2026-cı il sentyabrın 20-si Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur. Bu tarix ölkəmizin yeni dövrünün, işğaldan azad edilmiş torpaqlarda həyatın bərpasının, qayıdışın və davamlı inkişafın rəmzlərindən birinə çevrilib. Artıq ikinci ildir ki, bu gün geniş şəkildə anılır və yalnız rəsmi tədbirlərlə deyil, həm də quruculuq işlərinin gedişi, sakinlərin geri dönüşü, yeni müəssisələrin açılışı və beynəlxalq əhəmiyyətli görüşlərlə diqqət mərkəzində saxlanılır. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin azad olunması Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda mühüm mərhələ idi. Bu şəhərlər tarixi, mədəni, iqtisadi və strateji baxımdan Qarabağın ayrılmaz hissəsidir. Ona görə də sentyabrın 20-si həm keçmişin ağrılı səhifələrini xatırladır, həm də gələcəyə doğru inamı gücləndirir.
2023-cü il oktyabrın 15-i bu şəhərlərin taleyində dönüş nöqtəsi kimi yadda qaldı. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev həmin gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu, sadəcə bayraq qaldırma mərasimi deyildi; bu, uzun illər həsrətində qalınan torpaqların yenidən ana yurda qovuşmasının təsdiqi, suverenliyin və qanunun bərqərar olmasının nümunəsi idi. Elə həmin dövrdə Xankəndinin Kərkicahan qəsəbəsinə, Xocalının Əsgəran qəsəbəsinə və Əsgəran qalasına baxışlar keçirildi, görüləcək işlərin istiqamətləri müəyyənləşdirildi. 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilməsi isə azad şəhərdə hərbi gücün, milli qürurun və dövlətçilik əzminin nümayişinə çevrildi.
Xankəndi bu günlərdə təkcə inzibati mərkəz kimi deyil, həm də Qarabağın elm, təhsil, mədəniyyət, idman və biznes mərkəzlərindən biri kimi formalaşır. 2023-cü il dekabrın 21-də Ağdamın “Qarabağ” komandası Azərbaycan kubokunun 1/8 final mərhələsindəki oyununu adını daşıdığı Qarabağ bölgəsinin mərkəzi şəhərlərindən olan Xankəndidə keçirdi. Bu, idman ictimaiyyəti üçün tarixi hadisə idi. Həmin gün Xankəndidə 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman sahəsinin təltif edilmiş nümayəndələri ilə görüş də baş tutdu. 2024-cü il fevralın 7-də İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndidə səs verdilər. Bu, azad olunmuş şəhərdə vətəndaşlıq hüququnun və seçki prosesinin tam bərpasının göstəricisi oldu. 2024-cü il martın 18-də Xankəndidə Novruz tonqalı alovlandırılması, iyulun 5-də Qarabağ Universitetində görülən işlərlə tanışlıq, “Qarabağ” hotelinin açılışı, Xankəndi Konqres Mərkəzinin təməlqoyma mərasimi və “Palace” hotelinin istifadəyə verilməsi şəhərin sosial-mədəni həyatının sürətlə canlandığını göstərdi. Sentyabrın 19-20-də “Bulud” hotelində təmir-bərpa işləri, Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin açılışı, Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlər, 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı, Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanışlıq, Qarabağ Universitetinin tələbə yataqxanasının və universitetin təmirdən sonra açılışı bu quruculuq prosesinin mühüm halqaları oldu.
