30 sentyabr 2026 19:15
194

Azərbaycan xalqının böyük oğlu

Ötən əsrin son 10 ili Azərbaycan tarixinin təzadlı səhifəsinə çevrilərək, ağır sınaqlar dövrünə təsadüf edir. Dövlətçiliyimiz dağılıb məhv olurdu. Xüsusilə, 1991-1993-cü illər arasında ölkə rəhbərliyində olan siyasi dairələrin səriştəsizliyi, dünyada və respublikada gedən proseslərin əsil mahiyyətinin düzgün dərk edilməməsi, nəticədə, Azərbaycanı xaos, anarxiya girdabına yuvarladı. Vəziyyəti mürəkkəbləşdirən ən ciddi amil isə Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsində yaranan və günü-gündən şiddətlənməkdə olan Dağlıq Qarabağ münaqişəsi idi. Ermənistan tərəfindən başlanılan və ən qəddar metodlarla aparılan  müharibə nəticəsində, Azərbaycan torpaqlarının 20 faizi işğal edilmiş, bir milyondan artıq insan isə qaçqın vəziyyətinə düşmüşdü. Həmin illərdə Azərbaycanın siyasi həyatında qeyri-qanuni silahlı dəstələrdən istifadə olunması adi hal almışdır. Təbii ki, bütün bunlar ölkədə mövcud olan böhranı daha da dərinləşdirmişdi. 1993-cü ilin iyun ayında Azərbaycan vətəndaş müharibəsi həddinə çatmışdı. Belə mürəkkəb və taleyüklü anlarda Azərbaycan xalqı görkəmli dövlət xadimi Heydər Əliyevi ölkə rəhbərliyinə dəvət etdi.

XX əsrin son illəri bəlkə də tariximizin ən gərgin, ən taleyüklü hissəsidir. Tariximizin bu vacib zamanında ən böyük xoşbəxtliyimiz ümummilli liderimiz Heydər Əliyevin yenidən böyük siyasətə qayıdışıdır. 1993-cü ilin iyununda Azərbaycan «olum və ya ölüm»  qarşısında qalmışdı. Məhz o zaman Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtması ilə Naxçıvanda başlamış qurtuluş mübarizəsi özünün yeni - həlledici mərhələsinə qədəm qoydu, bütün Azərbaycanın qurtuluşu başlandı. Özünün vaxtilə qurub yaratdığı Azərbaycanda II dəfə rəhbərliyə gələn müdrik siyasətçi vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Müstəqilliyimizi, dövlətçiliyimizi qorumaq yolunda ümummilli liderimiz Heydər Əliyev cəmiyyətin qarışıq dövründə, düşmən qüvvələrin nisbətən güclü olduğu bir zamanda hər cür çətinliyə sinə gərməyə hazır olduğunu əvvəlcədən bəyan etmişdir: «Əgər kimsə Azərbaycanın dövlətçiliyinə xəyanət edəcəksə, mən son damla qanıma qədər mübarizə aparacağam. Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin keşiyində bir vətəndaş kimi də, bir prezident kimi də durmuşam, duracağam və bu yolda hər dəqiqə, hər gün şəhid olmağa hazıram».

4 iyun hadisələri AXC-Müsavat cütlüyünün yarıtmaz siyasətinin nəticəsi idi. Hakimiyyət daxilində gedən mübarizə nəticəsində hər yerdə özbaşınalıq hökm sürürdü. Nazirlər, bir sıra silahlı birləşmələrin rəhbərləri prezidentə tabe olmurdular. Addımbaşı vətəndaşların hüquq və azadlıqları pozulur, həyatları təhlükədə qalırdı. Cəbhə xəttində isə məğlubiyyət məğlubiyyət dalınca gəlirdi. Silahlı dəstələrin hər biri öz bildiyi kimi vuruşur, vahid komandanlığa tabe olmurdular. Bu isə yeni ərazilərimizin itkisinə, soydaşlarımızın yaralanmasına, ölümünə, öz yurdlarından didərgün düşməsinə səbəb olurdu. Mövcud hakimiyyətə, daha doğrusu, hakimiyyətsizliyə xalqın dözümü qalmamışdır.  Belə bir vaxtda Sürət Hüseynovun tabeçiliyində olan dəstələrin hakimiyyətə tabesizlik göstərməsi, hakimiyyətin uğursuz Gəncə əməliyyatı hadisələri daha da gərginləşdirdi. Əlikram Hümbətovun isə separatizm hərəkətləri vəziyyəti kritikliyin son həddinə gətirdi. Daha doğrusu, vətəndaş müharibəsi artıq başlamışdı.

Ölkədə baş verən qarışıqlıqdan istifadə edən ermənilər yeni əraziləri ələ keçirməyə başladılar.

1993-cü ilin iyun günlərində ölkədə yaranmış durumdan narahatlığını bildirən YAP-nın bir qrup fəalı qərara almışdır ki, Prezident Aparatına müraciət etsinlər. Onlara tezliklə prezident tərəfindən qəbul ediləcəkləri bildirilmişdir. İyun ayının 6-da YAP üzvləri ölkə rəhbərləri ilə görüşmüş, o zamankı iqtidarın çaşqınlıq içərisində olduğunun şahidi olmuşlar.

