12 oktyabr 2026 21:50
121

Tarixi Zəfər: Şərəfli missiya

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı tarixi çıxışında bir daha bildirdi ki, Azərbaycan xalqı yumruq kimi birləşərək öz haqqını tələb edirdi və Azərbaycan iqtidarı da bu şərəfli missiyanı yerinə yetirdi. Azərbaycan ciddi bir geosiyasi dəyişikliklərə yol açdı. Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyənlər artıq “Qarabağ Azərbaycandır!” deyirlər.

Qırx dörd günlük Vətən müharibəsində Azərbaycan tarixi Qələbə qazandı. 30 illik erməni işğalına son qoyuldu. Tarixi ədalət bərpa olundu, respublikamızın ərazi bütövlüyü təmin edildi. Prezident, Ali Baş Komandan İlham Əliyevin hərtərəfli düşünülmüş daxili və xarici siyasəti, hərbi-siyasi strategi­yası, ordumuzun şücaəti və yüksək peşəkarlığı, xalqımızın milli həmrəyliyi və birliyi sayəsində silahlı qüvvələri darmadağın olan işğalçı ölkə diz çökdü və kapitulyasi­ya aktına imza atdı.

Azərbaycan Vətən müharibəsindəki tarixi Zəfəri ilə yeni reallıqlar yaratdı. Bütün dünyaya gücünü, qüdrətini bir daha nümayiş etdirdi. Bu, belə də olmalı idi. Çünki dövlətimizin başçısı daim vurğulayırdı ki, Azərabycan xalqı heç zaman bu işğalla barışmayacaq və öz tarixi torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Mənfur düşmən üzərində tam qələbə qazanana qədər mücadilə edəcək.

 2020-ci il noyabrın 8-də, Qarabağın tacı Şuşanın işğaldan azad edildiyi gün Prezident İlham Əliyev və Azərbaycanın birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyaba­nında olarkən ölkəmizin başçısı bildirdi ki, ölkə daxilindəki həmrəyliyimiz, milli birliyimiz mənfur düşməni və onun havadarlarını xar etdi. Bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirə bilmədi. Azərbaycan bu bu Zəfəri böyük güclərin müqaviməti fonunda əldə etdi. Hamımız yaxşı bilirik ki, 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun əsas məqsədi Azərbaycanın ərazi bütövlüyünün bərpasına kömək göstərmək yox, münaqişəni dondurmaq idi. İkinci Qarabağ müharibəsi başlanan gündən düz qırx dörd gün ərzində istər açıq müstəvidə, istərsə də bağlı qapılar arxasında Bakıya qarşı böyük təzyiqlər göstərildi, hədə-qorxular səsləndirildi. Ancaq heç kim Azərbaycanı yolundan döndərə bilmədi.

Prezident İlhma Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı proqram xarakterli, gələcəyə yönəlmiş siyasi-strateji çərçivə təqdim edən, eyni zamanda, milli təhlükəsizlik və inkişaf strategiysısının başlıca konturlarını müəyyənləşdirən tarixi çıxışında bildirdi ki, Azərbaycan özü təkbaşına işğala son qoyaraq bölgədə yeni reallıqlar yaradıb. İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir: “Azərbaycan özü təkbaşına həm işğala son qoymuşdur, eyni zamanda, bölgədə yeni reallıqlar yaratmışdır. O vaxtdan - İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir. Halbuki bu, asan başa gəlmədi. Bu illər ərzində çox ciddi müqavimətlə üzləşmişdik. Azərbaycana qarşı istiqamətlənmiş yalan, iftira ilə dolu kampaniyalarla üzləşmişdik. Bizə qarşı sanksiyaların tətbiq edilməsi məsələsini bəzi ölkələr ciddi müzakirə edirdi. Ancaq bizim qətiyyətimiz, dönməz fəaliyyətimiz, siyasi addımlarımız və ilk növbədə, Azərbaycan xalqının vahid mövqedə olması bütün bu bəd niyyətləri alt-üst etmişdir. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. 8 Noyabr bizim əbədi bayramımız olacaq. Eyni əhəmiyyəti 20 Sentyabr da daşıyır. Çünki məhz 2023-cü il sentyabrın 20-də Azərbaycan separatizmə son qoydu, işğala son qoydu, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq”.

Qırx dörd günlük müharibədəki tarixi Qələbədən sonra dövlətimizin əsas fəaliyyəti ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirildi. Bir gün belə ara verilmədi, Ali Baş Komandanımızın rəhbərliyi ilə bu şərəfli missiyanın həyata keçirilməsində bir gün də istirahət edilmədi. Nəticə etibarilə İkinci Qarabağ müharibəsindən antiterror əməliyyatına qədər olan dövr ərzində Azərbaycan dövləti bir neçə cəbhədə fəaliyyət göstərdi. Azərbaycanın tam suverenliyinin bərpası 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri ilə təmin edildi. 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilən antiterror tədbirləri Azərbaycanın müasir tarixinə suverenliyin tam bərpası günü kimi həkk olundu. Cəmi 23 saat 43 dəqiqə davam edən bu əməliyyat ölkənin bütün ərazilərində separatizmin kökünü kəsdi və konstitusiya quruluşunu təmin etdi. Ermənistan silahlı qüvvələrinin qalıqları və qanunsuz erməni silahlı dəstələri silahı yerə qoydu, mövqelərdən çıxdı və tamamilə tərksilah olundu. Qarabağda fəaliyyət göstərən qondarma rejimin özünü buraxdığını elan etməsi ilə regionda separatizmə birdəfəlik son qoyuldu. Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəran şəhərlərində Azərbaycan Respublikasının dövlət Bayrağı ucaldıldı və dövlət orqanlarının fəaliyyəti bərpa edildi.

Azərbaycanın regionda maraqları olan bəzi Qərb dövlətlərinin və beynəlxalq koalisiyaların siyasi, diplomatik təzyiqlərinə və sanksiya təhdidlərinə baxmayaraq, öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi dövlətimizin həm hərbi, həm də diplomatik müstəvidə böyük güclərin geosiyasi planlarını və müqavimətini dəf etməsinin bariz nümunəsi kimi qiymətləndirilir.

Prezident İlham Əliyev qurultaydakı çıxışında əldə edilən nəticələri yalnız keçmişin yekunu kimi deyil, ölkəmizin gələcək inkişafı və milli təhlükəsizliyi üçün yeni başlanğıc nöqtəsi kimi təqdim etdi. Dövlətimiizn başçıs vurğuladı ki, Vətən müharibəsindəki tarixi Zəfərimiz təkcə xalqımız üçün, dövlətimiz üçün deyil, bütün dünya üçün böyük önəm daşıyır. Çünki ilk növbədə yeni bir presedent yaranıb. Digər tərəfdən Azərbaycan bu qələbələri böyük güclərin müqaviməti fonunda əldə edib: “Azərbaycan xalqı yumruq kimi birləşərək öz haqqını tələb edirdi və Azərbaycan iqtidarı da bu şərəfli missiyanı yerinə yetirdi. Azərbaycan ciddi bir geosiyasi dəyişikliklərə yol açdı. Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyənlər artıq “Qarabağ Azərbaycandır!” deyirlər”.

İndi Qarabağ və Şərqi Zəngəzur sürətlə bərpa olunur və işğaldan azad edilmiş ərazilərimizdə kompleks yenidənqurma işləri aparılır. Bu istiqamətdə qısa müddətdə əldə edilən uğurlar bir daha təsdiq edir ki, Qarabağ tezliklə öz əvvəlki şöhrətini özünə qaytaracaq və cənnətə çevriləcək.

Zahid Rza, “İki sahil”