07 oktyabr 2026 10:00
152

 Zəfər ruhu, vətənpərvərlik, milli birlik, bilikli cəmiyyət: İdeoloji təhlükəsizliyin bel sütunu

Güclü Azərbaycan son zamanlar məkrli xarici dairələrin və bəzi ölkələrin kabusuna çevrilib. Həmin bədnam qüvvələr son illərdə texnoloji yeniliklərin yaratdığı imkanlardan sui-istifadə edərək öz cəfəng iddiaları, əsassız ittihamları ilə ictimaiyyətdə çaşqınlıq, etibarsızlaşdırma, ideoloji təxribat yaratmaq, ictimai rəyi manipulyasiya etmək, cəmiyyətin ən həssas təbəqəsi olan gənclərin beyinlərini zəhərləmək üçün ən çirkin vasitələrə əl atır, necə deyərlər, klassik üsullarına yeni məqamlar əlavə edərək ən iyrənc yalanlarını dövriyəyə buraxır, dezinformasiya yayırlar.

Son dövrlərdə dünya informasiya məkanının texnoloji yeniliklər, geosiyasi rəqabət, xüsusilə süni intellektin, sosial media resurslarının sürətli inkişafı fonunda əsaslı dəyişikliklərə məruz qalması ölkəmizdə bu məsələlərə münasibətdə operativlik və novatorluq tələb edir. 2020-ci ildə Vətən müharibəsində qazandığı tarixi Zəfər ilə ərazi bütövlüyünü, 2023-cü ilin sentyabrında isə suverenliyini tam bərpa edən Azərbaycan dövlətinin qarşısında duran vəzifələrdən biri də informasiya və ideoloji təhlükəısizliyinin təmin edilməsidir.

Cəmiyyətimizin ən dinamik qüvvəsi olan gənclərin düzgün istiqamətləndirilməsi, təhsili, intellektuallığı və milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi dövlətimizin gələcəyini müəyyən edən ən mühüm amildir. Gənclik gələcəyimizdir. Ölkənin gələcəyi, müstəqilliyin qorunması və cəmiyyətin tərəqqisi savadlı, intellektual və vətənpərvər gənclərdən asılıdır. Ancaq yadda saxlamaq lazımdır ki, gənclik böyük bir potensial olmaqla yanaşı, düzgün idarə olunmadıqda sosial risklərə ən tez məruz qala bilən təbəqədir. İnformasiya və ideoloji təhlükəsizliyi, cəmiyyətin yad ideologiyaların təsirindən qorunması ölkəmizin milli təhlükəsizliyinin və gələcək inkişafının əsas şərtlərindən biridir.

Prezident, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyev YAP-ın VIII Qurultayında proqram xarakterli, gələcəyə yönəlmiş yol xəritəsi funksiyasını yerinə yetirən, Azərbaycanın yeni tarixi mərhələsinin əsas hədəflərini, ideologiyasını və gələcək strateji addımlarını bəyan etdiyi çıxışında bildirdi ki, ideoloji təhlükəsizlik fiziki təhlükəsizlik kimi önəmlidir: “Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir. Biz sərhədlərimizi qoruyuruq və bu da vəzifələrdən biridir. Dövlət sərhədlərimizin mühafizəsinə, qorunmasına müasir texnologiyalardan istifadə etməklə nail olmuşuq. Amma ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq. Necə? İlk növbədə, əlbəttə ki, təhsil. Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uymayacaq. İkinci növbədə, vətənpərvərlik. Əminəm ki, biz hamımız, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir. Biz dünyada misli görünməmiş Qələbə qazanmışıq. Özü də yenə də deyirəm, təkbaşına”.

İdeoloji işin əsas mənası, gücü onun təsirli olmasındadır. Azərbaycan reallıqları, ölkəmizin bütün bölgələrində, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan genişmiqyaslı quruculuq işləri, cəmiyyətimizin sosial-iqtisadi və mədəni inkişafının yüksək səviyyəsi ideoloji işə yeni yanaşmanı, onun səmərəliliyinin artırılmasını, üslub və metodlarının təkmilləşdirilməsini şərtləndirir.

 Dövlətimizin başçısının vurğuladığı kimi, burada əsas məqamlardan biri şablonlardan və formal xarakter daşıyan tədbirlərdən imtina edilməsi, müasir, praktiki nəticələrə hesablanmış ideoloji iş metodlarının tətbiqidir. 

Müasir  internet, kiberhücumlar, süni intellekt dünyasında ideoloji təxribatların sərhəd tanımadığı bir dövrdə cəmiyyətin təhsilli, bilikli məlumatlı, savadlı formalaşdırılması, milli-mənəvi dəyərlərin və tarixi yaddaşın qorunması, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi ideoloji işin daha müasir və səmərəli qurulmasının təməl prinsiplərini özündə ehtiva edir. Bütün bu istiqamətlərdə həyata keçirilən genişmiqyaslı tədbirlər ideoloji işin əsas bazasını təşkil edir.

Tarixi Zəfərlə nəticələnən qırx dörd günlük Vətən müharibəsi bir daha göstərdi ki, xalqımız vahid ideya ətrafında birləşdikdə və eyni hədəfə vurduqda bütün dünyanı qarşısına alaraq öz milli maraqlarını gerçəkləşdirmək potansialını realizə edə bilir. Ermənistanın arxasında ATƏT-in Minsk qrupuna üzv ölkələr və digər qüvvələr dayansa da, bu, onları məğlubiyyətdən sığortalaya, Azərbaycanı öz məqsədlərini gerçəkləşdirməkdən çəkindirə bilmədi. Hər kəs bilməlidir ki, Azərbaycana qarşı yönələn istənilən təxribat və zərbə heç vaxt cavabsız qalmayıb, bundan sonra da cavabsız qalmayacaq. Zəfər ruhu, sarsılmaz vətənpərvərlik, milli birlik və həmrəylik Prezident İlham Əliyevin rəhbərliyi ilə xaqlımızı və Vətənimizi qələbədən-qələbəyə aparacaq.

Zahid Rza, “İki sahil”