Bu görüşdən sonra nəhayət, həmin dövrdə iqtidar ölkəni uçuruma apardığını başa düşdü və məcburiyyət qarşısında qalaraq Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevə müraciət etdi. O zaman ziyalılar, xalq başa düşürdü ki, yeganə ümid yolu xalqın müdrik oğlu Heydər Əliyevdir.

Heydər Əliyev Bakıya gələndən sonra Əbülfəz Elçibəylə bir neçə dəfə görüşləri oldu. İyunun 13-də İsa Qənbər istefaya çıxdı. Ulu öndərimiz Heydər Əliyev Gəncəyə gedib vəziyyətlə tanış olandan sonra 15 iyunda Ali Sovetin Sədri seçildi, xalqı bu bəladan qurtardı. İqtidarın xahişi ilə, xalqın tələbi ilə dahi Heydər Əliyev ölkə rəhbərliyinə gəldi və Azərbaycanın yeni tarixində ən faciəli anlardan olan iyun hadisələrini tənzimlədi.

1993-cü ilin son dərəcə ağır günlərində son ümid, son istinadgah Heydər Əliyev idi.  Heydər Əliyev xalqın bu çağırışına biganə qala bilməzdi. O, xalqının böyük oğlu idi.  Məhz, Heydər Əliyevin xilaskarlıq missiyası, xalqına oğulluq borcu, fədakarlığı, sevgisi, müdrikliyi Azərbaycanda vətəndaş müharibəsinin qarşısını aldı.

Bundan dərhal sonra hakimiyyət boşluğu aradan qaldırıldı, separatçı və cinayətkar ünsürlər zərərsizləşdirildi. Milli Ordumuz formalaşmağa başladı, 1994-cü ilin may ayında atəşkəs haqqında razılaşma əldə edildi. Şəhidlər verilmədi, analar göz yaşı tökmədilər.

1993-cü ilin 3 oktyabrında xalqımız Prezident seçkilərində yüksək səs çoxluğu ilə Heydər Əliyevə səs verərək ölkənin taleyini görkəmli dövlət xadiminə etibar etdi. Bu seçimlə müstəqillik yolunda Azərbaycan xalqı keyfiyyətcə yeni dövrə qədəm qoydu. Heydər Əliyev qanunvericilik təşəbbüsü hüququndan istifadə etməklə, bu istiqamətdə əlavə tədbirlərin keçirilməsini təmin etdi, dövlət intizamını möhkəmləndirdi.

1994-cü ilin sentyabrında dünyanın iri neft şirkətləri ilə, əsrin müqaviləsi adlandırılan neft kontraktları imzalandı.

Oktyabr 1994-cü il, mart 1995-ci ildə dövlət çevrilişlərinin qarşısı alındı.

1995-ci ilin noyabr ayının 12-də Müstəqil Respublikamızın ilk Konstitusiyası qəbul olundu. Müstəqillik tariximizdə ilk parlament seçkiləri keçirildi.

Ölkəmizdə tarixi islahatlar aparıldı. Bazar iqtisadiyyatı formalaşmağa başladı. Torpaq və aqrar islahatlar keçirildi, sahibkarlıq inkişaf etdi, bir çox qanunvericilik aktları qəbul edildi.

Gənc Müstəqil Respublikamızın beynəlxalq nüfuzu artmağa başladı.

2001-ci ilin yanvar ayının 17-də Respublikamız Avropa Şurasına tam hüquqlu üzv kimi qəbul edildi. 2001-ci ilin noyabrında Dünya Azərbaycanlılarının I qurultayı keçirildi.

2003-cü il oktyabr ayının 15-də Azərbaycan Respublikası prezident seçkilərində müdrik xalqımız ulu öndərimiz Heydər Əliyevin siyasi kursuna səs verdi, YAP-ın birinci müavini  cənab İlham Əliyev yekdilliklə ölkə rəhbəri seçildi. Ümummilli liderimiz Heydər  Əliyevin qurucusu və memarı olduğu Müstəqil Azərbaycan dövləti elə onun rəhbərliyi ilə qısa zaman kəsiyində bir dünya dövlətinə çevrildi.

15 iyun Azərbaycanın müasir tarixinə Milli Qurtuluş günü kimi daxil oldu. Ölkədə ictimai-siyasi sabitlik yaradıldı, Azərbaycan xalqı xaos və anarxiyadan, dövlətçiliyi itirməkdən, vətəndaş müharibəsi təhlükəsindən xilas oldu, xalqın bütün sağlam və vətənpərvər qüvvələrini səfərbərliyə almaqla demokratik dövlət quruculuğu, iqtisadi inkişaf və tərəqqi yoluna çıxdı.

2020-ci il Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən II Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilmişdir. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdiri, tarixi Zəfər qazanıldı, suverenliyimiz və ərazi bütövlüyümüz bərpa olundu. Qazanılan tarixi Qələbə, Azərbaycanın dünya dövlətləri arasında qabaqcıl yerlərdən birini tutması məhz ulu öndər Heydər Əliyevin misilsiz idarəetmə  məktəbinin bəhrəsidir

Qadir İbrahimov,
YAP Culfa rayon təşkilatının sədri