2025-ci ildə Xankəndiyə səfərlər daha da intensivləşdi. Fevralın 19-da “Bulud” hotelinin açılışı, Zəfər parkının təməlqoyma mərasimi, Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabrikinin fəaliyyəti ilə tanışlıq keçirildi. İyulun 3-4-də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlqoyma mərasimi, Zəfər parkında tikinti işləri ilə tanışlıq, “Xankəndi” Biznes Mərkəzinin və Xankəndi Konqres Mərkəzinin açılışı, Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxış, “Businesstex JV” tikiş fabrikinin fəaliyyəti ilə tanışlıq, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirinin qəbulu, Pakistanın Baş naziri ilə görüş və İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü Xankəndini beynəlxalq əlaqələrin mərkəzinə çevirdi. İyulun 19-da III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş, sentyabrın 14-də isə Qarabağ Universitetinin Klinikası binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışı oldu. 2025-ci ilin dekabrında Kərkicahan qəsəbəsinə baxış, 1 nömrəli tam orta məktəbin açılışı, köçən sakinlərlə görüş, Qarabağ Universitetinin Mühəndislik fakültəsinin təməlqoyma mərasimi, Biznes və iqtisadiyyat fakültəsinin yeni binasının açılışı, “AzərEnerji” ASC-nin 110/35/10 kV-luq “Xankəndi-1” elektrik yarımstansiyasının açılışı və Zəfər parkının açılışı şəhərin gündəliyini zənginləşdirdi. 2026-cı ildə Mədəniyyət Mərkəzinin, “GP Safety” MMC-nin iş əlcəkləri istehsalı müəssisəsinin, “Xankəndi” hotelinin açılışı və Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar Xankəndinin yalnız bərpa olunan deyil, həm də beynəlxalq tədbirlərə ev sahibliyi edən şəhər olduğunu təsdiqlədi.
Xocalı Azərbaycan xalqının yaddaşında soyqırımı faciəsi ilə yanaşı, həm də azadlıq və ədalət arzusunun simvolu kimi qalıb. 2024-cü il fevralın 26-da Xocalıda Soyqırımı Memorialının təməlqoyma mərasimi keçirildi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüş oldu, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 2026-cı il fevralın 26-da isə Xocalı Soyqırımı Memorialının açılışı baş tutdu. Bu, tarixi yaddaşın əbədiləşdirilməsi və gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyət daşıyır. Xocalıya səfərlər çərçivəsində 2023-cü il iyulun 20-də Çanaqçı və Sığnaq kəndləri ilə tanışlıq, oktyabrın 15-də Xocalı və Əsgəran qəsəbəsində Dövlət Bayrağının ucaldılması, Əsgəran qalasına baxış, 2023-cü il dekabrın 20-22-də Şuşakənd, Dağdağan, Naxçıvanlı, Pircamal, Xanabad və Pirlər kəndlərinə baxışlar keçirildi. 2024-cü il mayın 28-də Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanışlıq, sakinlərlə görüş, iyulun 5-də Xocalı hava limanına baxış, 2025-ci il fevralın 18-19-da Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanışlıq və Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanışlıq mühüm hadisələr oldu. 2025-ci il mayın 9-da “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı, “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xanabad kəndindəki heyvandarlıq kompleksinin açılışı, iyulun 18-də Təzəbinə kəndində görülən işlərlə tanışlıq, Xocalı kərpic zavodunun açılışı və Xanyurdu kəndində sakinlərlə görüş, sentyabrın 14-15-də Şuşakənd, Seyidbəyli, Daşbulaq və Badara kəndlərinə baxışlar, tut bağında görülən işlərlə tanışlıq və sakinlərlə görüşlər Xocalının dirçəlişini sürətləndirdi. 2025-ci il dekabrın 23-də Ballıca kəndində “Accurate Az” MMC-nin ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsinin açılışı, 2026-cı il fevralın 26-da Xanabad kəndində görülən işlərlə tanışlıq, mayın 28-də hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanışlıq və “Qarabağ Tekstil Evi” MMC-nin açılışı iqtisadi canlanmanın göstəriciləridir.
