“Biz hazır sistemə daxil olmamışıq, həmin sistemi özümüz qurmuşuq”.
“İki sahil” xəbər verir ki, bu sözləri “Qarabağ” Futbol Klubunun prezidenti Tahir Gözel klubun rəsmi saytına müsahibəsində komandanın keçdiyi inkişaf yolu, idarəetmə fəlsəfəsi, transfer siyasəti və gələcək hədəfləri barədə danışarkən deyib.
O, klubun infrastrukturunun və idarəetmə modelinin illər ərzində sıfırdan qurulduğunu diqqətə çatdırıb: “Biz bugünkü infrastruktura, maliyyə imkanlarına, geniş azarkeş bazasına, oturuşmuş idarəetmə sisteminə və Avropa təcrübəsinə malik hazır bir klub qəbul etməmişdik. Klub çox mürəkkəb bir dövrdən keçirdi. Qarabağın işğalı nəticəsində doğma şəhərindən və stadionundan uzaq düşmüşdü, maddi imkanları məhdud idi, bir sıra aparıcı futbolçuları başqa komandalara üz tutmuşdu. Belə bir şəraitdə qarşımızda duran ilk vəzifə böyük nəticələr barədə danışmaq deyil, ilk növbədə “Qarabağ”ı ayaqda saxlamaq və onun gələcəyini təmin etmək idi. Mən “Qarabağ”ın ən böyük nailiyyətini yalnız çempionluqlarda, ölkə kuboklarında və ya Avropada qazanılan tarixi qələbələrdə görmürəm. Ən böyük nailiyyətlərimizdən biri odur ki, bu illər ərzində klubun öz kimliyini formalaşdıra bilmişik. “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi, idarəetmə mədəniyyəti, transfer yanaşması, iş prinsipləri və dəyərləri var”.
Tahir Gözel klubda fəaliyyət göstərən kadrların davamlılığına toxunaraq Müşfiq Hüseynov, Yaşar Hüseynov, Şahid Həsənov, Samir Musayev və Maksim Medvedev kimi vaxtilə komandanın formasını geyinmiş şəxslərin bu gün də məşqçi və idarəçi kimi fəaliyyət göstərdiklərini xatırladıb: “Biz “Qarabağ”ın tarixini heç vaxt yalnız özümüzdən başladığımız dövrlə məhdudlaşdırmamışıq. Əksinə, klubu təhvil aldığımız ilk gündən onun keçmişinə, Ağdamda formalaşmış futbol ənənəsinə, bu forma üçün çalışan və oynayan insanlara böyük hörmətlə yanaşmışıq”.
Azarkeş bazasının genişlənməsindən söz açan klub rəhbəri əvvəllər stadiona azarkeş gətirmək üçün avtobuslar təşkil edildiyini, bu gün isə ölkənin hər yerində böyük azarkeş kütləsinin formalaşdığını vurğulayıb. O, 2023-cü ildə “Qalatasaray”la keçirilən xeyriyyə matçının təşkilatçılıq səviyyəsini klubun gəldiyi inkişaf mərhələsinə nümunə göstərib. Torpaqlarımızın işğaldan azad olunmasından sonra “Qarabağ” adını qalib ölkənin klubu kimi təmsil etməyin böyük məsuliyyət yaratdığını qeyd edən Tahir Gözel Azərbaycanın digər təmsilçisi “Sabah”ın Çempionlar Liqasının liqa mərhələsinə yüksəlməsini də ölkə futbolunun ümumi uğuru kimi qiymətləndirib və onları təbrik edib.
Baş məşqçi Qurban Qurbanovla 2008-ci ildən davam edən işbirliyinə toxunan klub prezidenti sabitliyin və qarşılıqlı etimadın uğurdakı rolunu qeyd edib: “Mən həmişə demişəm ki, sabitlik inkişafın qarşısını alan deyil, düzgün idarə olunanda inkişafı sürətləndirən amildir. Müasir futbolda bir baş məşqçinin bu qədər uzun müddət eyni klubda fəaliyyət göstərməsi artıq çox nadir hadisədir. Əsas məsələ həmin illər ərzində formalaşan qarşılıqlı etimaddır”.
Avropa yarışlarındakı çıxışları dəyərləndirən Tahir Gözel 2025/26 mövsümündə komandanın Çempionlar Liqasının liqa mərhələsini 10 xalla 22-ci pillədə başa vuraraq pley-offa yüksəlməsini, “Benfika”, “Kopenhagen” və “Ayntraxt” üzərində qələbələri, həmçinin “Çelsi” ilə heç-heçəni böyük təcrübə adlandırıb.
Transfer siyasəti barədə danışan Tahir Gözel bildirib ki, əsas məqsəd yalnız yüksəkməbləğli futbolçu almaq deyil, komandadakı daxili balansı və maliyyə intizamını qorumaqdır: “Futbolçunun keyfiyyətini artırarkən komandanın daxili balansını pozmamaq bizim üçün əsas prinsiplərdən biridir. Güclü komanda yalnız yaxşı futbolçuların bir araya gəlməsi ilə formalaşmır. Həmin futbolçular arasında ədalətli rəqabətin, qarşılıqlı hörmətin və sağlam münasibətlərin qorunması da eyni dərəcədə vacibdir”.
O, Kamilo Duran və Juninyo kimi futbolçuların “Qarabağ”dakı inkişafdan sonra Avropanın və Cənubi Amerikanın köklü klublarına transfer olunmasını düzgün seleksiya və məşqçi işinin nəticəsi kimi qiymətləndirib.
Klubun beynəlxalq müstəvidəki nüfuzundan söz açan prezident idarə heyətinin və departament rəhbərlərinin — Asif Əsgərov, Anar Hacıyev, Fərid Ağayev, Nail Kərimov və Yusif Cəfərovun — UEFA və Avropa Klublar Assosiasiyası kimi təşkilatlarda təmsil olunduqlarını, idarəçilikdə də Avropa standartlarına uyğunlaşdıqlarını bildirib.
Gələcək planlardan danışan Tahir Gözel akademiyanın inkişafına və məşqçi heyətinin peşəkarlığının artırılmasına xüsusi diqqət yetirildiyini, Azərbaycan İdman Akademiyası ilə birgə layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.
Klub prezidenti fikirlərini bu sözlərlə yekunlaşdırıb: “Bizim qurmağa çalışdığımız “Qarabağ” yalnız bugünkü komanda deyil, “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır”.
Cüdoçularımız veteranlar arasında dünya çempionatında daha üç medal qazanıblar