16 yanvar 2017 14:23
247

Neftin qiymətindəki sabitliyə mane olan nədir?

OPEC və digər 11 neft ixrac edən ölkənin hasilatı azaltmaqla bağlı qərarından sonra neftin qiymətindəki qeyri-müəyyənlik yüksəlişlə əvəz olunsa da, qərarın icrasına başlanılması ilə qiymətdə ciddi fərq yaranmayıb.

Belə ki, Rusiyanın energetika naziri Aleksandr Novak  ölkəsinin neft şirkətlərinin hasilatı yanvarda 50 min barrel, martda 200 min barrel, aprel-may aylarında isə 300 min barrel azaldacağını açıqlasa da, yanvarın 6-na olan hesabatda Rusiyanın gündəlik hasilatı artıq 158 min barrel azaltdığı müşahidə edilib.

Səudiyyə Ərəbistanı isə  gündəlik neft hasilatını ən azı 486 min barrel azaldaraq 10,058 milyon  barrelə endirib. Bu isə Səudiyyə Ərəbistanının Vyana sazişində götürdüyü öhdəliyə bərabərdir.  Bu səbəbdən də Səudiyyə Ərəbistanı fevral ayından etibarən Çin başda olmaqla bir sıra Cənubi Asiya ölkələrinə neft satışını azaldacağını bildirib. Xarici mətbuatın məlumatına görə, bu ölkədə yerləşən 2 böyük neftayırma zavodu neft təminatının 30 faiz azaldılacağı barədə məlumatlandırılıb. Həmçinin bu ölkənin dövlət neft şirkəti olan “Saudi Aramco”nun Asiya regionuna neft satışının 18 faizədək azaldılacağı gözlənilir.

Razılaşmanın tətbiqinə başlayanlardan biri də Küveytdir. Küveyt Milli Neft Şirkətinin rəhbəri Camal Cəfər hasilat həcminin sutkada 130 min barrel azaldıldığını bildirib.

Vyanada əldə edilən razılaşmaya əsasən, hasilatı azaldan ölkələr arasında Qazaxıstan da var. Belə ki, bu ölkə  yanvar ayının əvvəlindən gündəlik neft hasilatını 20 min barrel azaldıb.

Bunların fonunda “Brent” markalı neftin bir barreli yanvarın 6-da 57 ABŞ dollarını ötsə də, yanvarın 10-da bu göstərici 53,64 dollar olub. Sonrakı günlərdə “Brent” markalı neftin qiyməti 56 dolları ötsə də, ötən gün 55 dollar səviyyəsinə enib.

Qiymətin kəskin enişinə səbəb kimi, ABŞ-ın Energetika Nazirliyinin Energetika İnformasiyaları İdarəsinin 31 dekabr-6 yanvar hesabat həftəsində Birləşmiş Ştatların  neft ehtiyatlarının 4,1 milyon barrel və ya 0,9 faiz artaraq 483,1 milyon barrelə çatması xəbəri olub. Halbuki analitiklər artımın 1,162 milyon barrel olacağını proqnozlaşdırmışdılar.

ABŞ-da gündəlik neft hasilatı da hesabat həftəsində 2 faiz artaraq gündəlik 8,946 milyon barrelə çatıb. 

Ümumilikdə isə ABŞ-ın neftin qiymətinə təsir etmək istiqamətindəki spekulyativ tədbirləri bunlarla bitmir. Belə ki,  bu ölkə strateji neft ehtiyatlarından 8 milyon barrel neft satmağı planlaşdırıb ki, bununla da  əldə olunan vəsaitin strateji neft anbarlarının və boru kəmərlərinin modernləşdirilməsinə yönəldiləcəyi bəyan olunub. Bu addımın növbəti 4 ildə də davam edəcəyi gözlənilir ki, nəticədə bu, strateji neft ehtiyatlarından 2 milyard dollar həcmində neft satışını nəzərdə tutur. Bununla bərabər, İraq tərəfinin  fevral ayında hasilatı rekord həddə çatdıracağını bəyan etməsi  neft hasilatının azaldılması ilə sabitliyin uzunmüddətli qorunub saxlanılmasına şübhələri artırır.

Ceyhun Piriyev, “İki sahil”