08 oktyabr 2026 11:00
93

Vüqar Bayramov: Əsas məqsədim gənc voleybolçulara təcrübəmi ötürməkdir

Voleybol sürət, çeviklik, dəqiq texnika və komanda ruhunun vəhdətindən yaranan dinamik idman növlərindən biridir. Meydanda hər bir saniyənin, hər bir düzgün ötürmənin və atılan hər bir addımın oyunun nəticəsinə təsir etdiyi bu idmanda fərdi ustalıq qədər komanda daxilində qarşılıqlı anlaşma və etimad da mühüm rol oynayır. Peşəkar voleybolçu üçün fiziki hazırlıqla yanaşı, yüksək intizam, psixoloji möhkəmlik, səbir və gərgin mübarizə şəraitində düzgün qərar vermək bacarığı da vacib şərtlərdəndir. Bu baxımdan voleybol yalnız fiziki gücü deyil, həm də xarakteri, iradəni və komanda qarşısında məsuliyyəti sınaqdan keçirən idman növüdür.

Azərbaycan voleybolunun inkişafında peşəkar idmançıların təcrübəsi, beynəlxalq arenalarda qazandıqları bilik və onların gənc nəslə örnək olan fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Uzun illərdir peşəkar voleybolun içində olan, karyerasının 11 ilini xarici ölkələrdə keçirən, müxtəlif klublarda çıxış edərək fərqli voleybol məktəblərini yaxından tanıyan Azərbaycan milli komandasının kapitanı Vüqar Bayramov da bu sahədə zəngin təcrübəyə malik idmançılardandır. Hazırda karyerasını Azərbaycanda davam etdirən təcrübəli voleybolçu ilə söhbətimizdə peşəkar idmanın tələbləri, komanda ruhu, böyük yarışların qazandırdığı təcrübə, məşq və taktiki hazırlıq, gənclərin voleybola marağının artırılması və qarşıdakı hədəflər barədə danışdıq.

 

Voleybola gənc yaşlarından başlayan Vüqar Bayramov üçün bu idman növü zamanla sadəcə peşə deyil, həyat tərzinə çevrilib. Onun fikrincə, yüksək səviyyəli idmanda fiziki göstəricilər və texniki bacarıqlarla yanaşı, intizam, psixoloji dayanıqlıq, komanda ruhu və davamlı əmək əsas rol oynayır. Kapitan kimi isə komanda daxilində etimadın və qarşılıqlı hörmətin formalaşdırılmasını xüsusi əhəmiyyətli hesab edir. İslam Həmrəyliyi Oyunlarında ikinci yer, Asiya Klublar Çempionatında “Taraz” komandası ilə dördüncü nəticə də daxil olmaqla, karyerasında bir sıra yaddaqalan uğurlara imza atan Vüqar Bayramov üçün böyük yarışların dəyəri yalnız nəticə və medalla ölçülmür. O, belə turnirlərin idmançıya təcrübə, məsuliyyət və təzyiq altında düzgün qərar vermək bacarığı qazandırdığını düşünür...

Vüqar Bayramovun idman yolunda qazandığı təcrübə, peşəsinə bağlılığı və voleybola olan münasibəti onun bu sahədə formalaşmış mövqeyini aydın şəkildə göstərir. Bütün bunlarla bağlı düşüncələrini öz dilindən dinlədik..

- İlk olaraq sizi tanıyaq...

- Mən Vüqar Bayramov, peşəkar voleybolçuyam. Uzun illərdir ki, həyatım voleybolla bağlıdır. Karyeramın 11 ilini xarici ölkələrdə keçirmişəm, müxtəlif klublarda çıxış etmişəm və fərqli voleybol məktəblərini yaxından tanımaq imkanım olub. Son illərdə isə Azərbaycanda çıxış edirəm.

Voleybola marağım gənc yaşlarımdan yaranıb. Boy göstəricilərim və fiziki imkanlarım bu idman növünə uyğun idi, amma zaman keçdikcə başa düşdüm ki, təkcə fiziki üstünlüklər kifayət etmir. Voleybol mənim üçün sadəcə idman növü deyil, həyat tərzinə çevrildi. Peşəkar səviyyəyə yüksəldikcə qarşıma daha böyük məqsədlər qoydum və bu yol məni həm bir idmançı, həm də bir insan kimi formalaşdırdı.

- Voleybol sürət, çeviklik, texniki hazırlıq və komanda oyununun vəhdətini tələb edir. Sizcə, peşəkar voleybolçunu fərqləndirən əsas xüsusiyyətlər hansılardır?

