14 yanvar 2017 20:55
286

TAP-ın Yunanıstan hissəsinin tikintisində istifadə ediləcək boruların 60 faizi sahələrə çatdırılıb

“Trans-Adriatik” (TAP) qaz boru kəmərinin Yunanıstan hissəsinin inşasında istifadə olunacaq boruların 60 faizi tikinti sahələrinə çatdırılıb.

Bu barədə AZƏRTAC-a eksklüziv açıqlamasında TAP-ın kommunikasiya rəhbəri Lisa Givert deyib.

“Borular Kavala, Saloniki və Aleksandrupolis limanına gəlməkdə davam edir. TAP-ın 550 kilometrlik Yunanıstan hissəsinin tikintisi üçün lazım olan 32 min borunun təqribən 60 faizi (19 min 200-ü) artıq tikinti sahələrinə gətirilib”, - deyə L.Givert əlavə edib.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazın Avropaya daşınmasını təmin edəcək TAP-ın inşasında ümumilikdə 53 mindən çox borudan istifadə olunacaq. Boru kəmərinin Yunanıstan hissəsində təxminən 32 min, Albaniya hissəsində 13 min, Adriatik dənizi hissəsində 8 min, İtaliya hissəsində isə 660 borudan istifadə ediləcək. Boruların ümumi çəkisi 526 min tondur. Bunun da Albaniya hissəsində 126 min tonu, Yunanıstanda 323 min tonu, dəniz hissəsində 72 min tonu, İtaliyada isə 5 min tonu istifadə olunacaq.

TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur. Boru kəmərinin uzunluğu 871 kilometr (Yunanıstan – 547 kilometr, Albaniya – 211 kilometr, Adriatik dənizi – 105 kilometr, İtaliya – 8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə - 36 düym). 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir. TAP üzrə tələb olunan kapital xərcləri 5 milyard dollardır. Boru kəmərinin 2020-ci ildə istismara verilməsi nəzərdə tutulur.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).