Mənim üçün uzun və gərgin bir yarış oldu. Trekin müəyyən hissələrində gedişatımız çox yaxşı idi. Aleks Dannın arxası ilə hərəkət etmək və fərqi bağlamaq asan deyildi, amma ümumilikdə yaxşı templə mübarizə apardıq.
“İki sahil” xəbər verir ki, bu sözləri Formula 2 Azərbaycan Qran-Prisinin qalibi olan “Invicta”nın pilotu Rafael Kamara mətbuat konfransında deyib.
Rəqibinin aldığı 5 saniyəlik cəzanın strategiyasına təsirindən danışan R.Kamara bildirib ki, ötməyə cəhd etsə də, məsafəni qorumaq daha ehtiyatlı yanaşma tələb edib. O, komandanın daha təmkinli davranmağa üstünlük verdiyini vurğulayıb: “Ötmə əməliyyatı üçün bir neçə dəfə cəhd göstərdik. Lakin komanda olaraq daha təmkinli davranmağa üstünlük verdik”.
Bakı trekində ilk dəfə yarışan pilot burada keçirdiyi həftəsonunu da dəyərləndirib. O, komandasının fəaliyyətindən razı qaldığını qeyd edib: “Bura bizim üçün tamamilə yeni trek idi. Lakin komandamız ötən illərdə də göstərib ki, bu cür yarışlara çox yaxşı hazırlaşır. Sərbəst yürüşlərdən başlayaraq sıralama turlarındakı performansımız yüksək səviyyədə idi. Çempionat baxımından da vacib xallar qazandıq. Bütövlükdə, Bakıda keçirdiyimiz həftəsonu bizim üçün çox müsbət və uğurlu yekunlaşdı”.