01 oktyabr 2026 10:37
82

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət ünvanlayıb

Fövqəladə Hallar Nazirliyi elektrikdoldurma qurğularının təhlükəsiz istismarına dair əhaliyə müraciət ünvanlayıb.

“İki sahil” xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, ölkəmizdə son zamanlar elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin genişlənməsi ilə əlaqədar elektrikdoldurma qurğularının sayı da durmadan artır. Lakin nəzərə alınmalıdır ki, elektrikdoldurma qurğularının quraşdırılması və istismarı zamanı müvafiq norma və qaydaların tələblərinə əməl edilməməsi yanğın və digər təhlükəli halların baş verməsinə, nəticədə insanların həyat və sağlamlığına, eləcə də əmlaka zərər dəyməsinə səbəb ola bilər. Belə ki, bu qurğuların quraşdırılması və istismarı zamanı müvafiq norma və qaydaların, o cümlədən yanğın təhlükəsizliyi tələblərinin pozulması avadanlıqların həddindən artıq qızmasına, qısaqapanmaya və nəticədə yanğınların baş verməsinə və ağır fəsadlara gətirib çıxara bilər. Xüsusilə çoxmənzilli yaşayış binalarının yeraltı avtodayanacaqlarında elektrikdoldurma qurğularının müvafiq tələblər və texniki şərtlər nəzərə alınmadan kortəbii şəkildə quraşdırılması, elektrik yüklərinə uyğun olmayan kabel və avadanlıqlardan istifadə edilməsi, kabellərin düzgün çəkilməməsi, eləcə də yanğın təhlükəsizliyi baxımından zəruri mühafizə tədbirlərinin təmin olunmaması yanğın riskini əhəmiyyətli dərəcədə artırır.

Habelə, elektrikdoldurma avadanlıqlarının texniki vəziyyətinə mütəmadi nəzarət edilməməsi, zədələnmiş kabel və avadanlıqlardan istifadə olunması, nasazlıqların vaxtında aradan qaldırılmaması və doldurma prosesinin təhlükəsizlik tələbləri nəzərə alınmadan nəzarətsiz həyata keçirilməsi də yanğın təhlükəsini yaradır.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi elektrikdoldurma qurğularının quraşdırılması və istismarı ilə məşğul olan fiziki və hüquqi şəxslərə, həmçinin elektrik mühərrikli nəqliyyat vasitələrinin sahiblərinə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb.

Belə ki, elektrikdoldurma qurğuları mütləq olaraq “Elektrik qurğularının quraşdırılması Qaydaları”na və enerji təchizatı müəssisəsi tərəfindən təsdiq edilən texniki şərtlərə uyğun quraşdırılmalı, müvafiq təhlükəsizlik tələblərinə ciddi riayət olunmalıdır.

Xüsusilə nəzərə alınmalıdır ki, cihazın, qidalanma kabelinin və ya portun zədələndiyi, yanan izolyasiya qoxusu, tüstü və ya qeyri-adi səs müşahidə olunduğu hallarda elektrikdoldurma qurğusundan istifadə təhlükəlidir. Həmçinin izolyasiyası pozulmuş, ucları açıq cərəyankeçiriciləri olan kabellərdən istifadə etmək, onları gərginlik altında saxlamaq və qidalanma kabelinə calaq etmək yolverilməzdir.