02 oktyabr 2026 21:25
107

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Azərbaycan Turizm Bürosu (ATB) oktyabrın 1-də Avstriyanın Vyana şəhərində keçirilən AVIAREPS Around the World Roadshow - Austria 2026 tədbirində iştirak edib. Tədbirdə Azərbaycan mədəni turizm, İpək Yolu irsi, şəhər turları, macəra və aktiv istirahət imkanları təklif edən turizm istiqaməti kimi təqdim olunub.

“İki sahil” xəbər verir ki, tədbirdə 40-a yaxın səyahət agentləri və turoperatorları iştirak edib. İştirakçılara Azərbaycanın turizm imkanları, o cümlədən Bakı və Şəki şəhərlərinin turizm potensialı, ölkənin İpək Yolu irsi, həmçinin dağ piyada marşrutları və qış turizm imkanları haqqında məlumat verilib.

ATB həmçinin aparıcı səyahət agentləri ilə fərdi görüşlər keçirərək mümkün əməkdaşlıq imkanlarını müzakirə edib, Azərbaycanı Avstriya bazarında daha geniş şəkildə tanıtmaq üçün yeni imkanları nəzərdən keçirib.

Qeyd edək ki, Avstriya bazarından Azərbaycana artan maraq turist səfərlərinin sayında da özünü göstərir. Belə ki, 2026-cı ilin yanvar-avqust aylarında Avstriyadan Azərbaycana gələn ziyarətçilərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5% artıb.