Bu gün Türk Dövlətləri Təşkilatı (TDT), yalnız əməkdaşlıq platforması deyil, həm də ciddi geosiyasi mərkəzlərdən biridir. Təşkilatın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklər, müştərək milli-mənəvi dəyərlər türk dövlətlərini bir ailə kimi birləşdirir. Çağdaş dünyada TDT-yə üzv dövlətlər coğrafi baxımdan təbii nəqliyyat, logistika, tranzit xətlərini təşkil edərək, Avropa və Asiya qitələri arasında körpü rolunu oynayır. Tarixi keçmişi, dil, mədəniyyət oxşarlığı və ümumi sayı təqribən 250 milyon nəfərə çatan türk xalqlarının birliyi dünya üçün bir nümunədir.
Ötən həftə Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdəki çıxışı zamani səsləndirdiyi fikirlər Türk dünyası ilə strateji münasibətləri bir daha ortaya qoyur. Təbii ki, Türk Dövlətləri Təşkilatınin beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsi istiqamətində reallaşan tədbirlər müsbət nəticə verib. Bu barədə ölkəmizin başçısı deyib: «Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan bir təşkilatdır. Çünki müxtəlif formatlarda müzakirə olunan məsələlər beynəlxalq gündəliyi, beynəlxalq təhlükəsizliyi, multikulturalizm, ticarət, nəqliyyat, ümumilikdə humanitar əməkdaşlıqla bağlı məsələləri əhatə edir»
Qeyd edək ki, TDT-nin 2009-cu ildə Naxçıvanda keçirilmiş tarixi Zirvə görüşündən sonra təşkilatın nüfuzu və səmərəli fəaliyyəti davamlı olaraq artıb. Belə ki, 2009-cu ilin oktyabrında türkdilli ölkələrin dövlət başçılarının Naxçıvan Zirvə görüşündə saziş imzalandı və türkdilli dövlətlər arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Naxçıvan Sazişinə əsasən, müəyyən edilmiş əsas fəaliyyət məqsədləri və vəzifələri, tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda və dünyada sülhün bərqərar edilməsi, xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi, beynəlxalq terrorizm, ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi və s. məsələlərə önəm verilir.
Təşkilatın qlobal arenada vacib aktora çevirən amilləri sırasında əlbəttə ki, daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, nəqliyyat-logistika sahəsində böyük uğurlar, təbii resurslar və digər imkanlardır. Prezident İlham Əliyevin vurguladığı kimi, «Biz hamımız bunda maraqlıyıq. Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var. Ölkələrimizin potensialı kifayət qədər böyükdür və güclənməkdə davam edir. Biz çox geniş coğrafi məkanda yerləşirik. Ərazimizdən bu gün təkcə ölkələrimiz üçün deyil, daha geniş coğrafiya üçün də mühüm rol oynayan ən vacib enerji və nəqliyyat yolları, dəhlizlər keçir»
Hazırda nəqliyyat və kommunikasiya əlaqələri Türk Dövlətləri Təşkilatı çərçivəsində strateji əhəmiyyət daşıyır. Türk dünyasının nəqliyyat, kommunikasiya, tranzit və digər istiqamətlərdə potensialından istifadə məqsədilə görülən işlər qlobal əhəmiyyətə malikdir. Məlumdur ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Türk dövlətlərinin yerləşdiyi geniş Avrasiya məkanı – Qafqazdan Mərkəzi Asiyaya, Anadoludan Xəzərin şərq sahillərinə qədər uzanan strateji coğrafiya – nəqliyyat, enerji və mədəni-humanitar əlaqələr üçün misilsiz imkanlar yaradır. Bu coğrafiya dünyanın ən mühüm ticarət marşrutlarının kəsişməsində yerləşir və Avropa ilə Asiya arasında körpü rolunu oynayır. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Şərq–Qərb dəhlizi kimi layihələr region dövlətləri arasında diplomatik və siyasi inteqrasiyanın dərinləşməsinə xidmət edir. Prezident İlham Əliyev çıxışında deyib ki, TDT regionunun qərbində və şərqində də təşkilatımızın və onun beynəlxalq məsələlərdə, o cümlədən bağlantılar, nəqliyyat təhlükəsizliyi, enerji təhlükəsizliyi və ümumilikdə təhlükəsizliklə bağlı məsələlərdə müsbət rolunun güclənməsini böyük maraqla izləyirlər.
Ortaq dəyərlərimizlə, milli köklərimizlə, mədəniyyətimizlə, dilimizin, dinimizin eyniliyi ilə sıx bağlı olduğumuz türk xalqlarının birliyinin ən yüksək zirvəyə çatdığı tarixi məqamları yaşayırıq. Bu birliyin tarixi kökləri «Böyük İpək yolu» ilə də əlaqədardır. Türk dünyası birliyinə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan Respublikası kimi müstəqil dövlətlər daxildir. Birliyə daxil olan ölkələr arasında siyasi, iqtisadi, mədəni və hərbi sahələr üzrə əlaqələr getdikcə genişlənir. Birliyin möhkəmlənməsi onun beynəlxalq nüfuzunun artmasına təkan verir. Əlbəttə ki, Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir. Azərbaycan Prezidentinin təşkilata üzv ölkələrə çoxsaylı səfərləri, eləcə də, TDT-yə üzv dövlətlərin başçılarının Azərbaycana səfərləri bunun təzahürüdür. Türkdilli ölkələrin vahid platformada birləşməsi bu ölkələr arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişafına təkandır. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıiıb. Ölkəmizin başçısı bu barədə deyib: «Yəni ölkəmizin ikitərəfli gündəliyi ilk növbədə Türk dünyası ölkələrinə yönəlib. Bu, açıq çıxışlarımda dəfələrlə ifadə etdiyim kimi, bizim əsas xarici siyasət prioritetimizdir. O cümlədən demişəm ki, Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur».
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri