11 yanvar 2017 14:38
1292

“Abşeronneft” NQÇİ ötən ili rekord nəticə ilə başa vurub

Aparılan gərgin işlərin bəhrəsi kimi SOCAR-ın “Azneft” İstehsalat Birliyinin aparıcı neft-qaz çıxarma idarələrindən olan “Abşeronneft” NQÇİ-nin kollektivi hasilatın nəinki stabilləşdirilməsinə, hətta neft və qaz hasilatının artırılmasını nəzərdə tutan, Birlik tərəfindən hazırlanmış proqramın uğurlu icrası ilə son illərin illik rekord hasilat göstəricisinə nail olublar.

 “Abşeronneft” NQÇİ-nin kollektivi 2016-cı il ərzində nəzərdə tutulan 313 min 900 ton plana qarşı, 363 min 671 ton neft hasil edərək, planı 115,9 % yerinə yetiriblər. Plandan əlavə 49 min 771 ton neft hasil edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 40 min 450 ton, yəni 12,5 % artıq neft hasil edilib. 2017-ci ildə neft hasilatının 385 min tona çatdırılması (yəni orta gündəlik 1055 ton) qarşıya hədəf qoyulub.

1986-cı ildən etibarən sürətlə azalmanın baş verdiyi “Abşeronneft” NQÇİ-nin kollektivi son illər ərzində ilbəil neft hasilatının artımına nail olublar. Ötən il qaz hasilatı planı da artıqlaması ilə - 101 % yerinə yetirilib. Plan üzrə 44 milyon 200 min kubmetr qaz əvəzinə 44 milyon 666 min kubmetr qaz hasil edilib. Plandan əlavə 466 min kubmetr qaz əldə edilib.

Rekord həddə çatmada əsas təsiredici amillərdən biri idarənin balansındakı quyu fondu üzərində aparılan əməliyyatların bəhrəsi olub. Bunun nəticəsidir ki, keçici quyu fondundan 2012-ci ildə 168 min 554 ton, 2013-cü ildə 204 min 756 ton, 2014-cü ildə 236 min 044 ton, 2015-ci ildə 272 min 696 ton, ötən il isə 305 min 896 ton neft alınıb.

2016-cı il il ərzində fəaliyyətsiz quyu fondundan 24 quyu nəzərdə tutulduğu halda 33 quyu  təmir edilərək istismara qaytarılıb. Hasilatın artmasında başlıca amillərdən biri quyu fondunun yenilənməsi, davamlı olaraq yeni quyuların qazılaraq istismara verilməsi olub. Belə ki, ötən il ərzində qazmadan 23 yeni quyu istismara daxil edilib və bu quyulardan 42 min 912 ton neft hasil olunub. İstismarda olan quyularda neft hasilatını stabil saxlamaq məqsədi ilə il ərzində çoxsaylı geoloji-texniki tədbirlər keçirilib və onlardan müsbət nəticələr alınıb.

Görülən işlərlə yanaşı, 2013-cü ildən başlayaraq idarədə erlift üsulu ilə işləyən quyuların sayı sürətlə artıb. Bu üsul yüksək səmərə verdiyi üçün 2012-ci ildən başlayaraq quyuların sayı 2 quyudan 2016-cı ilin sonunda 88 quyuya çatdırılıb. Bu quyulardan hasil edilən neft 1984 tondan ötən ilin sonunda 101 min 589 tona qədər yüksəlib.

İdarədə yeni texnika və texnologiyanın tətbiqinə də geniş yer verilib. Ötən il ərzində quyudibi zonanın turşu ilə işlənməsi 25 quyuda tətbiq olunub və 510 ton əlavə neft alınıb. Tıxac təmizləyən qurğu 60 quyuda tətbiq olunmuş və 290 ton əlavə neft alınıb.

Son illər ərzində idarənin istismar etdiyi yataqlarda irimiqyaslı yenidənqurma və təmir işləri həyata keçirilib. Belə ki, 11 stasionar dəniz özülü əsaslı təmir edilib və bu özüllərdə fəaliyyətsiz fondda olan 34 quyu əsaslı təmir edilərək istismara qaytarılıb. Hazırda bu quyulardan sutkalıq 100 ton neft alınır.

Nail Rəhimzadə, “İki sahil”