Azərbaycandan olan bir qrup veteran Türkiyənin qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürkə “marşal” rütbəsinin verilməsinin 105-ci ildönümünə və Veteranlar Gününə həsr olunmuş təntənəli tədbirə qatılıb.
“İki sahil” xəbər verir ki, tədbirdə Türkiyə Silahlı Qüvvələrinin qoşun növlərinin komandanları, eləcə də ölkəmizin Ankaradakı hərbi attaşesi general-mayor Zaur Zeynalov da iştirak edib. Türkiyənin milli müdafiə naziri Yaşar Gülər tədbir iştirakçılarına müraciət edib. Y.Gülər veteranlarla və onların ailə üzvləri ilə görüşməkdən qürur duyduğunu bildirib, qəhrəmanların Türkiyə və Azərbaycanın maraqlarının və təhlükəsizliyinin müdafiəsinə verdiyi töhfəni yüksək qiymətləndirib. “Şanlı tariximizin ən məsuliyyətli anlarında veteranlar Vətənin müqəddəs dəyərləri uğrunda cəsarət və qətiyyətlə mübarizə aparıblar. İstər sərhəddə, istər cəbhə xəttində, istərsə də ölkəmiz və qardaş Azərbaycan üçün ən ağır günlərdə veteranlar Vətənə və öz vəzifələrinə sarsılmaz sədaqət nümayiş etdiriblər”, - deyə nazir qeyd edib. Onun sözlərinə görə, Türkiyə və Azərbaycanın müstəqilliyi naminə şəhidlərin misilsiz qəhrəmanlığı və veteranların fədakarlığı iki qardaş ölkənin sülh və təhlükəsizliyinin davamlı təminatıdır. “Şəhidlərin və veteranların qəhrəmanlıq salnaməsi Türkiyə və Azərbaycanın bu gününün təməli, gələcəyinin isə yol göstərən ulduzudur”, - deyə nazir bildirib.
Y.Gülər qəhrəmanların ailə üzvlərinə və yaxınlarına ayrıca təşəkkür edib, daha sonra sentyabrın 19-u - Türkiyənin Veteranlar Günü münasibətilə təşkil olunan birgə şam yeməyində iştirak edib.
Zakir Həsənov Pekində Çin müdafiə naziri ilə hərbi-texniki əməkdaşlığı müzakirə edib