21 sentyabr 2026 10:37
76

Fərid Şəfiyev: Qafqaz Albaniyası irsinin araşdırılması siyasi və elmi əhəmiyyət daşıyan məsələdir

Qafqaz Albaniyası irsinin qorunmasının siyasi məqamları da xüsusi əhəmiyyət daşıyır. Dünən Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olundu. Məhz bu gün Qafqaz Albaniyası irsinin müzakirə edilməsi olduqca simvolikdir. Çünki Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutan bu irsin araşdırılması və qorunması milli tariximizin bütövlüyünün təmin edilməsi baxımından əhəmiyyətlidir.

“İki sahil” xəbər verir ki, bu sözləri “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” mövzusunda keçirilən tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O qeyd edib ki, ölkəmizin ərazisində tarix boyu müxtəlif dövlətlər mövcud olub və onların hər biri Azərbaycan xalqına zəngin tarixi və mədəni irs qoyub. Bu irsi geniş şəkildə araşdıraraq ictimaiyyətə təqdim etməsək, müəyyən boşluqlar yaranır və həmin boşluqlardan öz məqsədləri üçün istifadə etməyə çalışan qüvvələr meydana çıxır.

“Qafqaz Albaniyası tarixinin araşdırılması istiqamətində elmi fəaliyyət daha da genişləndirilməlidir. Bu baxımdan erməni və gürcü dillərinin öyrənilməsi, eləcə də Qafqaz tarixinin ilkin mənbələr əsasında araşdırılması xüsusi əhəmiyyət daşıyır.

Bəzi erməni radikalları Qarabağda mövcud olan kilsələrin Azərbaycan tərəfindən “albanlaşdırıldığını” iddia edirlər. Lakin bu yanaşma reallığı əks etdirmir. Azərbaycanın ərazisində müxtəlif xalqlara və dini icmalara məxsus tarixi ibadət məkanları mövcuddur və ölkəmiz bu abidələrin qorunmasına diqqət yetirir”, - deyə İdarə heyətinin sədri vurğulayıb.

Fərid Şəfiyev əlavə edib ki, Qafqaz Albaniyasının tarixinin müəyyən dairələr tərəfindən dəyişdirilərək erməniləşdirilməsi cəhdləri də müşahidə olunur. Qafqaz Albaniyasının tarixi və bu sahədə aparılan elmi araşdırmalar regionun qədim və mürəkkəb tarixinin daha obyektiv şəkildə öyrənilməsinə imkan verir. Bu baxımdan, Qafqaz Albaniyası irsinin araşdırılması yalnız tarixi deyil, həm də siyasi və elmi əhəmiyyət daşıyan məsələdir.