- Məncə, peşəkar voleybolçunu ilk növbədə intizam fərqləndirir. Yüksək səviyyədə hər kəs müəyyən istedada və texniki bacarıqlara malikdir. Fərqi yaradan isə həmin səviyyəni illərlə qorumaq, hər gün məşq etmək, öz üzərində işləmək və çətin anlarda mübarizəni dayandırmamaqdır. Voleybolda sürət, güc, texnika və oyun düşüncəsi çox vacibdir. Amma psixoloji dayanıqlıq da bunlardan geri qalmır. Xüsusilə vacib oyunlarda təzyiq altında düzgün qərar verə bilmək peşəkar idmançının əsas xüsusiyyətlərindən biridir.

- İdman karyeranızda yaddaşınızda xüsusi iz buraxan hansı oyun və ya yarış olub? Həmin qarşılaşma sizə nə qazandırdı?

- Karyeramda yadda qalan çox oyun və turnir olub. Azərbaycan çempionatları, xaricdə keçirdiyim mövsümlər, beynəlxalq yarışlar mənim üçün xüsusi əhəmiyyət daşıyır. İslam Həmrəyliyi Oyunlarında ikinci yeri tutmağımız və Asiya Klublar Çempionatında “Taraz” komandası ilə dördüncü yerə çıxmağımız yaddaşımda xüsusi iz buraxıb. Belə yarışlar insana yalnız medal və ya nəticə qazandırmır. Böyük təcrübə, fərqli oyun fəlsəfələri, təzyiq altında mübarizə aparmaq və komanda üçün məsuliyyət daşımaq kimi xüsusiyyətlər qazandırır. Məncə, böyük yarışların əsas dəyəri də budur.

- Komanda oyunlarında fərdi bacarıqla yanaşı, qarşılıqlı anlaşma və etimad da böyük əhəmiyyət daşıyır. Komanda daxilində sağlam münasibət və birlik necə formalaşır?

- Komanda daxilində birlik ilk növbədə hörmətdən başlayır. Meydanda hamının xarakteri, düşüncəsi və rolu fərqli ola bilər. Amma hamı bir məqsəd uğrunda mübarizə aparırsa, şəxsi ambisiyaları müəyyən qədər arxa plana keçirməyi bacarmalıdır. Kapitan kimi mənim üçün də komanda daxilində ünsiyyət çox vacibdir. Bəzən oyunçuya sərt söz demək lazım gəlir, bəzən isə yanında olmaq və ona inam vermək. Əsas məsələ odur ki, komanda yoldaşın bilsin: sən onun rəqibi yox, onunla birlikdə eyni məqsəd uğrunda mübarizə aparan insansan. Etimad bir gündə yaranmır, zamanla və davranışla qazanılır.

- Məğlubiyyət peşəkar idmanda qaçılmazdır. Uğursuz oyundan sonra özünüzü toparlamaq və növbəti görüşə köklənmək üçün hansı yanaşmadan istifadə edirsiniz?

- Uzun illər peşəkar idmanda olduqdan sonra həm qələbəni, həm də məğlubiyyəti düzgün qəbul etməyi öyrənirsən. Məğlubiyyətdən sonra emosional olmaq normaldır. Amma həmin emosiyanı özünlə növbəti oyuna aparmaq düzgün deyil. Mən çalışıram oyunu analiz edim: harada səhv etdik, mən özüm nəyi daha yaxşı edə bilərdim və növbəti dəfə nəyi dəyişmək lazımdır? Səhvdən nəticə çıxardıqdan sonra artıq həmin oyunu geridə qoymaq lazımdır. Peşəkar idmançı üçün ən vacib xüsusiyyətlərdən biri yenidən ayağa qalxmağı bacarmaqdır.

- Məşq prosesi voleybolçunun nəticələrinə nə dərəcədə təsir edir? Gündəlik hazırlıq rejiminizdə ən çox nəyə diqqət yetirirsiniz?

- Oyunda gördüyümüz nəticənin böyük hissəsi məşq prosesində görülən işin nəticəsidir. Oyun sadəcə həmin hazırlığın nümayişidir. Mən məşqlərdə fiziki hazırlıqla yanaşı, texnika, sürət, partlayıcı güc və bərpaya xüsusi diqqət yetirirəm. Uzun illər peşəkar idmanla məşğul olduqda bədənini daha yaxşı tanıyırsan. Artıq hansı məşqin sənə nə verdiyini, nə vaxt yükü artırmaq, nə vaxt isə bərpaya üstünlük vermək lazım olduğunu hiss edirsən. Mənim üçün davamlılıq çox vacibdir. Bir gün həddindən artıq məşq etməkdənsə, uzun müddət sistemli şəkildə işləmək daha böyük nəticə verir.

- Müasir voleybolda taktiki hazırlıq və rəqibi düzgün analiz etmək getdikcə daha böyük rol oynayır. Siz oyuna hazırlaşarkən rəqib haqqında hansı məqamları xüsusilə nəzərə alırsınız?

