Səhər saatlarından buraya insanlar toplaşıblar və doğrudan da şəhər üçün çox gözəl bir hadisədir.
“İki sahil” xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov III Beynəlxalq Xankəndi Ultramarafonu barədə danışarkən deyib. O xatırladıb ki, beynəlxalq ultramarafon artıq üçüncü ildir keçirilir və bu, ikinci Qəbələ-Xankəndi ultramarafonudur: “Bildiyiniz kimi, keçən il Qəbələ Azərbaycanın idman paytaxtı idi və ona görə də qərar qəbul olundu ki, yarış buradan başlasın. Şəhərdə gözəl şərait, təşkilatçılıq və dəstək var. Bu marafon keçən il də çox uğurlu alınmışdı. Ona görə də qərar qəbul olundu ki, bu dəfə də ənənə davam etdirilsin. Həmin ənənə, gördüyünüz kimi, davam etdirilir”.
E.Məmmədov iştirakçıların sayının ötən illə müqayisədə artdığını qeyd edib: "Artıq bu il 97 iştirakçı starta qoşuldu. Çıxış edən ölkələrin də sayı çoxalıb. Artıq 5 fərqli ölkədən bizim iştirakçılarımız var”.
Nazirlik rəsmisi bildirib ki, ultramarafon bir neçə şəhərdən keçəcək və əsas məqsədlərdən biri bölgələrdə idmanı təbliğ etməkdir.