Bu istiqamətdə ixracda daşıma xərclərinin kompensasiyası öndə gəlir
Bu gün Azərbaycanda sahibkarlığın stimullaşdırılması məqsədilə biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşdırılır, qanunvericilik bazası təkmilləşdirilir, sahibkar-dövlət, hökumət-biznes münasibətləri daha da inkişaf etdirilir. Eyni zamanda, iqtisadiyyata geniş dəstək paketini nəzərdə tutan çoxsaylı proqramlar icra olunur. Məhz ölkəmizdəki bu müsbət tendensiyaya görə iqtisadi və sosial tərəqqinin əsas göstəricisi sayılan ümumi daxili məhsul (ÜDM) istehsalında artım qeydə alınıb. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ildə ölkədə 129,1 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 2,7 faiz artmışdır.
Sahibkarlara dövlət dəstəyində ixracda daşıma xərclərinin kompensasiyası öndə gəlir. Belə ki, Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ixracı zamanı çəkilən daşıma xərclərinin 70 faizədək hissəsini dövlət qarşılayır. Sahibkarlara verilən dəstəyin məbləği ixracda istifadə olunacaq nəqliyyatın növünə görə nəqliyyat xərci və gömrük dəyəri əsasında müəyyən edilir. Yeni mexanizm bu il sentyabrın 1-dən etibarən 10 il müddətində tətbiq olunur. Mexanizm yerli məhsulların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasına, logistika xərclərinin azaldılmasına, ixrac coğrafiyasının genişləndirilməsinə xidmət edir. Dəstəkdən mikro, kiçik və orta sahibkarlıq subyektləri olan ixracatçılar yararlana biləcəklər.
Bundan başqa, sahibkarlara verilən kreditlərə təminat və faiz subsidiyası mexanizmini təkmilləşdirmək, onların maliyyələşmə imkanlarını artırmaq, xüsusilə investisiya layihələrinin həyata keçirilməsi prosesini asanlaşdırmaq məqsədilə zəmanət və faiz subsidiyası mexanizmi təkmilləşdirilib. Bu mexanizmə əsasən sahibkarlara kredit faizlərinin 50 faizi həcmində subsidiya verilir. Subsidiyanın tətbiqi Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, Azərbaycan Respublikasının digər ərazilərini əhatə edir.
Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə verilən kreditlərin əsas borcunun 90 faizədək, digər regionlarda isə (Bakı və Abşeron istisna olmaqla) 50 faizədək hissəsinə dövlət zəmanəti təqdim olunur. Yeni dəstək mexanizmi regionlarda investisiya fəallığının artmasına, sahibkarların maliyyə yükünün azalmasına və qeyri-neft-qaz sektorunun inkişafına əlavə stimul verir.
Eyni zamanda, sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulması mexanizmi üzrə 2027-2030-cu illərdə tətbiq olunacaq mexanizmə əsasən yeni sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulması zamanı sahibkarın ödədiyi qoşulma haqqının 50 faizi dövlət tərəfindən qarşılanacaq..
Son illərdə Azərbaycanda sahibkarlıq fəaliyyətinə mane olan bürokratik əngəllərin aradan qaldırılması məqsədilə həyata keçirilən tədbirlərdən biri də əsassız yoxlamaların qadağan edilməsidir. Göründüyü kimi, zəngin sahibkarlıq subyektlərinin formalaşdırılması iqtisadi inkişafının təməl prinsiplərindən biri hesab olunur. Çünki zəngin sahibkar güclü iqtisadiyyat, çoxsaylı iş yeri, ərzaq bolluğu, bir sözlə, firavan həyat deməkdir.
Elçin Zaman, «İki sahil»
Bu ilin 8 ayında paytaxtın sosial-iqtisadi həyatında hansı yeniliklər baş verib?
Məcnun Məmmədov FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu ilə görüşüb
“AzerGold”un sədri: Filizçay layihəsinin 2031-2032-ci illərdə reallaşdırılması gözlənilir