10 oktyabr 2026 13:07
122

Cənubi Koreyada ticarət mərkəzinin tavanı çöküb – 40-a yaxın zərərçəkən var

Cənubi Koreyanın Tegu şəhərində yerləşən ticarət mərkəzində tavan örtüyünün çökməsi nəticəsində azı 38 nəfər xəsarət alıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Xəsarət alanlardan doqquzu xəstəxanaya yerləşdirilib. Onların əksəriyyəti sıyrıqlar da daxil olmaqla yüngül xəsarətlər alıb.

Oktyabrın 10-da ticarət mərkəzinin dördmərtəbəli binasının ikinci mərtəbəsində təqaüdçülər üçün mətbəx əşyalarının satış kampaniyası keçirilib. Yerli vaxtla saat 10:16 radələrində asma tavan çöküb. Hadisə zamanı ticarət mərkəzində təxminən 66 nəfər olub.

Hadisə yerinə 60 nəfər fövqəladə xidmət əməkdaşı və 14 texnika cəlb edilib. Cənubi Koreya Prezidenti Li Ce Myon xəsarət alanlara yardım göstərilməsi barədə göstəriş verib. Hadisə ilə bağlı araşdırma başlanılıb.