19 sentyabr 2026 17:47
150

YAP Şuşa rayon təşkilatının VII konfransı keçirilib - FOTO

Sentyabrın 19-da Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatının VII konfransı keçirilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü ziyarət edilib, büstün önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev hesabat məruzəsi ilə çıxış edib. O, partiyanın yaranma tarixindən, keçdiyi şərəfli yoldan, ötən dövr ərzində rayon təşkilatının fəaliyyətindən danışıb. Ulu Öndər Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdiyi qeyd olunub.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Məhz bu siyasətin nəticəsi olaraq, Azərbaycan tarixi Zəfər qazanıb, dövlət suverenliyini tam bərpa edib və işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu partiya sıralarının gündən-günə genişlənməsinin, sosial bazasının daha da möhkəmlənməsinin Heydər Əliyev ideyalarına etimadın və Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasətinə dəstəyin bariz nümunəsi olduğunu deyib. O qeyd edib ki, bu gün istər ölkə daxilində, istərsə də regionda lider partiya olan Yeni Azərbaycan Partiyası beynəlxalq əlaqələrdə də böyük uğurlara imza atıb.

Daha sonra Birinci Qarabağ Müharibəsi qazisi Elxan Ələkbərli, Şuşa Humanitar Kollecinin direktoru Mehriban Qasımova, 41 saylı ərazi partiya təşkilatının sədri, Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova və Şuşa rayon Statistika İdarəsinin rəisi Anar Xəlilov çıxış edərək Yeni Azərbaycan Partiyasının bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacağına əminliklərini ifadə ediblər.

YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Rəşad Abbaszadə isə rayon təşkilatının fəaliyyəti, ərazi partiya təşkilatları ilə işin səmərəli təşkili və partiya üzvlərinin ictimai fəallığının artırılması istiqamətində görülən işlərdən danışıb.

Konfransda YAP Şuşa rayon təşkilatının hesabat dövründəki fəaliyyəti müzakirə olunaraq qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.