Xocavənd rayonu da azad olunmuş ərazilərin bərpası və məskunlaşdırılması prosesində xüsusi yer tutur. 2021-ci il yanvarın 14-də Böyük Tağlar kəndi ilə tanışlıq, martın 15-də Edilli, Düdükçü kəndləri, Hadrut qəsəbəsində Dövlət bayrağının ucaldılması, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun təməlqoyma mərasimi, Hünərli kəndində qədim Alban məbədinə baxış, Tuğ kəndində dağıdılmış məktəb binasına baxış, Tuğ kəndinin mərkəzi və qədim Alban məbədi, Azıx kəndində Azıx mağarası ilə tanışlıq keçirildi. İyunun 14-də Zəfər yolunun Xocavənd rayonu ərazisindən keçən hissəsində 86 metr uzunluğunda tunelin təməlqoyma mərasimi oldu. 2021-ci il oktyabrın 9-da Hadrut qəsəbəsində yeni məscidin təməlqoyma mərasimi, Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında tikinti işləri ilə tanışlıq, “Hadrut” qovşaq yarımstansiyasının təməlqoyma mərasimi, rayon ictimaiyyəti ilə görüş və Tuğ kəndi ilə tanışlıq baş tutdu. Dekabrın 24-də Hadrut qəsəbəsində hərbi hissənin açılışı oldu. 2023-cü il mayın 5-də Tuğ kəndində İnzibati Mərkəzin və ilk yaşayış məhəlləsinin təməlqoyma mərasimləri, Hadrut qəsəbəsində 360 şagird yerlik tam orta məktəbin bərpa layihəsi ilə tanışlıq, ilk yaşayış məhəlləsinin təməlqoyma mərasimi, Hadrutun turizm inkişaf konsepsiyası barədə məlumat verilməsi, inzibati mərkəzin təməlqoyma mərasimi, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8,2 kilometrlik hissəsinin açılışı, “Hadrut” qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı keçirildi. 2023-cü il oktyabrın 15-də Xocavənd şəhərində Dövlət Bayrağı ucaldıldı. 2023-cü il dekabrın 20-də Qırmızı Bazar qəsəbəsinə və Şıx Dursun kəndinə baxış, 2025-ci il sentyabrın 14-də Hadrut qəsəbəsinə baxış, Hadrutda məscidin açılışı, Sos kəndinə baxış, Qırmızı Bazar qəsəbəsinə baxış və Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüş oldu. 2026-cı ildə Xocavənd kəndində və şəhərində görülən işlərlə tanışlıq, sakinlərlə görüş, Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanışlıq, Quzeyxırman kəndinə baxış davam etdi.
Ağdərə rayonunun yaradılması və onun inkişafı bu günün ən mühüm mövzularından biridir. 2023-cü il oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldıldı. 2025-ci il martın 18-də Sərsəng su anbarından Ağdərənin Umudlu kəndinə gedən avtomobil yolunun açılışı oldu, İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Həsənriz kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırdılar, Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimi, yeni mənzillərə köçən kənd sakinlərinə evlərin açarlarının təqdim edilməsi və məscidin açılışı baş tutdu. 2025-ci il avqustun 21-də Kolatağ kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanışlıq, Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüş keçirildi. 2026-cı il yanvarın 13-də Çapar kəndində görülmüş işlərlə tanışlıq, “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışı, Heyvalı, Çıldıran və Aşağı Oratağ kəndlərində görülmüş işlərlə tanışlıq, Canyataq kəndində “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanışlıq, Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüş, Ağdərə şəhərinin Baş planı ilə tanışlıq və Xüsusi Əməliyyat Mərkəzinin təməlqoyma mərasimi keçirildi.
