Rəşad Rəsullu: Əsas hədəfimiz yüksək təşkilatçılıq standartlarına cavab verən və Azərbaycan cüdosunun gələcək inkişafına töhfə verən dünya çempionatı keçirməkdir
Cüdo üzrə böyüklər arasında dünya çempionatının səkkiz ildən sonra yenidən Bakıda keçirilməsi Azərbaycan idmanının beynəlxalq nüfuzunun və ölkəmizin mötəbər yarışların təşkilində qazandığı təcrübənin daha bir göstəricisidir. Oktyabrın 4-dən 11-dək Milli Gimnastika Arenasında keçiriləcək mundialda dünyanın müxtəlif ölkələrindən ən güclü cüdoçular tatamiyə çıxacaq. Yarış həm fərdi mübarizədə, həm də qarışıq komanda yarışında yüksək rəqabət vəd edir.

Mundialın təşkilinə hazırlıq, Azərbaycan millisinin qarşıdakı məsul yarışa hazırlıq prosesi, doğma arenada çıxışın yaratdığı imkanlar, azarkeş amili və çempionatın ölkədə cüdonun inkişafına təsiri ilə bağlı suallarımızı Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu cavablandırıb.
– 4–11 oktyabrda Bakıda keçiriləcək dünya çempionatına hazırlıq hansı mərhələdədir? Yarışın yüksək səviyyədə təşkili üçün əsas hansı işlər görülüb?
– Hazırlıq prosesi son mərhələdədir. Azərbaycan Cüdo Federasiyası Gənclər və İdman Nazirliyi və Beynəlxalq Cüdo Federasiyası, o cümlədən digər müvafiq qurumlarla koordinasiyalı şəkildə çalışır. Yarış məkanı, logistika, nəqliyyat, akkreditasiya, media fəaliyyəti və azarkeşlərin rahatlığı ilə bağlı son hazırlıq işləri görülür.
Hazırda 77 ölkə heyətini açıqlayıb, ümumilikdə 90-dan çox ölkənin iştirakı gözlənilir. 200-dən artıq media nümayəndəsi akkreditasiyadan keçib, 41 ölkədən isə çempionata biletlər alınıb. Bakının müxtəlif məkanlarında təşkil olunan fan zonalar və digər fəaliyyətlər də çempionatın geniş auditoriyaya çatdırılmasına xidmət edir.
– Dünya çempionatının Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq cüdo arenasındakı mövqeyinə nə vəd edir? Federasiyanın bu turnirlə bağlı əsas hədəfi nədir?
– Səkkiz ildən sonra dünya çempionatının yenidən Bakıda keçirilməsi Azərbaycan cüdosuna göstərilən etimadın göstəricisidir. Dünyanın aparıcı cüdoçularının, beynəlxalq idman qurumlarının və media nümayəndələrinin Bakıda bir araya gəlməsi ölkəmizin dünya cüdosundakı mövqeyinin möhkəmlənməsi baxımından əhəmiyyətlidir.
Əsas hədəfimiz yüksək təşkilatçılıq standartlarına cavab verən, idmançılar və azarkeşlər üçün yaddaqalan dünya çempionatı keçirmək və bu yarışın Azərbaycan cüdosunun gələcək inkişafına töhfə verməsini təmin etməkdir.

– Azərbaycan millisinin dünya çempionatına hazırlığı necə gedir? İdmançılarımız qarşısında hansı nəticə və medal hədəfləri qoyulub?
– Hazırlıq plan üzrə davam edir. Hazırda milli komandanın bəzi üzvləri Bratislavada Avropa Cüdo Birliyinin təşkil etdiyi Olimpiya Təlim Düşərgəsində, digərləri isə Bakıda təlim-məşq toplanışındadır. Məqsəd hər bir idmançının yarış gününə optimal formada çatmasıdır.
Konkret medal sayı açıqlamırıq. Dünya çempionatında rəqabət çox yüksəkdir və əsas gözləntimiz cüdoçularımızın potensiallarını maksimum ortaya qoyaraq medal uğrunda mübarizə aparmalarıdır.
– Fərdi yarışlarla yanaşı, qarışıq komanda mübarizəsində də Azərbaycan millisindən hansı nəticəni gözləyirsiniz? Komandanın əsas üstünlüyünü nədə görürsünüz?
– Qarışıq komanda yarışında nəticə heyətin balansından, taktiki hazırlıqdan və hər bir idmançının çıxışından asılıdır. Millimizin heyətində böyük beynəlxalq yarış təcrübəsinə malik cüdoçular var.
Doğma arenada çıxış və azarkeş dəstəyi də komandamız üçün əlavə üstünlükdür. Məqsədimiz qarışıq komanda yarışında mümkün qədər irəli getmək və Azərbaycanı layiqincə təmsil etməkdir.
– Dünya çempionatının Bakıda keçirilməsi ölkədə cüdoya marağın və uşaq-gənclərin bu idman növünə cəlb olunmasının artmasına necə təsir göstərə bilər?
– Dünya çempionatı uşaqların və yeniyetmələrin dünyanın ən güclü cüdoçularını Bakıda canlı izləməsi üçün böyük fürsətdir. Belə yarışlar yeni nəslin cüdoya marağının artmasına ciddi təsir göstərə bilər.
Çempionat ərəfəsində təşkil olunan fan zonalar, cüdoçularla görüşlər, imza mərasimləri və interaktiv fəaliyyətlər də bu məqsədə xidmət edir. Bizim üçün vacib olan yaranan marağı davamlı prosesə çevirmək və daha çox uşağı cüdoya cəlb etməkdir.
– Bu miqyaslı yarışın təşkili zamanı federasiya üçün əsas çağırışlar nələrdir və çempionatın nəticələri gələcəkdə Azərbaycan cüdosunun inkişafına necə töhfə verəcək?
– Əsas çağırış 90-dan çox ölkədən gələcək iştirakçıların qəbulu, logistika, nəqliyyat, akkreditasiya, təhlükəsizlik, media fəaliyyəti və azarkeş xidmətləri kimi çoxsaylı istiqamətlərin vahid şəkildə koordinasiya olunmasıdır. 200-dən artıq akkreditə olunmuş media nümayəndəsinin fəaliyyəti üçün lazımi şəraitin yaradılması da bu işin mühüm hissəsidir.
Dünya çempionatı bizə böyük beynəlxalq yarışların təşkili sahəsində əlavə təcrübə qazandıracaq, cüdonun ölkədə tanıdılmasına və yeni nəslin bu idman növünə marağının artmasına töhfə verəcək. Bu təcrübənin gələcək layihələrdə də istifadə olunması əsas hədəflərimizdəndir.
Bakıda keçiriləcək dünya çempionatı Azərbaycan cüdosu üçün həm təşkilati, həm də idman baxımından mühüm sınaq olacaq. İnanırıq ki, doğma tatami, azarkeşlərin dəstəyi və yüksək hazırlıq səviyyəsi cüdoçularımıza əlavə stimul verəcək. Azərbaycan millisinin hər bir üzvünə qarşıdakı mübarizədə əzmkarlıq, inam və uğurlar arzulayırıq. Qoy Bakının tatamisində Azərbaycan bayrağının dalğalanması və himnimizin səslənməsi ilə nəticələnən parlaq qələbələrə şahid olaq!
Yaqut Ağaşahqızı, “İki sahil”
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib