyon və Sudana 600 min dollar həcmində “qara qızıl” satdığı göstərilir.

Qalmaqalla bağlı “Exxon Mobil” şirkətindən gələn açıqlamada bildirilir ki, “İnfineum” şirkəti Avropada fəaliyyət göstərdiyindən onun ABŞ-ın tətbiq etdiyi sanksiyalara ayaq uydurmaması normaldır: “İnfineum şirkəti Avropada fəaliyyət göstərdiyi üçün və heç bir ABŞ vətəndaşının satış proseslərində əlinin olmadığını nəzərə alsaq, bu işdə Rex Tillersonu və “Exxon Mobil” şirkətini günahlandırmaq olmaz”

Həmidağa Məcidov, “İki sahil”