İşğaldan azad edilən ərazilərin uğurlu məskunlaşdırılması bu günün ən mühüm göstəricilərindən biridir. 2026-cı il avqustun 17-nə qədər Xankəndi şəhərində 76 ailə, 332 nəfər, Kərkicahan qəsəbəsində 43 ailə, 174 nəfər olmaqla cəmi 119 ailə, 506 nəfər məskunlaşıb. Xocalıda isə Xocalı şəhərində 144 ailə, 651 nəfər, Ballıca kəndində 246 ailə, 1.088 nəfər, Xanyurdu kəndində 140 ailə, 510 nəfər, Təzəbinə kəndində 180 ailə, 824 nəfər, Şuşakənd kəndində 116 ailə, 436 nəfər, Badara kəndində 109 ailə, 411 nəfər, Seyidbəyli kəndində 77 ailə, 282 nəfər, Daşbulaq kəndində 44 ailə, 169 nəfər, Xanabad kəndində 111 ailə, 470 nəfər olmaqla cəmi 1.167 ailə, 4.841 nəfər məskunlaşıb. Xocavənddə Xocavənd şəhərində 413 ailə, 1.614 nəfər, Xocavənd kəndində 78 ailə, 319 nəfər, Xanoba kəndində 39 ailə, 177 nəfər, Qırmızı Bazar qəsəbəsində 213 ailə, 909 nəfər, Sos kəndində 85 ailə, 360 nəfər, Güneyxırman kəndində 39 ailə, 175 nəfər, Quzeyxırman kəndində 39 ailə, 169 nəfər, Hadrut qəsəbəsində 82 ailə, 347 nəfər olmaqla cəmi 988 ailə, 4.070 nəfər məskunlaşıb. Ağdərədə Talış kəndində 20 ailə, 90 nəfər, Həsənriz kəndində 292 ailə, 1.150 nəfər, Suqovuşan kəndində 180 ailə, 592 nəfər, Kolatağ kəndində 36 ailə, 139 nəfər, Vəngli kəndində 151 ailə, 602 nəfər, Heyvalı kəndində 46 ailə, 205 nəfər, Çapar kəndində 40 ailə, 143 nəfər, Aşağı Oratağ kəndində 111 ailə, 501 nəfər, Çıldıran kəndində 41 ailə, 165 nəfər olmaqla cəmi 917 ailə, 3.587 nəfər məskunlaşıb.
Qarabağ Universitetinin yaradılması Xankəndinin və bütövlükdə Qarabağın gələcəyi üçün strateji addım oldu. Universitet təkcə təhsil ocağı deyil, həm də regiona gənclərin qayıdışını, elmi potensialın güclənməsini və beynəlxalq əlaqələrin genişlənməsini təmin edən mühüm mərkəzdir. Onun nəzdində Klinikanın, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun, Mühəndislik fakültəsinin, Biznes və iqtisadiyyat fakültəsinin açılması və təməlqoyma mərasimləri gələcəyə hesablanmış addımlardır. Eyni zamanda Xankəndidə Zəfər parkı, Konqres Mərkəzi, Biznes Mərkəzi, Dəmir Yolu və Avtovağzal Kompleksi, kanat yolu, müxtəlif otellər və istehsal müəssisələri şəhərin infrastrukturunu müasir səviyyəyə qaldırır. Xocalıda hava limanı, Soyqırımı Memorialı, yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzi, kərpic zavodu, mebel və tekstil müəssisələri; Xocavənddə Hadrut qəsəbəsində məscid, inzibati mərkəz, məktəb, yol və qovşaq yarımstansiyası; Ağdərədə Suqovuşan yaşayış kompleksi, məscid, “Qozlukörpü” SES, “Dəmirli” Filiz Emalı Kompleksi və Xüsusi Əməliyyat Mərkəzi regionun çoxşaxəli inkişafını göstərir.
Bütün bunlar bir daha təsdiqləyir ki, 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü yalnız bir tarixi yad etmə deyil, həm də böyük qayıdışın, bərpanın, iqtisadi dirçəlişin və davamlı sülhün simvoludur. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə həyatın bütün sahələrini bərpa edir, keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtmasını təmin edir, yeni iş yerləri yaradır, təhsil, səhiyyə, mədəniyyət və idman infrastrukturunu gücləndirir. Bu prosesdə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə xüsusi rol oynayır. Onların hər biri öz tarixi ilə yanaşı, yeni dövrün müasir siması ilə də tanınır. Sentyabrın 20-si bu şəhərlərin azadlığını, dövlət bayrağının ucaldılmasını, quruculuq əzmindən və xalqın öz torpağına qayıdışından bəhs edən gün kimi Azərbaycanın yeni tarixinə yazılır.
Nigar Qocayeva,
YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi
Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri məmnunluq doğurur
Türk dünyasının yeni strateji erası təhlükəsizlik, iqtisadiyyat və mənəvi birlik