10 oktyabr 2026 10:00
98

Azərbaycanın müdafiə sənayesi: Öz vəsaitimiz, öz gücümüz

Bu gün ölkəmizin müdafiə qüdrətindən danışarkən yalnız ordunun şəxsi heyətinin peşəkarlığını, döyüş hazırlığını və yüksək mənəvi ruhunu deyil, eyni zamanda, ordumuzun güclü maddi-texniki bazasını da nəzərə almaq lazımdır. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlər bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan lazım olan hər şeyi öz vəsaiti hesabına əldə edib. O cümlədən ordunun silah və hərbi texnika ilə təchizatı da məhz ödəniş əsasında həyata keçirilib. Prezidentin sözləri ilə desək: “Nə almışıqsa, pulla almışıq. O cümlədən bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə – son gülləyə qədər”. Dövlətimizin başçısı, həmçinin vurğulayıb ki, alınan silahlara görə Azərbaycana bir manat, bir dollar belə güzəşt edilməyib: “Hətta bəzən dünya qiymətindən bir neçə dəfə baha satıblar. Biz də məcbur olub buna göz yummuşuq”. Şübhəsiz, bu fikirlələrin arxasında Azərbaycanın öz gücünə arxalanaraq dövlət təhlükəsizliyini təmin etmək siyasəti dayanır. Bu fakt həm də Azərbaycanın müstəqil dövlətçilik siyasətinin mühüm xüsusiyyətlərindən biri kimi diqqət çəkir.

Bu prosesdə iqtisadi qüdrətimizin önəmli rol oynaması şəksizdir. Yəni, , Azərbaycanın hərbi qüdrətinin arxasında, ilk növbədə, ölkənin iqtisadi imkanları dayanıb. Bir sözlə, dövlət büdcəsinin imkanlarının genişlənməsi, enerji gəlirlərinin səmərəli idarə olunması, qeyri-neft sektorunun inkişafı və iqtisadi potensialın artırılması ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün real imkanlar yaradıb. Artıq sirr deyil ki,  iqtisadi güc olmadan müasir və güclü ordu qurmaq mümkün deyil. Bu mənada demək olar ki, iqtisadi güc bütün başqa sahələrdəki fəaliyyətlərin, uğurların təməlidir. Bu məqamda Ulu Öndərin bu fikrini də xatırlatmaq yerinə düşər: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”.

Azərbaycanın 2020-ci ilin 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror əməliyyatında əldə etdiyi hərbi nəticələrə də məhz bu kontekstdə yanaşmaq lazımdır. Belə ki, bu uğurlarda ordunun şəxsi heyətinin döyüş ruhu və peşəkarlığı ilə yanaşı, müasir silah sistemləri, hərbi texnika, kəşfiyyat və idarəetmə imkanları da mühüm rol oynayıb. Bu mənada bu nəticələri uzun illər ərzində həyata keçirilmiş hərbi quruculuq siyasətinin nəticələrindən biri kimi qiymətləndirmək olar.

Ermənistana gəldikdə, bu ölkənin baş naziri Nikol Paşinyan etiraf edib ki, ölkəsi uzun illər Azərbaycanla münaqişə fonunda xarici qüvvələr tərəfindən pulsuz silahlandırılıb. Onun sözlərinə görə, Ermənistanın silah arsenalının əhəmiyyətli hissəsi əvvəllər heç bir ödəniş edilmədən, faktiki olaraq hədiyyə kimi əldə olunub.

Yeri gəlmişkən qeyd edək ki, bu gün Azərbaycanın müdafiə sənayesinin inkişaf etdirilməsi də diqqət mərkəzindədir. Bu gün ölkəmiz yalnız xaricdən hərbi məhsullar alan dövlət kimi deyil, müəyyən çeşiddə hərbi təyinatlı məhsullar istehsal edən və onları xarici bazarlara çıxaran ölkə kimi də mövqeyini genişləndirir. Bu gün artıq müəssisələrimizdə dünya bazarında rəqabətədavamlı, mindən artıq çeşiddə müdafiə təyinatlı məhsul – silahlar, sursatlar, insansız sistemlər istehsal olunur. Eyni zamanda, zirehli texnika və aviasiya vasitələrinin əsaslı təmiri, modernləşdirilməsi uğurla yerinə yetirilir. Yeri gəlmişkən, sual oluna bilər: Zəfər qazanmışıqsa, Ermənistan kapitulyasiya aktına imza atıbsa, sərhədlərdə sakitçilikdirsə, sülh müqaviləsi paraflanıbsa bu nə üçün lazımdır? Bu suala çıxışında ətraflı cavab verən Prezident İlham Əliyev bildirib ki, bu, erməni xəyanətkarlığından, nankorluğundan, həmçinin dünyada gedən  müharibələrin çoxalmasından və geniş vüsət almasından irəli gəlir: “...bizim ətrafımızda müharibələr, toqquşmalar davam edir və bu müharibələrin dayandırılması üçün heç bir beynəlxalq mexanizm yoxdur və yəqin ki, olmayacaq. Çünki beynəlxalq hüquq tamamilə sıradan çıxıb. Ona əhəmiyyət verənlərin sayı kəskin azalır. Ona görə biz hər gün hazır olmalıyıq ki, istənilən hərbi təxribata cavab verək”. Prezident, həmçinin bildirib ki, elə güc əldə etməliyik ki, Azərbaycana qarşı hansısa təxribat törətmək heç kimin ağlına belə gəlməsin.  Yeri gəlmişkən qeyd edək ki,  gələn ilin dövlət büdcəsində hərbi və təhlükəsizlik məsələləri yenə də ön plandadır və təqribən 9 milyard manata yaxın vəsait bu məqsədlər üçün nəzərdə tutulur.

Prezidentin çıxışında səslənən digər mühüm məqam isə Azərbaycanın xarici siyasətində müstəqillik prinsipidir. Dövlət başçısı Azərbaycanın xarici siyasətini elə qurduğunu bildirib ki, heç kim ölkənin daxili işlərinə müdaxilə edə bilməsin. Əslində, güclü ordu və müstəqil xarici siyasət bir-birini tamamlayan amillərdir. Dünya təcrübəsi göstərir ki, dövlətin öz təhlükəsizliyini təmin etmək imkanları nə qədər genişdirsə, onun beynəlxalq münasibətlərdə müstəqil qərarlar qəbul etmək imkanları da bir o qədər çox olur.

Qvami Məhəbbətoğlu, “İki sahil”