- Bu gün yüksək səviyyəli voleybolda rəqibi analiz etmədən meydana çıxmaq böyük çatışmazlıqdır. Rəqibin servis istiqamətləri, hücumçularının üstünlük verdiyi zonalar, blok sistemi, qəbulda zəif nöqtələri və həlledici anlarda hansı oyunçulara üstünlük verdiyi əvvəlcədən öyrənilir. Amma mənim fikrimcə, rəqibi analiz etməklə yanaşı, öz oyunumuzu da unutmamalıyıq. Bəzən rəqib haqqında həddindən artıq düşünəndə öz güclü tərəflərindən uzaqlaşırsan. Ən yaxşı variant rəqibi tanımaq, amma meydanda öz sisteminə və gücünə inanmaqdır.

- Voleybolda gənc nəslin bu idman növünə marağını artırmaq üçün sizcə hansı addımlar daha vacibdir?

- Gənclərin voleybola marağını artırmaq üçün ilk növbədə uşaqların bu idman növü ilə daha erkən yaşlarda tanış olması vacibdir. Məktəblərdə voleybolun inkişaf etdirilməsi, uşaq akademiyalarının və yarışlarının sayının artırılması böyük rol oynaya bilər. Eyni zamanda, ölkə çempionatının, milli komandanın və voleybolçuların daha çox tanıdılması lazımdır. Uşağın qarşısında nümunə olmalıdır. O, yerli bir voleybolçuya baxıb düşünməlidir ki, “mən də bir gün bu səviyyəyə çata bilərəm”. Bunun üçün idmançılar da öz təcrübələrini gənclərlə bölüşməlidirlər.

- İdmanda nəticə əldə etmək üçün istedad kifayətdirmi, yoxsa intizam, səbir və davamlı əmək daha həlledici amillərdir?

- İstedad başlanğıc üçün böyük üstünlükdür, amma təkbaşına heç vaxt kifayət etmir. Mən illər ərzində çox istedadlı idmançılar görmüşəm. Bəziləri böyük potensiala malik olsa da, intizam və davamlılıq olmadığı üçün istədikləri səviyyəyə çata bilməyiblər. Peşəkar idmanda uzunmüddətli uğurun əsasını intizam, səbir, zəhmət və öz üzərində daim işləmək təşkil edir. İstedad sənə qapını aça bilər, amma həmin qapıdan nə qədər irəli gedəcəyini gündəlik əməyin müəyyən edir.

- Qarşıdakı dövr üçün əsas hədəfləriniz və voleybol karyeranızla bağlı reallaşdırmaq istədiyiniz arzularınız nələrdir?

- Uzun illərdir peşəkar voleyboldayam və bu idman mənə çox şey qazandırıb. Hazırda əsas məqsədim çıxış etdiyim komandada maksimum nəticə göstərmək, qarşıya qoyulan hədəflərə çatmaq və təcrübəmlə komandaya fayda verməkdir. Eyni zamanda, artıq karyeramın gələcək mərhələsini də düşünürəm. İstəyirəm illər ərzində qazandığım beynəlxalq təcrübə yalnız mənimlə qalmasın. Gələcəkdə bunu gənc voleybolçulara ötürmək, Azərbaycan voleybolunun inkişafına öz töhfəmi vermək istəyirəm. Mənim üçün voleybolda qoyacağım iz yalnız qazandığım kubok və medallarla deyil, məndən sonra gələn nəslə nə verə bildiyimlə də ölçüləcək.

 

Söhbətimizin sonunda peşəkar fəaliyyətinizə, milli komandanın kapitanı kimi məsuliyyətli missiyanıza və Azərbaycan voleybolunun inkişafına verdiyiniz töhfələrə görə təşəkkürümüzü bildiririk. Sizə qarşıdakı yarışlarda möhkəm iradə, yüksək əzmkarlıq, yeni uğurlar və komanda olaraq daha böyük qələbələr arzulayırıq. Əminik ki, illər ərzində qazandığınız zəngin təcrübə və peşəkar baxışınız bundan sonra da gənc voleybolçular üçün dəyərli örnək olacaq.

Qoy hər bir oyununuz uğurla nəticələnsin, Azərbaycan bayrağını beynəlxalq arenalarda qürurla dalğalandırmaq sizə və komanda yoldaşlarınıza nəsib olsun. Sizə möhkəm cansağlığı, uzunmüddətli və uğurlu idman karyerası, yeni zirvələr və ən böyük arzularınızın gerçəkləşməsini diləyirik. Azərbaycan voleybolunun inkişafı naminə fəaliyyətinizdə daim uğurlar sizinlə olsun!

Caspianinfo.az